EN

Qlobal sistem dəyişir: Azərbaycan BMT TŞ-yə nə üçün iddialıdır?

Dünyada qlobal təhlükəsizlik arxitekturasının dəyişdiyi, regional güc balansının yenidən formalaşdığı bir mərhələdə beynəlxalq təşkilatların, xüsusilə BMT-nin fəaliyyət qabiliyyəti və qərarvermə modeli ciddi suallar doğurur. Mütəxəssislər hesab edirlər ki, II Dünya müharibəsindən sonra formalaşdırılmış sistem bu günün reallıqlarını tam əks etdirmədiyindən, BMT-nin strukturunda əsaslı islahatlara ehtiyac yaranıb. Məhz bu kontekstdə Azərbaycanın yüksələn beynəlxalq nüfuzu və səmərəli diplomatik fəaliyyəti ölkəmizin Təhlükəsizlik Şurasında təmsilçiliyi ilə bağlı müzakirələri aktuallaşdırır.

Mövzu ilə bağlı politoloq Fəqani Məhərrəmli Editor.az-a açıqlamasında bildirib ki, bir sıra beynəlxalq təşkilatlar, o cümlədən BMT, II Dünya müharibəsinin qalib dövlətlərinin təşəbbüsü və əməkdaşlığı nəticəsində yeni dünya nizamının formalaşdırılması məqsədilə yaradılıb:

“Ədalət naminə demək lazımdır ki, BMT uzun illər ərzində bir çox qlobal münaqişə və böhranların tənzimlənməsində mühüm rol oynayıb. Lakin sosialist blokunun dağılmasından sonra baş verən proseslər, BMT qərarlarının icrasında müşahidə olunan boşluqlar, eləcə də ABŞ-ın İraqa müdaxiləsi təşkilatın təsir imkanlarının məhdudluğunu ortaya qoydu. Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü isə BMT-nin ya tam şəkildə yenidən qurulmasını, ya da dərin islahatlara məruz qalmasını labüd edir.

Məlum olduğu kimi, BMT-nin əsas icraedici strukturu – Təhlükəsizlik Şurası 5 daimi və 10 qeyri-daimi üzvdən ibarətdir. Lakin veto hüququnun yalnız 5 dövlət tərəfindən saxlanılması ciddi qərarların qəbulunu çətinləşdirir. Nəticədə dünyanın taleyi cəmi beş ölkənin siyasi iradəsinə bağlı qalır ki, bu da ədalətli mexanizm sayıla bilməz”.

Politoloqun sözlərinə görə, Təhlükəsizlik Şurasının mümkün islahatları kontekstində Azərbaycanın adı ən çox çəkilən ölkələrdən biridir ki, bu da tamamilə əsaslıdır:

“Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra həyata keçirdiyi siyasi və iqtisadi islahatlar, ədalətli, balanslaşdırılmış və çoxvektorlu xarici siyasət, həmçinin regionda qazandığı geosiyasi mövqe ölkəmizin BMT TŞ-də təmsilçiliyini həm zəruri, həm də haqlı edir. Əgər BMT yeni dünya düzənində rolunu gücləndirmək niyyətindədirsə, mütləq şəkildə yeni çağırışlara uyğun islahatlara getməlidir. Təşkilatın 30 il ərzində reallaşdıra bilmədiyi dörd qətnaməni öz gücü ilə icra edən Azərbaycana layiq olduğu yeri verməsi artıq zaman məsələsidir”.

// Gülnarə Abasova, Editor.az

Chosen
11
editor.az

1Sources