Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı Rusiyanın mövqeyi açıq və ardıcıldır. Rusiyanın səyləri Cənubi Qafqaz regionunda davamlı sülh və rifahın əldə edilməsinə yönəlib.
Musavat.com xəbər verir ki, bunu bu gün Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"Aydındır ki, üçtərəfli sazişlər bu gün də aktuallığını qoruyur. Əksinə, onlar Bakı və İrəvan arasında sülh prosesi üçün yol xəritəsini formalaşdırmaqda davam edirlər. Biz də öz növbəmizdə tərəfdaşlarımıza Cənubi Qafqaz ölkələrinin və onların qonşularının maraqları naminə qarşılıqlı məqbul həllə nail olmaq üçün tələb etdikləri yardımı davam etdirməyə hazırıq", - Zaxarova əlavə edib.
O qeyd edib ki, Moskva İrəvan və Bakının “3+3” formatında növbəti görüşün təşkili ilə bağlı tezliklə razılığa gəlməsini gözləyir. Zaxarova növbəti görüşün Bakıda və ya İrəvanda keçirilməli olduğunu da vurğulayıb.
"Biz öz növbəmizdə həmkarlarımızın birgə qərarını dəstəkləyəcəyik. Bu il Azərbaycan və Ermənistan tərəfləri Əbu-Dabi, Vaşinqton və Düşənbədə dəfələrlə görüşüblər. Ümid edirik ki, bu cür birbaşa təmaslar bu problemin həllinə kömək edəcək", - Zaxarova qeyd edib.
Musavat.com