EN

Abidələrin pasportlaşdırılması istiqamətində işlər mərhələli şəkildə davam etdiriləcək - AÇIQLAMA

Naxçıvan, 21 noyabr, AZƏRTAC

Dövlət proqramı çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişi ilə “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu MMC-nin əməkdaşları Naxçıvan Muxtar Respublikası ərazisində 50 abidənin pasportunu hazırlayırlar. Bu abidələr Kəngərli, Ordubad və Culfa rayonlarında yerləşən tarix-mədəniyyət nümunələrini əhatə edir.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu MMC-nin böyük mütəxəssisi-memarı Sevil Əmiraslanova deyib.

O qeyd edib ki, eyni zamanda, Naxçıvan şəhərində də 18 abidənin pasportu hazırlanacaq. Bu abidələrə Möminə Xatun türbəsi, Yusif Küseyir oğlu türbəsi, Cümə məscidi, İmamzadə kompleksi, Buzxana və digər tarixi abidələr daxildir.

Sevil Əmiraslanovanın sözlərinə görə, 2005-ci ildə abidələrin pasportlaşdırılması üzrə nümunə təsdiq edilib və yeni pasportlarda abidələr haqqında daha ətraflı məlumatların toplanması nəzərdə tutulur: “Hazırda Möminə Xatun türbəsində ölçü-planlama işləri aparılır. Pasportlaşdırma zamanı abidənin ölçü göstəriciləri, tarixi haqqında məlumat, memarlıq təhlili, arxiv materialları, müxtəlif dövrlərdə aparılmış dəyişikliklər, texniki müayinə və vizual baxış aktları hazırlanır. Abidənin mövcud vəziyyəti qiymətləndirilir və qüsurların aradan qaldırılması ilə bağlı təkliflər irəli sürülür. Eyni zamanda ədəbiyyat siyahısı və mühafizə zonası barədə qeydlər pasporta daxil edilir. Abidənin qeydiyyat vərəqi də tərtib olunur və pasportlaşdırma prosesindən sonra obyektə dair gələcək bərpa, müayinə və ölçü işləri ilə bağlı bütün məlumatlar həmin vərəqdə öz əksini tapır”.

Sevil Əmiraslanova qeyd edib ki, gələcəkdə Naxçıvan Muxtar Respublikası ilə yanaşı, Azərbaycanın digər bölgələrində də abidələrin pasportlaşdırılması istiqamətində işlər mərhələli şəkildə davam etdiriləcək və bütün abidələr dövlət qeydiyyatına alınacaq.

 

Chosen
50
2
azertag.az

3Sources