EN

Beynəlxalq Simpoziumda Azərbaycan multikulturalizmi modelindən danışılıb

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Layihələr şöbəsinin müdiri dosent İrina Kunina “Beynəlxalq sülh və təhlükəsizliyin dəstəklənməsində BMT-nin Sivilizasiyalar Alyansının rolunun aktivləşdirilməsi” mövzusunda Tunis Beynəlxalq Simpoziumunda iştirak edib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, Simpoziumda dosent İrina Kunina “Azərbaycan modeli və sivilizasiyaların dialoqu” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə diqqətə çatdırılıb ki, Azərbaycanın multikulturalizm modeli multikultural dəyərlər, dini dözümlülük və sivilizasiyalararası dialoqun qorunması baxımından dünyada nümunəvi təcrübə kimi qəbul olunur. Azərbaycan tarixi boyunca müxtəlif etnik və dini icmaların sülh və qarşılıqlı hörmət şəraitində birgəyaşayış mədəniyyətini formalaşdırıb və bu ənənə bu gün dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir.

Məruzəçi vurğulayıb ki, Azərbaycan multikulturalizmi yalnız nəzəri deyil, həm də praktik nəticələrə əsaslanan, institusional mexanizmlərlə təmin edilmiş davamlı bir modeldir. Ölkədə müxtəlif dinlərin ibadət yerlərinin qorunması, milli-mədəni irsin bərpası, dini zəmində ayrı-seçkiliyə yol verilməməsi və müxtəlif icmaların dövlət tərəfindən dəstəklənməsi bu modelin əsas elementlərindəndir.

O BBMM-in fəaliyyətindən də bəhs edib.  Bildirib ki, Mərkəz tərəfindən həyata keçirilən müxtəlif beynəlxalq layihələr, o cümlədən xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi, gənclər üçün dialoq təşəbbüsləri, dini-etnik icmaların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlər sivilizasiyalararası dialoqun institusional əsaslarının möhkəmləndirilməsinə mühüm töhfə verir.

Qeyd edək ki, tədbir İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən Xarici İşlər, Miqrasiya və Xaricdə Yaşayan Tunislilər Nazirliyi, eləcə də BMT-nin Sivilizasiyalar Alyansı ilə tərəfdaşlıq çərçivəsində təşkil olunub. Simpoziumun açılış mərasimində bir neçə nazir və yüksək vəzifəli şəxs, üzv dövlətlərin səfirləri, beynəlxalq və regional təşkilatların nümayəndələri, eləcə də dünyanın müxtəlif ölkələrindən olan ekspertlər və mütəxəssislər iştirak edib.

Simpozium zamanı müzakirələrdə iştirakçılar Alyansın beş sütununa - təhsil, media, miqrasiya, qadınların səlahiyyətləndirilməsi və gənclərin roluna xüsusi diqqət yetirərək sivilizasiyalararası dialoqun üzləşdiyi ən aktual problemlərə toxunublar. Onlar qarşılıqlı anlaşma dəyərlərini möhkəmləndirmək və cəmiyyətlərin nifrət çıxışları və bölünməyə qarşı mübarizə aparmaq imkanlarını artırmaq üçün innovativ mexanizmlərin hazırlanmasının zəruriliyini vurğulayıblar.

Chosen
4
4
ikisahil.az

5Sources