EN

"Onkoloji xəstələrin dərman təminatı hələ də lazımi səviyyədə deyil" - Rəşad Mahmudov

"Səhiyyə sahəsində son beş ildə xərclər təxminən 400% artıb və hər bir Azərbaycan vətəndaşı da səhiyyə sahəsində son illərdə aparılan islahatların əməli nəticələrini öz həyatlarında hiss etməkdədir. Lakin bu rəqəmlər artımın bütün alt sahələrində eyni sürətlə əks olunmadığını göstərən bəzi tablolar var".

Redaktor.az xəbər verir ki, bunu deputat Rəşad Mahmudov Milli Məclisdə büdcə müzakirələri zamanı bildirdi.

"Ümumi artım fonunda xüsusən bir az əvvəl dəfələrlə dilə gətirilən onkoloji xəstələrin dərman təminatı hələ də lazımi səviyyədə deyil. Xərclərin artımı ilə nəticələrin artımı paralel bir şəkildə bütün sahələrdə aparılmalıdır. Dünyada artıq onkoloji xəstəlik ümidsiz diaqnoz deyil.

Müasir yeni nəsil dərmanlar nəticəsində xəstələrin böyük əksəriyyəti 10 ildən daha uzun və yüksək həyat keyfiyyəti ilə yaşayırlar. Bu, dövlətin insan həyatını qorumaq istiqamətində atacağı hər bir addımın nə qədər əhəmiyyətli olduğunu bir daha göstərir. Bu səbəbdən də dövlətin onkologiya sahəsindəki proqramı çərçivəsində nəzərdə tutulmuş maliyyə dəstəyi düşünürəm ki, mütləq bir şəkildə artırılmalıdır. Mövcud rəqəmlər dünyadakı real müalicə qiymətləri və xəstələrin sayı nəzərə alındıqda getdikcə kifayət etmir.

Onkoloji xəstələrə ümid olmaq, onlara, onların xüsusən uzun və ağır yolunda yanlarında olmaq başqa xəstəliklərdən fundamental şəkildə fərqlənir.

Bir insan üçün ana vətən, onun yurduyuvası nədisə bu xəstələr üçün də həmin diaqnozu aldıqdan sonra onların vətəni olan ailəsi, həkimindən aldığı dəstək və onun dövlətidir.

Bu sahədə xüsusi yanaşma bütün xəstəliklər və tibbi diaqnoz sahələrindən fərqli olduğunu bilə gətirmək istəyirəm. Bütün problemlərin də yalnız icbari tibbi sığorta çərçivəsində həll olunacağına inanmaq da dünya təcrübəsində real görsənmir. Dünyada aparıcı ölkələrdə də görsənir ki, icbari tibbi sığorta nə qədər yüksək səviyyədə tətbiq olunsa da, dövlət proqramlarının xüsusən, xüsusi sahələr üzrə daha da inkişaf etdirilməsi həmin sahənin inkişafına və problemlərin həllində xüsusi bir yer alır.

Hazırda ölkəmizdə onkoloji xəstələrin müalicəsi üçün potensialı yüksək, maddi-texniki bazası mövcud olan ixtisaslaşmış mərkəzlər var. Bu mərkəzlərin etffektiv işləməsini gücləndirməlk əvəzinə problemin həllini başqa strukturlarda axtarmaq, bizi əsas hədəfdən uzaqlaşdırar, çox vacib vaxtımızı alacaq və ən əsası isə xəstələrin yaşama haqqını riskə ata bilər.

İcbari tibbi sığorta bu sahədə bu gün başqa sahələrdə olduğu kimi maliyyə dəstəyini saxlamaqla daha rasional bu sahənin inkişafına dəstək mexanizmində aktiv iştirak edə bilər", - deyə millət vəkili vurğuladı.

Aminə ŞAHSUVARIQIZI

Chosen
41
redaktor.az

1Sources