EN

"Qəzet çıxarırsınız, dərmanların içliyində bu qədər izahat olar?"

“Seçicilərim mənə dərmanların içlik vərəqini verirlər, uzun olduğunu deyirlər. Qəzet çıxarırsınız? Bu qədər izahat olar? Biz hamımız bilirik ki, aptekdən dərman alanda əczaçıya deyirik ki, onun üstünə yaz bunu neçə dəfə qəbul edəcəm"

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun və İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı deputat Səyyad Salahlı deyib.

Deputat dərmanın içlik vərəqinin və oradakı yazılanların çox olmasına etirazını bildirib: "Dərmanla bağlı görün nələr yazılır, bunu o xəstə oxuyandır? Bunun əsəbləri onsuz da korlanıb, çoxu da yaşlı adamlardır”.

Spiker Sahibə Qafarova deputatın fikirlərinə cavab olaraq bildirib: “Səyyad müəllim, az yazılsa, deyəcəksiniz ki, niyə o söz yazılmayıb. Dünyada qəbul edilmiş praktika var ki, dərman vasitəsilə bağlı mütləq qutunun içində izahat olur. Başqa cür də ola bilməz".

Səyyad Salahlı isə qeyd edib ki, fikirləri özü deyil, camaat bildirir: “Bunları mənə camaat deyir. Bu mütəxəssislər, həkimlər üçündür ki, istiqamət götürüb xəstəyə yol göstərsinlər. Bunlar xəstəyə lazım deyil, heç kim oxumur. Camaat bunu oxuyanda başa düşməlidir, xalq dilində olmalıdır. Əgər sən bunu dərman qutusunun içinə qoyub xəstəyə satırsansa, onun başa düşə biləcəyi dildə yazmalısan”.

Spiker vurğulayıb ki, həkimlər hər bir dərman vasitəsilə bağlı xəstəni məlumatlandırır: “Deyirsiniz ki, gərək xalqın dilində olsun. Həkim xəstəyə başa salır ki, dərmanı bir dəfə və ya iki dəfə iç”.

Chosen
48
4
teleqraf.com

6Sources