İşğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı hərbi sursatlarla bağlı təhlükənin aradan qaldırılması üçün ərazilərdə müvafiq təmizləmə işləri aparılmaqla yanaşı, əhalinin maarifləndirilməsi də həyata keçirilir. Bununla əlaqədar olaraq, növbəti tədbir Zəngilanın Məmmədbəyli və Xocalının Xanabad kəndlərinə köçürülən ailələr arasında keçirilib.
Bu barədə Hafta.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Dövlət Komitəsində keçirilən tədbirdə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri və vahid aylıq müavinətin daimi yaşayış yerinə geri qayıtmış şəxslərin üç il müddəti başa çatdıqdan sonra dayandırılacağı və mina təhlükəsi haqqında hazırlanmış videoçarxlar məcburi köçkünlər üçün nümayiş etdirilib. Qeyd edilən videoçarxlar, mediada mütəmadi olaraq yayımlanır.
Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Dövlət Komitəsi tədbirlər planına uyğun olaraq aidiyyəti şöbə, yerli nümayəndəliklər və Mənzil-Kommunal İstismar Sahələri tərəfindən məcburi köçkünlərlə mütəmadi olaraq qanunvericiliyin tələbləri barədə maarifləndirici görüşlər keçirilir, sosial müdafiə tədbirlərinə dair məlumat kitabçaları və broşürlər hazırlanaraq məcburi köçkünlərə təqdim olunur, videoçarxlar çəkilir.