EN

4 nəfər həyatını itirdi, məsuliyyəti kimdədir? – Cavabsız qalan suallar » AzadMedia.az


Bu gün paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verən dəhşətli faciə sıradan bir xəbər deyil. 4 ailənin ocağı sönüb, 4 insanın həyatı yarımçıq qalıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Binəqədi şosesində yerləşən “White Palace Hall” şadlıq sarayının yaxınlığında dörd əməkdaş yüksək gərginlikli xəttdə baş vermiş qəzadan, yəni cərəyan vurmasından həlak olub.

Hadisənin ilkin səbəbləri barədə yayılan açıqlama isə yeni suallar doğurur və ictimai qəzəbi haqlı olaraq artırır.

“Azərişıq” ASC-nin sorğuya cavabında bildirilir ki, faciənin baş verdiyi 35 kV-luq yüksək gərginlikli xətt 2007-ci ildə istifadəyə verilib və özəl şirkətə məxsus olduğu üçün qurumun balansında deyil. Bu, əslində, məsuliyyəti öz üzərindən atmaq cəhdidirmi?

Balansda deyil – nə deməkdir?

Əgər həmin xətt Azərişığın balansında deyildisə kim onun təhlükəsizlik standartlarına cavab verdiyini yoxlamalı idi?
Həmin xətdə profilaktik və texniki baxışı kim aparıb – yoxsa heç kim?

2007-ci ildən bu günə qədər onun istismarına kim nəzarət edib?

Bu suallar cavab tələb edir, çünki məsələ sırf texniki deyil, bu, insanların həyatına başa gələn bir səhlənkarlığın nəticəsidir.

Dörd insan niyə qorunmadı?

Hanı belə bir yüksəkgərginlikli xətdə çalışan işçilərin təhlükəsizlik təlimatları,fərdi mühafizə vasitələri, riskli sahələrə buraxılma prosedurları?
Əgər var idisə, niyə nəticə belə oldu? Yox idisə, bu, artıq təkcə səhlənkarlıq deyil, cinayətdir.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerindədir. Lakin təcrübə göstərir ki, belə hallarda çox zaman məsuliyyət aşağı ranqlı texniki işçilərin boynuna qoyulur, əsas zəncirin arxasında dayananların adı isə hallanmır.

Bu dəfə belə olmamalıdır.

Dörd insanın həyatı quru açıqlama mövzusu deyil, cavab tələb edən faktlardır. Ona görə də hadisə baş verən xəttin sahibi olan özəl şirkətin adı açıqlanmalıdır.

Texniki istismar və nəzarət sənədləri ictimaiyyətə təqdim edilməlidir.

Azərişıq da, xəttə sahib şirkət də bu faciədə öz məsuliyyət payını izah etməlidir.

Qurbanların ailələri obyektiv istintaq və ədalətli cəza tələb etməkdə tam haqlıdır.
Cavab verən olacaqmı? Məsələ budur.

Bu faciə cəmiyyətin üzünə bir daha göstərdi ki, təhlükəsizlik qaydaları çox vaxt kağız üzərində qalır, nəzarət isə “balansda deyil” kimi formal bəhanələrlə aradan çıxarılır.

Amma dörd canın itkisi "balansdan kənar" deyil, bu, birbaşa insan həyatına biganəliyin nəticəsidir.

İctimaiyyətin, medianın və hüquq-mühafizə orqanlarının birlikdə təzyiqi ilə bu dəfə məsul şəxs(lər) həqiqətən ortaya çıxacaqmı?

Bu sual hələ də açıq qalır. Gözləyək.
Chosen
20
1
azadmedia.az

2Sources