Bakı, 20 noyabr, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası İtaliya tərəfindən təqdim olunmuş, Milan və Kortina-d’Ampetsoda keçiriləcək növbəti Qış Olimpiya Oyunları zamanı Olimpiya atəşkəsi ilə bağlı qətnamə qəbul edib. AZƏRTAC xəbər verir ki, RBK bu barədə ANSA agentliyinə istinadla məlumat yayıb.
2026-cı il Olimpiya Oyunları Təşkilat Komitəsinin prezidenti Covanni Malaqo qətnaməni təqdim edərkən bildirib: “Artan fikir ayrılıqları və münaqişələr dövründə idman və Olimpiya Oyunları ümid işığı ola, habelə rəqabət və ziddiyyətlərə alternativə çevrilə bilər.”
Olimpiya Oyunları 2026-cı il fevralın 6-dan 22-dək Milan və Kortina-d’Ampetso şəhərlərində keçiriləcək.
Beynəlxalq Olimpiya Komitəsi sentyabrın 19-da bildirib ki, rusiyalı idmançılar Paris Olimpiadasındakı şərtlər altında 2026-cı il Oyunlarında iştirak edə biləcəklər. Bunun üçün idmançılar seçmə mərhələsini keçməli və xüsusi komissiyadan icazə almalıdırlar.
Olimpiya atəşkəsi ənənəsi qədim Yunanıstanda “ekexeriya” adı ilə tanınırdı və e.ə. VIII əsrdə yaranaraq Olimpiya Oyunlarının keçirilməsinin müqəddəs prinsipi hesab olunurdu. 1992-ci ildə Beynəlxalq Olimpiya Komitəsi bu ənənəni dirçəldərək bütün dövlətlərə olimpiya atəşkəsinə riayət etmələri üçün çağırış edib.
BMT Baş Assambleyasının qətnaməni qəbul etməsi idmanın və Olimpiya Oyunlarının sülhün möhkəmləndirilməsi və dövlətlər arasında dialoqun təşviqi vasitəsi kimi istifadəsi ideyasına beynəlxalq dəstəyin təsdiqi deməkdir.