Pakistanın Peşəvər şəhərində terrorçu kamikadze federal polisin qərargahına hücum edib.
Bu barədə "Dawn" qəzeti mənbələrə istinadən xəbər yayıb.
Polis bildirib ki, bazar ertəsi səhər Peşəvərin Sədar bölgəsindəki Federal Polis İdarəsinin qərargahına hücum edən üç terrorçu öldürülüb.
"Əvvəlcə üç yaraqlı qərargaha hücum etməyə çalışıb. Bir kamikadze özünü darvazada partladıb, digər ikisi isə binaya girməyə çalışıb, lakin polis əməkdaşları tərəfindən güllələnib", - deyə Peşəvər Polis İdarəsinin əməkdaşı Mian Səid Əhməd bildirib.

Təhlükəsizlik mənbələrinə görə, hücum səhər saat 8-də baş verib. Onlar bildiriblər ki, xəvariclər əvvəlcə polis qərargahının darvazasına hücum ediblər. Kamikadze partlayışından sonra xəvariclər binaya girməyə çalışıblar, lakin öldürülüblər. Onlar əlavə ediblər ki, hadisədə üç polis həlak olub, daha iki nəfər yaralanıb.