Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunları sona yaxınlaşır.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçiləri bu gün 4 idman növündə yarışacaqlar.
Qrupdakı ilk qarşılaşmasında Səudiyyə Ərəbistanını 21:8, ikinci matçda Türkiyəni 19:11, son oyununda isə Fildişi Sahilini 21:14 hesabı ilə məğlub edərək yarımfinala adlayan 3x3 basketbol üzrə Azərbaycan millisi finala gedən yolda B qrupunun ikincisi Misir ilə üz-üzə gələcək.
Atletlərdən Əlhəm Nağıyev 200 metr məsafəyə qaçışda bacarığını nümayiş etdirəcək, Azərbaycan yığması isə 4x100 metrdə uğur qazanmağa çalışacaq.
Qılıncoynadanlardan Maqsud Hüseynli və Saleh Məmmədov sablya növündə çıxış edəcək.
Yunan-Roma güləşçilərindən Murad Əhmədiyev (97 kq), Beka Kandelaki (130 kq), qadın güləşçilərdən isə Elnurə Məmmədova (50 kq), Gültəkin Şirinova (53 kq), Jalə Əliyeva (57 kq) xalça üzərinə çıxacaqlar.
Qeyd edək ki, Azərbaycanı VI İslam Həmrəyliyi Oyunlarında 20 idman növündə 179 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparır. Azərbaycan hazırda 46 mükafatla (5 qızıl, 15 gümüş, 26 bürünc) medal sıralamasında 10-cu pillədə qərarlaşıb.
İslamiada noyabrın 21-də başa çatacaq.