Avropa İttifaqı Ukrayna üzrə yeni sülh planının hazırlanmasında iştirak etməyib.
Musavat.com xəbər verir ki, bu barədə Aİ xarici siyasət rəhbəri Kaya Kallas Brüsseldə xarici işlər nazirlərinin toplantısı öncəsi açıqlama verib.
Kallas bildirib ki, Avropa uzun müddətdir “ədalətli və davamlı sülh” ideyasını müdafiə edir və bu məqsədə yönəlmiş bütün səyləri alqışlayır. Lakin o vurğulayıb ki, hər hansı real və işlək sülh mexanizminin formalaşdırılması üçün Ukraynanın və Avropanın birbaşa iştirakı mütləqdir:
“Biz, avropalılar, həmişə ədalətli və davamlı sülhü müdafiə etmişik. Lakin istənilən planın işləməsi üçün onun hazırlanmasında həm Ukrayna, həm də Avropa iştirak etməlidir. Avropa İttifaqı bu planın hazırlanmasında iştirak etməyib".
Kallas əlavə edib ki, tərəflər Brüsseldə keçirilən görüşdə Ukraynaya dair son məlumatları və diplomatik səyləri geniş şəkildə müzakirə edəcəklər.
Musavat.com