EN

YAP-ın 33 illik yolu: xilas, inkişaf, Zəfər tarixi - Şərh

 “Bu gün Azərbaycan siyasi tarixinin ən əhəmiyyətli səhifələrindən birini yazan Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasından 33 il ötür. Bu 33 il təkcə bir siyasi təşkilatın fəaliyyəti deyil, Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi, milli qurtuluşun, dirçəlişin və davamlı inkişafın ideoloji dayağıdır”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.
YAP-ın yaranmasını zəruri edən amillər barədə mövqeyini açıqlayan deputat bildirib ki, 1990-cı illərin əvvəlləri müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan üçün son dərəcə çətin, taleyüklü dövr idi. “Ölkədə  siyasi xaos hökm sürürdü, hakimiyyət böhranı  hər ötən gün dərinləşirdi, iqtisadi sistem çökmüş vəziyyətdə idi, torpaqların işğalı sürətlənirdi, vətəndaş müharibəsi təhlükəsi real xarakter almışdı.  Belə bir vəziyyətdə xalqın  yeganə ümid yeri siyasi müdriklik simvolu olan Ulu öndər Heydər Əliyevə müraciəti və Naxçıvandan yüksələn “Xilas çağırışı” Yeni Azərbaycan Partiyasının yaranmasını zəruri etdi. 1992-ci ilin 21 noyabrında yaradılan YAP Azərbaycan dövlətçiliyinin xilası missiyasını üzərinə götürdü”, - o vurğulayıb.

Deputat əlavə edib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanı xaosdan xilas oldu:

“1993-cü ildə ölkənin parçalanma təhlükəsi ən yüksək həddə çatdığı anda xalq Heydər Əliyevi yenidən hakimiyyətə çağırdı. Ulu Öndərin qətiyyəti sayəsində Azərbaycanda vətəndaş müharibəsinin qarşısı alındı, dövlət çevrilişi cəhdləri neytrallaşdırıldı, siyasi sabitlik təmin edildi, hüquqi dövlət quruculuğu prosesinə start verildi, iqtisadi islahatlar mərhələsi başlandı. Azərbaycan qısa zamanda dağıntıdan dirçəlişə doğru dönüş etdi”.
 Deputat qeyd edib ki, Ulu öndərin uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycan yenidən dünyada nüfuzunu bərpa etməyə başladı.

“Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi uzunmüddətli inkişaf konsepsiyası sayəsində Azərbaycan iqtisadi cəhətdən regionun lider dövlətinə çevrildi, strateji enerji layihələri olan Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum kimi qlobal layihələri reallaşdırıldı, siyasi baxımdan beynəlxalq arenada etibarlı tərəfdaş statusunu qazandı, dövlətçilik təsisatları formalaşdı və gücləndi.

Bu strategiya ölkəni sabitlik, təhlükəsizlik və davamlı inkişaf yoluna çıxardı.
2003-cü ildən başlayaraq Prezident İlham Əliyev Heydər Əliyev siyasətini yeni dövrün çağırışlarına uyğun modernləşdirərək Azərbaycanı sürətli iqtisadi yüksəliş mərhələsinə, qlobal təşəbbüslərin müəllifinə, regionun hərbi-siyasi liderinə, qlobal enerji və nəqliyyat mərkəzinə çevirdi.

Ulu Öndər irsinin  layiqli davamçısı cənab Prezident İlham Əliyevin liderliyi altında  Azərbaycan  yeni inkişaf və Zəfər dövrünə qədəm qoydu. Bu dövrün ən parlaq səhifəsi isə 2020-ci ildə əldə edilən tarixi Zəfər, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası oldu. Prezident İlham Əliyevin müdrik, qətiyyətli liderliyi Azərbaycanı qalib ölkəyə çevirdi. Prezident İlham Əliyevin  liderliyi altında Azərbaycan davamlı qələbələrə, uğurlara  imza atmaqla “Güclü dövlət, güclü gələcək"  hərəflərinə nail olmaqdır.

Məhz bu hədəflərə uyğun olaraq  Azərbaycan bu gün  postmüharibə dövrünün bərpa və quruculuq işlərini aparır, regionda yeni geosiyasi reallığın formalaşdırılmasında aparıcı rol oynayır, iqtisadiyyatını şaxələndirir, beynəlxalq müstəvidə nüfuzunu daha da artırır.
Bütün bu nailiyyətlər müasir Azərbaycanın milli inkişaf kursunun uğurla davam etdiyini sübut edir.

Təbii ki, bu proseslərdə YAP cənab Prezidentin yürütdüyü siyasətin uğurla həyata keçməsi üçün bütün imkanlarını səfərbər edir.  Məhz bunun nəticəsi olaraq Yeni Azərbaycan Partiyası son 33 ildə dövlətçiliyin ideoloji dayağına, siyasi sabitliyin təminatçısına, islahatların, inkişafın və modernləşmənin aparıcı qüvvəsinə, xalq-iqtidar birliyinin rəmzinə çevrilib.

YAP təkcə bir siyasi partiya deyil, milli dövlətçilik fəlsəfəsinin daşıyıcısıdır.
Yeni Azərbaycan Partiyasının 33 illik yolu – xilas, sabitlik, inkişaf, yüksəliş və Zəfər tarixidir. Bu gün YAP Heydər Əliyevin yaratdığı, Prezident İlham Əliyevin isə daha da gücləndirdiyi müasir Azərbaycan dövlətinin siyasi dayağı olaraq ölkəmizi gələcək qələbələrə aparmaqda davam edir”.

Mürtəza

Chosen
63
2
olke.az

3Sources