EN

Lənkəranda qədim meşə qalıqları üzə çıxıb - FOTO

Lənkəran rayonunun Kənarmeşə kəndi ərazisində Xəzər dənizinin səviyyəsinin geri çəkilməsi nəticəsində illərdir suyun altında qalmış qədim meşə qalıqları üzə çıxıb.

"Cebheinfo.az" xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, suyun sahildən çəkilməsi səbəbindən dənizin içərisində qayalıq kimi görünən çıxıntıların əslində nəhəng palıd ağaclarının kökləri olduğu məlum olub.

Yerli sakinlər bu ərazilərdə bir vaxtlar geniş palıd meşələrinin mövcud olduğunu, kəndin Kənarmeşə adının da məhz həmin meşə zolağından qaynaqlandığını bildirirlər. Sahildə üzə çıxan kök qalıqlarının diametri isə 3-4 metrə çatır.

Mütəxəssislər hesab edirlər ki, bu köklər yüz illər yaşı olan iri palıd ağaclarına məxsusdur və uzun müddət Xəzərin duzlu suyunda qalmalarına baxmayaraq, tam çürüməmələri onların möhkəm strukturundan xəbər verir.

Suyun daha da çəkilməsi nəticəsində bəzi yerlərdə qırılmış iri gövdə parçaları da üzə çıxıb. Müşahidələr göstərir ki, əsrlər boyu sahilə doğru irəliləyən Xəzər bu gün artıq geri çəkilir və bir zamanlar mövcud olmuş qədim meşə zolağının izləri tədricən yenidən görünməyə başlayır.

"Cebheinfo.az"

Chosen
79
cebheinfo.az

1Sources