EN

Abbas Əraqçi: İran artıq ölkədəki heç bir obyektdə uranı zənginləşdirmir

BAKI, 17 noyabr. TELEQRAF

İranın xarici işlər naziri Abbas Əraqçi bazar günü bəyan edib ki, Tehran artıq ölkədəki heç bir obyektdə uranın zənginləşdirilməsi ilə məşğul deyil.

Teleqraf xəbər verir ki, Abbas Əraqçi İranda elan olunmamış nüvə zənginləşdirməsinin olmadığını bildirib:"Bizim bütün obyektlərimiz Beynəlxalq Atom Enerjisi Agentliyinin mühafizəsi və monitorinqi altındadır. Hazırda heç bir zənginləşdirmə aparılmır, çünki obyektlərimizə, zənginləşdirmə zavodlarımıza hücum edilib”.

ABŞ və digər ölkələrlə danışıqları davam etdirmək üçün İrana nə lazımdır sualına cavab verən Əraqçi deyib ki, İranın nüvə proqramı ilə bağlı mövqeyi aydındır.

"İranın nüvə texnologiyasından dinc məqsədlərlə istifadə etmək, o cümlədən uranın zənginləşdirilməsi hüququ danılmazdır. Bizim bu hüququmuz var və biz bundan istifadə etməyə davam edirik və ümid edirik ki, beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ bizim hüquqlarımızı qəbul edəcək və bunun İranın ayrılmaz hüququ olduğunu başa düşəcək. Biz heç vaxt öz hüquqlarımızdan əl çəkməyəcəyik", - Əraqçi əlavə edib

Chosen
30
teleqraf.com

1Sources