EN

İsrail Səudiyyəyə F-35 satışına qarşı: Təl-Əviv şərt qoyur

İsrail hesab edir ki, Səudiyyə Ərəbistanına Amerika F-35 qırıcı təyyarələrinin mümkün satışı Ər-Riyadla Təl-Əviv arasında münasibətlərin normallaşması ilə şərtləndirilməlidir.

Musavat.com xəbər verir ki, məlumatı Axios İsrail rəhbərliyindəki mənbələrə istinadən yayıb. Portal yazır ki, İsrail "ABŞ-ın Səudiyyə Ərəbistanına F-35 satmasına qarşı deyil, lakin bunun krallıqla münasibətlərin normallaşması ilə müşayiət olunmasını istəyir". Mənbəyə görə, İsrail hesab edir ki, iki ölkə arasında münasibətlərin normallaşmasını təmin etməyən bir razılaşma "səhv və əks-səmərəli olardı".

Qeyd edək ki, 18 noyabrda Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl-Səud 2018-ci ildən bəri ilk dəfə Vaşinqtona səfər edəcək. Bloomberg xəbər verir ki, Ər-Riyad ABŞ-dan əvvəl Qətərə verilənlərə bənzər şəkildə təhlükəsizlik zəmanətləri istəyir. Sentyabrın sonlarında ABŞ prezidenti Donald Tramp imzaladığı sərəncamda Vaşinqtonun Qətərin ərazisinə, suverenliyinə və əsas infrastrukturuna qarşı hər hansı bir silahlı hücumu ABŞ-ın sülh və təhlükəsizliyinə təhdid hesab edəcəyi bildirilib.

Amerika mediası həmçinin Səudiyyə Ərəbistanının ABŞ-la F-35 qırıcı təyyarələrinin alınması ilə bağlı danışıqlar aparmaq niyyətində olduğunu bildirib.

Səuddiyə Ərəbistanı müstəqil Fələstin dövlətinin tanınması şərti olmadan İbrahim Sazişlərinə qoşulmayacağını elan edib. Bu şəraitdə Ər-Riyad ABŞ-la yalnız müdafiə sahəsində əməkdaşlığın dərinləşməsinə, İsraillə münasibətlər məsələsinin bundan ayrıca müzakirə olunmasına çalışır.

 

Musavat.com

Chosen
377
34
musavat.com

10Sources