EN

Postmünaqişə beşilliyi: Azərbaycan Qarabağ və Şərqi Zəngəzurun qurulmasında da dünyada yeni nümunə yaradır - TƏHLİL

2020-ci ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində başlayan bərpa prosesi təkcə dağıntıların aradan qaldırılması, ərazilərin bərpası deyil, dövlətin yeni strateji mərhələsinin başlanğıcı demək idi. Bu proses Qarabağ və Şərqi Zəngəzurun yenidən dirçəldilməsini, milli təhlükəsizlik sisteminin bütövlükdə yenilənməsini və Azərbaycanın regional siyasi nizamda aparıcı mövqeyini daha da möhkəmləndirməsini təmin edən həlledici siyasi kurs kimi ortaya qoyuldu. Bu siyasətin mərkəzində Prezident İlham Əliyevin məqsədyönlü, ardıcıl və qətiyyətli liderliyi dayanır.

Son beş ildə aparılan işlərin miqyası Azərbaycanın dövlətçilik gücünün real təzahürüdür. Qarabağ və Şərqi Zəngəzurda şəhərlərin baş planlardan başlayaraq bütün infrastruktur sisteminədək sıfırdan yenilənməsi artıq regionda yeni siyasi və iqtisadi reallıq yaradıb. Bu reallıq Azərbaycanın iradəsini, suverenlik prinsipinin sarsılmazlığını və postmünaqişə dövründə heç bir xarici siyasi təzyiqin ölkənin daxili gündəmini dəyişə bilmədiyini bir daha ortaya qoyur. Bərpa prosesi həm də bölgədə güc balansının Azərbaycanın xeyrinə tam formalaşdığını göstərən ən mühüm amildir. Buraya bir mühüm amili də əlavə etmək tam yerinə düşür: Azərbaycan işğaldan azad etdiyi ərazilərini özü, öz imkanları hesabına sıfırdan qurur. Bu isə həm də Azərbaycanın iqtisadi qüdrətinin növbəti göstəricisi və dünya qarşısında nümayişidir.

İlham Əliyevin liderliyi “Böyük Qayıdış”ın siyasi nüvəsini formalaşdırır

“Böyük Qayıdış” proqramı yeni reallığın strateji təzahürüdür. Proqramın həyata keçirilməsi yeni mərhələnin başlanğıcı və Azərbaycan xalqının öz torpaqlarına sahiblənmək iradəsinin dövlət səviyyəsində təsdiqidir. Bu siyasət fraqmentar sosial layihə deyil, Azərbaycanın milli təhlükəsizlik arxitekturasını yenidən dizayn edən, regionda demoqrafik və inzibati sabitliyi möhkəmləndirən, ölkəni regional güc mərkəzlərinə alternativ deyil, birbaşa mərkəzə çevirən konseptual dövlət proqramıdır.

Bu strateji kursun mərkəzində isə Prezident İlham Əliyevin şəxsiyyəti dayanır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması, Qərargahın rəhbəri və üzvlərinin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərlər edərək, işlərin görülməsini koordinasiya və nəzarəti təmin etməsi mühüm addım kimi qiymətləndirilməlidir.

Məhz İlham Əliyevin siyasi iradəsi, qətiyyətli liderliyi və proseslərə şəxsən rəhbərlik etməsi 2020-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzurun taleyini müəyyən edən həlledici amilə çevrilib. Dövlət başçısının azad edilmiş ərazilərdə 569 tədbirdə iştirakı, 177 strateji layihənin təməlini qoyması və 167 obyektin açılışı təkcə fəaliyyət göstəricisi deyil - post-münaqişə dövrünün siyasi arxitekturasının bilavasitə onun tərəfindən formalaşdırıldığını təsdiq edən fundamental sübutdur.

Bu liderlik Azərbaycanın yeni təhlükəsizlik doktrinasının əsas sütununu təşkil edir, ölkənin regional güc balansında həlledici oyunçuya çevrilməsini təmin edir və suverenlik məsələsində kompromissiz mövqeni gücləndirir. Prezidentin ardıcıl səfərləri və qərarları həm daxildə idarəetmənin mərkəzləşdirilmiş siyasi modelini möhkəmləndirir, həm də beynəlxalq müstəvidə Azərbaycanın iradəsinin dəyişməzliyini nümayiş etdirir.

Bu gün artıq aydındır ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma siyasəti sırf texniki proses deyil. Bu, dövlətin öz strateji məkanını İlham Əliyevin müəyyən etdiyi yanaşma ilə yenidən qurması, bölgədə uzunmüddətli siyasi arqumentlərini gücləndirməsi və Azərbaycan xalqının tarixi ədalətinin dövlət səviyyəsində tam bərpa edilməsidir.

Yaşayış məntəqələrinin bərpası və əhalinin qayıdışı

Beş il ərzində işğaldan azad edilmiş ərazilərin planlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər təkcə bərpa prosesinin texniki mərhələsi kimi qiymətləndirilməməlidir. Bu prosesin içində hər şey var – o, kompleks şəkildə icra olunur. Bu dövrdə 8 şəhərin baş planı, 3 şəhərin müfəssəl planı və 91 yaşayış məntəqəsinin salınma-inkişaf sənədlərinin təsdiqi Qarabağ və Şərqi Zəngəzurun yeni urbanistik xəritəsini formalaşdırmaqla yanaşı, bölgənin uzunmüddətli siyasi, demoqrafik və iqtisadi sabitliyinin bünövrəsini qoyur. Hazırda daha 20 yaşayış məntəqəsinin layihələndirilməsinin davam etməsi isə prosesin ardıcıl və sistemli şəkildə həyata keçirildiyini göstərir.

“Böyük Qayıdış” proqramı artıq özünü yalnız infrastruktur layihələrinin məcmusu kimi deyil, Azərbaycanın dövlətçilik iradəsinin və siyasi legitimliyinin praktik təzahürü kimi göstərir. Son beş ildə 6 şəhər, 2 qəsəbə və 22 kəndə əhalinin mərhələli şəkildə köçürülməsi nəticəsində 62 mindən çox vətəndaşın yaşaması, işləməsi və təhsil alması ölkənin sosial siyasətinin prioritet istiqamətini təsdiqləyir. Bu proses həm keçmiş məcburi köçkünlərin normal həyat şəraitinə qovuşması, həm də regionun demoqrafik tarazlığının bərpası baxımından strateji əhəmiyyət daşıyır. Mövcud dinamika nəzərə alındıqda, qarşıdakı illərdə köçürülmə prosesinin daha da genişlənəcəyi və bölgənin siyasi-sosial inteqrasiyasının dərinləşəcəyi proqnozlaşdırılır.

Təhsil və səhiyyə infrastrukturunun yaradılması

Azad edilmiş ərazilərdə təhsil infrastrukturunun sıfırdan qurulması həm bölgənin sosial reabilitasiyasının, həm də uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Hazırda istifadəyə verilmiş 19 ümumi təhsil məktəbi (16-sı fəaliyyət göstərir, 3-ü köç başlayanda fəaliyyət göstərəcək), 13 məktəbəqədər təhsil müəssisəsi (7-si fəaliyyət göstərir) bölgədə təhsil sisteminin baza strukturunu formalaşdırır. Bu təhsil müəssislərində 3695 şagird və 262 uşaq təhsil alır. Paralel olaraq 32 yeni təhsil müəssisəsinin tikintisinin davam etməsi prosesin ardıcıl, planlı və genişmiqyaslı xarakter daşıdığını göstərir.

Kadr təminatı da bərpa mərhələsinin strateji elementidir: ümumi təhsil müəssisələrində 370 müəllim və 129 texniki işçinin, məktəbəqədər müəssisələrdə isə 26 pedaqoq və 55 texniki heyətin fəaliyyətə başlaması bölgədə tədris prosesinin real şəkildə bərpa olunduğunu təsdiqləyir.

Xüsusilə Qarabağ Universitetinin Xankəndidə fəaliyyətə başlaması regionun intellektual xəritəsində yeni mərhələ açır. Universitetdə 34 bakalavr ixtisası üzrə 2152 tələbənin təhsil alması, tədrisə 400-dən çox müəllim və inzibati heyətin cəlb edilməsi, 6 fakültənin formalaşması, 14 laboratoriya və 3 kitabxananın, 5 mərkəzin fəaliyyət göstərməsi Xankəndinin gələcəkdə akademik və elmi mərkəzə çevrilməsinin əsasını qoyur. Bu göstəricilər təhsilin bölgənin ümumi dirçəlişində aparıcı siyasi-sosial alətə çevrildiyini göstərir.

Səhiyyə sahəsində əldə olunan irəliləyişlər də azad edilmiş ərazilərdə sosial infrastrukturun bərpasında strateji mərhələ kimi qiymətləndirilir. Şuşa Müalicə-Sağlamlıq Mərkəzi artıq istifadəyə verilib. Cəbrayıl, Ağdam, Füzuli rayonlarında üç müasir xəstəxananın tikintisi davam edir. Onların fəaliyyətə başlaması yalnız tibbi xidmətlərin göstərilməsi deyil, həm də əhalinin daimi məskunlaşması və regionda sabit sosial mühitin formalaşması baxımından mühüm amildir. Yeni səhiyyə infrastrukturu uzunmüddətli inkişaf modelinin vacib elementinə çevrilir.

Nəqliyyat infrastrukturu

Regionun beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası istiqamətində həyata keçirilən layihələr son beş ilin ən strateji nəticələrindən biridir. Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarının istifadəyə verilməsi Qarabağı həm ölkənin digər bölgələri, həm də regional nəqliyyat şəbəkələri ilə birləşdirən yeni hava qapılarının formalaşmasına xidmət edir. Bu hava limanları yalnız logistik imkanları genişləndirmir, həm də bölgənin iqtisadi və siyasi çəkisinin artmasına mühüm töhfə verir.

Avtomobil yolu infrastrukturu üzrə görülən işlərin miqyası da diqqətəlayiqdir. Tikintisi nəzərdə tutulmuş ümumi uzunluğu 3501,6 kilometr olan avtomobil yolları üzrə 60 layihədən 16-sı tam, 1-i isə qismən icra edilib. Avtomobil yolları üzərində 28 tuneldə qazma işləri, 392 körpü və 9 viadukun tikintisi artıq başa çatıb.

Dəmir yolu şəbəkəsinin bərpası isə regionun nəqliyyat əlaqələrinin tamamilə yenilənməsi baxımından həlledici əhəmiyyət daşıyır. Xankəndi Dəmir Yolu Vağzal Kompleksinin təməlinin qoyulması, Ağdam-Xankəndi dəmiryolu xəttinin layihələndirmə işlərinin 73%, Horadiz-Ağbənd xəttinin 68% hazır olması, dəmir yollarının tikintisi ilə bağlı tikintisi planlaşdırılan 49 körpüdən 42-nin inşasının başa çatması, 3 körpünün istismara verilməsi Azərbaycanın strateji məqsədinə - Qarabağın regional nəqliyyat qovşağına çevrilməsinə real zəmin yaradır.

Zəngəzur dəhlizində avtomobil yolunun və dəmir yolu xəttinin, eyni zamanda, Araz çayı üzərində Ağbənd-Kəlalə körpüsünün inşası, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısı, Zəngəzur dəhlizinin tərkib hissəsi olan Horadiz-Ağbənd avtomobil və dəmir yollarının inşası, eləcə də müvafiq buraxılış məntəqəsinin tikintisi ilə bağlı planlaşdırılan işlər, o cümlədən gömrük nəzarətinin təşkilinə və infrastrukturun yaradılmasına dair mövcud vəziyyət Azərbaycanın həm də Şərlə qərbin, şimalla cənubun nəqliyyat qovşağına çevrilməyə hazırlığının göstəricisidir.

Görülmüş işlər əminliklə söyləməyə əsas verir ki, Qarabağın nəqliyyat xəritəsini yenidən formalaşır.

Enerji təminatının qurulması

Azad edilmiş ərazilərdə müasir enerji infrastrukturunun sıfırdan qurulması regionun sosial-iqtisadi dirçəlişinin əsas strateji dayaqlarından biri kimi çıxış edir. Son beş ildə 330-1.110 kV gücündə 14 yeni yarımstansiya tikilib, 38 Su Elektrik Stansiyası istismara verilib. Bu, həm ötürmə qabiliyyətini artırıb, həm də elektrik təchizatının dayanıqlığını təmin edib.

2024-cü ildə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib.

Ümumi kabel xəttinin uzunluğunun 1000 km-i keçməsi enerji sisteminin genişlənmə miqyasını və bu sahədə aparılan işlərin ardıcıllığını göstərir. Bununla yanaşı, energetika ilə bağlı rəqəmsal idarəetmə, dispetçerlik sistemlərinin yenilənməsi və avtomatlaşdırma texnologiyalarının tətbiqi də bölgədə enerji təhlükəsizliyinin müasir standartlara uyğunlaşdırıldığını nümayiş etdirir.

Bölgənin su təchizatı baxımından da mühüm layihələr icra olunur. Ərazilərin işğaldan azad olunmasından sonra 4 su anbarı istifadəyə verilib (Suqovuşan, Xaçınçay, Zabuxçay və Köndələnçay), 2 su anbarının (Bərgüşad və Həkəri) tikintisi, Sərsəng su anbarının isə təmiri nəzərdə tutulur.

Cəbrayılda inşa edilən Şəfəq Günəş Elektrik Stansiyası isə regionun yaşıl enerji strategiyasının nüvəsini təşkil edir. 240 MVt gücə malik, illik 500 milyon kVt/saat enerji istehsal edən bu stansiya 200 milyon ABŞ dolları dəyərində olmaqla Qarabağın bərpasında innovativ, ekoloji yönümlü və uzunmüddətli inkişaf modelinin tətbiq olunduğunu təsdiqləyir. Səhmdarları BP, SOCAR və Azərbaycan İnvestisiya Şirkəti olan bu layihə həm də Azərbaycanın yaşıl enerji mərkəzinə çevrilməsi hədəfinin real icra mexanizmini göstərən mühüm nümunədir.

Paralel olaraq magistral qaz xətlərinin tikintisi üzrə 6 layihənin başa çatdırılması, yeni qaz nəqli infrastrukturlarının formalaşdırılması, Laçın, Ağdam, Füzuli, Cəbrayıl, Xankəndi, Xocalı, Şuşa və Kəlbəcərin, bundan başqa, 20 kənd və qəsəbənin ardıcıl şəkildə qazlaşdırılması regionda sosial rifahın yüksəlməsinə, sənaye və istehsal müəssisələrinin fəaliyyətə başlaması üçün zəruri şəraitin yaranmasına imkan verib. Bu proses həm də geri qayıdış proqramının dayanıqlılığını şərtləndirən əsas texniki baza kimi çıxış edir.

Sənaye zonaları və iqtisadi inkişaf

Şərqi Zəngəzurun iqtisadi modelinin formalaşmasında həlledici rol oynayan “Ağdam” və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında göstərilən fəaliyyət regionun yeni sənaye arxitekturasının qurulmasını təmin edən əsas iqtisadi platformaya çevrilib.

Hər iki parkda 50 müəssisə rezident, 7 müəssisə isə qeyri-rezident kimi qeydiyyata alınıb. Ümumi dəyəri 454 milyon manat olan layihələrin icrası çərçivəsində 185 milyon manat həcmində investisiya yatırılıb və 1057 yeni iş yeri yaradılıb.

Bu fakt işğaldan azad edilmiş ərazilərə yönələn biznes marağının davamlı şəkildə artdığını göstərir.

Sənaye parklarında istehsal olunan məhsulların ümumi dəyəri 949,4 milyon manata çatıb, bu isə Qarabağ və Şərqi Zəngəzurun yeni iqtisadi strukturunun formalaşmağa başlamasının göstəricisidir. Bununla yanaşı, 39,5 milyon manatlıq ixracın həyata keçirilməsi bölgənin ixracyönlü iqtisadi modelə inteqrasiyasının artıq real fazaya keçdiyini göstərir. Bu, regionun həm xarici bazarlara çıxış imkanlarının genişləndiyini, həm də istehsal gücünün rəqabət qabiliyyətini artırdığını ortaya qoyur.

Sənaye parklarında daimi məşğulluğun təmin olunması sosial sabitlik baxımından mühüm əhəmiyyət daşıyır və demoqrafik dönüş prosesinə dəstək verir.

Fəaliyyət göstərən müəssisələrin illik dövriyyəsinin 185 milyon manat təşkil etməsi isə sənaye zonalarının yaxın illərdə daha böyük iqtisadi sinerji yaradacağını, Şərqi Zəngəzurun ölkənin ümumi sənaye xəritəsində strateji mərkəzə çevriləcəyini göstərir.

Mina təmizləmə fəaliyyəti

Torpaqlarımız işğaldan azad ediləndən sonra qarşıda dayanan əsas vəzifə heç şübhəsiz ərazilərin minalardan təmizlənməsi idi. Azad edilmiş ərazilərdə 2020-2025-ci illər ərzində mina və partlayıcı sursatlardan təmizləmə prosesi yalnız mühəndis əməliyyatı deyil, həm də regionun təhlükəsizliyinin bərpası və məskunlaşmanın mərhələli şəkildə təşkil olunması üçün strateji zərurət kimi qiymətləndirilir. Bu dövrdə 240 min hektardan çox ərazinin təmizlənməsi bölgədə uzun illər formalaşmış təhlükə infrastrukturunun miqyasını göstərir. Paralel şəkildə 209 168 ədəd mina və digər partlayıcı sursatın zərərsizləşdirilməsi - o cümlədən 38 600 piyada əleyhinə mina, 22 192 tank əleyhinə mina və 148 376 müxtəlif partlayıcı qalıq - ərazilərin real təhlükədən azad edilməsinin hansı səviyyədə aparıldığını nümayiş etdirir.

Bu rəqəmlər sadəcə statistika deyil; onlar iqtisadi fəaliyyətin bərpası, məcburi köçkünlərin geri dönüşü və infrastruktur layihələrinin icrası üçün əsas şərtin – təhlükəsiz mühitin təmin edildiyini göstərir. Təmizləmə prosesi kənd təsərrüfatı torpaqlarının yenidən istifadəyə verilməsini, investisiya axınını və sosial layihələrin həyata keçirilməsini mümkün edir.

Minalardan azad edilən hər hektar ərazi regionun sabitləşməsi və sürətli inkişafı baxımından strateji əhəmiyyət daşıyır və bu prosesin davamlı şəkildə aparılması Qarabağ-Şərqi Zəngəzurun uzunmüddətli inkişaf konsepsiyasının əsasını təşkil edir.

Beşillik bərpa proqramı

Bu beşillik dövr göstərir ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpa və dirçəlişi istiqamətində bütün sahələr kompleks irimiqyaslı layihələr həyata keçirib. Bu prosesin ən mühüm cəhəti isə görülən işlərin, qəbul edilən qərarların və müəyyənləşdirilən inkişaf kursunun Prezident İlham Əliyevin şəxsən rəhbərliyi və birbaşa nəzarəti ilə icra olunmasıdır. Dövlət başçısının yüzlərlə təməlqoyma və açılış mərasimində iştirakı, mütəmadi səfərləri və bölgədə aparılan işləri şəxsən koordinasiya etməsi Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinin siyasi iradə ilə necə idarə olunduğunu açıq şəkildə nümayiş etdirir.

Yaşayış məntəqələrinin salınması, əhalinin qayıdışı, müasir təhsil və səhiyyə obyektlərinin qurulması, hava limanları, avtomobil və dəmir yollarından ibarət nəqliyyat şəbəkəsinin yaradılması Prezidentin strateji baxışının praktiki nəticələridir. Eyni zamanda enerji sisteminin yenilənməsi, yaşıl enerji layihələrinin reallaşdırılması və sənaye parklarının formalaşdırılması birbaşa dövlət başçısının iqtisadi fəlsəfəsini əks etdirən layihələr kimi ortaya çıxır.

Mina və partlayıcı sursatlardan təmizlənmiş yüz minlərlə hektar ərazi, yüz milyonlarla manatlıq investisiya və minlərlə yeni iş yeri Prezident İlham Əliyevin ardıcıl qərarları və şəxsi liderliyi ilə formalaşan yeni Qarabağın real konturlarını göstərir.

Bu gün əldə olunan nəticələr bir daha təsdiqləyir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası Prezident İlham Əliyevin siyasi iradəsinin, strateji düşüncəsinin və şəxsi əzmkar fəaliyyətinin birbaşa bəhrəsidir və “Böyük Qayıdış” proqramı məhz onun liderliyi ilə ölkənin ən uğurlu inkişaf modelinə çevrilir.

Chosen
42
2
apa.az

3Sources