BAKI, 23 noyabr. TELEQRAF
“Sabah” klubu ev oyunlarını keçirdiyi “Bank Respublika Arena”da azarkeşlərin su və qida gətirməsinə qoyulan qadağaya aydınlıq gətirib.
Bu barədə Teleqraf-ın sorğusuna Masazır təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov cavab verib.
“Stadiona kənardan qida məhsullarının buraxılmaması yeni qərar deyil. Bu qaydalar bir neçə ildir ki, avrokuboklarda tətbiq olunan standartlara uyğun şəkildə həm ölkə çempionatında, həm də digər rəsmi oyunlarda qüvvədədir. Bu barədə rəsmi sosial şəbəkə səhifələrimiz vasitəsilə dəfələrlə məlumat paylaşmışıq və oyunlara mütəmadi gələn azarkeşlər qaydalarla tanışdırlar. Oxşar tələblər bir çox ölkələrin stadionlarında da mövcuddur.
Eyni zamanda qeyd edək ki, stadionun daxilində su və bəzi qida məhsullarının satışı təmin olunur. İsti havalarda isə azarkeşlərin rahatlığı üçün stadion ərazisində pulsuz su paylanması təşkil edilir”, - deyə Həmidov bildirib.