Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
2025-ci ilin sonuna doğru yaxınlaşdıqca ictimaiyyəti maraqlandıran məsələlərdən biri də qarşıdakı ildə gözlənilən pensiya artımıdır. Artıq bu istiqamətdə rəsmi proqnoz da elan edilib. Bəs, 2026-cı ildə əmək pensiyaları nə qədər artırıla bilər?
Əvvəlcə ondan başlayaq ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında əmək pensiyalarının 2026-cı il üzrə indeksasiyasının təqribən 9,2 faiz səviyyəsində proqnozlaşdırıldığını bildirib. Bu isə 2026-cı ildə əmək pensiyalarının bu qədər artırılacağının gözlənildiyi deməkdir.
Xatırladaq edək ki, hər ilin əvvəlində bütün növ əmək pensiyaları əvvəlki il üzrə orta aylıq əməkhaqqının illik artımına uyğun indeksləşdirilir. Proses hər ilin 1 yanvar tarixinə ondan əvvəlki il üzrə muzdla çalışanların orta aylıq əməkhaqqının rəsmi statistikaya görə illik artımına uyğun olaraq həyata keçirilir. Yəni, əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqı nə qədər artıbsa, pensiyalar da buna müvafiq olaraq artırılır. Ölkə başçısının bu barədə müvafiq sərəncamı ilə qeyd edilənlərin reallaşdırılmasına başlanılır.
.jpg)
Bu baxımdan il başa çatmasa da, Dövlət Statistika Komitəsinin məlumatına görə, muzdla çalışanların orta aylıq əməkhaqlarındakı artım yanvar-sentyabr aylarında artıq 9,5 faizə çatıb. Göründüyü kimi, bu göstərici proqnozu az da olsa üstələyir. Lakin bu göstəricinin ilin sonuna qədər sabit qalacağı və ya daha da artacağı məlum deyil. Söhbət ondan gedir ki, yanvar-avqust ayları üzrə sözügedən göstərici bundan daha yüksək - 9,7 faiz olmuşdu.
Hər bir halda istər əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin elan etdiyi proqnoz, istərsə də faktiki göstərici 2026-cı ildə əmək pensiyalarının 9 faizdən az olmayaraq indeksləşdirilərək artırılacağını göstərir. Bu o deməkdir ki, indeksasiya proqnozu (9,2 %) reallaşarsa, 400 manat pensiya alan şəxsin pensiyası 36,8 manat (400x9,2%) artaraq 436,8 manata, 500 manat alanın pensiyası 46 manat (500x9,2%) artaraq 546 manata yüksələcək.
Azərbaycan Mərkəzi Bnakı oktyabr ayında 2025-ci il üzrə 6 faiz səviyyəsində inflyasiya proqnozlaşdırıb. Bu da əmək pensiyalarının gözlənilən artım göstəricisinin inflyasiyanı üstələyəcəyindən xəbər verir.
Qeyd edək ki, minimum pensiya məbləği 2025-ci ilin fevral ayının 1-dən 320 manatdır və 2026-cı ildə bu göstəricinin sabit qalacağı gözlənilmir.
Ceyhun Həmid
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.