EN

BMT 2026-cı il Qış Olimpiadası üçün olimpiya atəşkəsi çağırışı edib

BAKI, 20 noyabr. TELEQRAF

BMT Baş Assambleyası 2026-cı ildə Milan və Kortina-d’Ampezzoda keçiriləcək Qış Olimpiya Oyunları zamanı olimpiya atəşkəsinin təmin edilməsinə çağıran qətnaməni konsensusla qəbul edib.

Teleqraf xəbər verir ki, təşəbbüs idmanın sülhün möhkəmləndirilməsi və siyasi gərginliklərdən kənar tutulması məqsədi daşıyır.

Qətnamədə qeyd olunur ki, atəşkəs Olimpiya Oyunlarının başlanmasına yeddi gün qalmış qüvvəyə minməli və Paralimpiya Oyunlarının başa çatmasından yeddi gün sonra bitməlidir. Sənəd həmçinin idmançıların və akkreditə olunmuş heyətin təhlükəsiz gəliş-gedişinin təmin edilməsinə çağırır.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Kirsti Koventri səsvermədən əvvəl çıxış edərək vurğulayıb ki, idman siyasətdən ayrı tutulmalı və idmançılar hansısa siyasi səbəbdən viza ala bilmədikləri üçün yarışlardan kənarda qalmamalıdırlar.

Qətnamə dövlətlərə olimpizm ideallarını və idmanı sülh, dialoq, tolerantlıq və barışıq vasitəsi kimi dəstəkləmək çağırışı edir.

2026-cı il Qış Olimpiya Oyunları 6–22 fevral tarixlərində keçiriləcək.

Chosen
36
teleqraf.com

1Sources