EN

İlham Əliyev “o məmurlar” deyəndə KİMLƏRƏ İŞARƏ ETDİ?

Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən mühüm tapşırıqlar verdi.

Xalqa xidmət etmək, xalqla bir yerdə olmaq!

Dövlət başçısının sosial yönümlü siyasətində bu prinsip hər zaman prioritet olub. Daim xalqın yanında olan, xalqa xidmət edən Prezident hər bir məmurdan da məhz bunu tələb edib. Lakin Prezidentin böyük etimad göstərdiyi məmurlar arasında bunu doğrultmayanlar da olur. Dövlət başçısının da dediyi kimi, bəzi məmurlar ifrat dərəcədə təkəbbürlülük göstərir, özlərini hamıdan üstün tutmağa çalışırlar, bəzi hallarda korrupsiyaya bulaşırlar, nəticədə öz nüfuzlarını da itirirlər, dövlət siyasətinə də ləkə vururlar. Bu əməllərin heç biri cəzasız qalmayıb.

Yeni təyin olunan səlahiyyətli nümayəndə və icra başçılarından xalqa xidmət etməyi tələb edən dövlət başçısı bildirdi ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq: “Ona görə sizdən tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcəkdir”.

Regionların inkişafı ilə bağlı həyata keçirilən işlər nəticəsində Rayon İcra Hakimiyyətlərinin işi kifayət qədər asanlaşıb. Çünki infrastrukturun qurulması başa çatdırılıb. Magistral və şəhərlərarası yollar 100 faiz təmir edilib, 80 faizə qədər təmir edilən kəndlərarası yolların tikintisi davam etdirilir. İçməli su problemi həll edilib, hazırda kəndlərdə bununla bağlı işlər aparılır, eyni zamanda, suvarma kanalları çəkilir. Hər bir bölgədə müasir standartlara uyğun xəstəxanalar fəaliyyət göstərir. İnsanların sosial-iqtisadi təminatı istiqamətində dövlət proqramları icra olunur.

Mövcud imkanlar fonunda Rayon İcra Hakimiyyəti başçılarının iki əsas vəzifəsi var: sosial ədalət prinsipinin qorunması və yeni iş yerlərinin yaradılması siyasətini layiqincə icra etmək;

Prezident İlham Əliyev yeni təyin olunan rəhbər şəxslərin qarşısında bu vəzifələri qoydu. Əslində bu, həm də bütün yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə aiddir. Dövlət başçısı da bəyan etdi ki, sosial ədalət prinsipi təmin edilməli və məşğulluqla bağlı problemlər prioritet məsələ olmalıdır.

Azərbaycanda dövlət siyasətinin əsas prioriteti hər zaman sosial ədalət prinsipinin qorunması olsa da, vaxtilə bölgələrdə problemlər yaşanıb, nəticədə vətəndaşlar dövlətdən narazı salınıb, həmçinin, dövlət proqramlarının icrası axsayıb.

Prezident İlham Əliyev bunun səbəblərini açıqlayıb.

“Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb”, - dövlət başçısı vurğulayıb.

Sirr deyil ki, burada söhbət dövlətə xəyanətdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev və rəhbərlik etdiyi “beşinci kolon”dan gedir. Mehdiyevin yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinə müdaxilə etdiyi, RİH başçılarını nəzarətində saxladığı məlumdur, hətta rəhbərlik etdiyi “beşinci kolon”un üzvlərinin RİH başçıları təyin edilməsinə çalışdığı haqda da məlumatlar var. Bununla yanaşı, Mehdiyev “beşinci kolon”a bağlı olmayan RİH başçılarının fəaliyyətinə əngəllər də yaradırdı. “Ya ona tabe olmalı və göstərişlərini icra etməlisən, ya da vəzifədə qala bilməzsən”. Mehdiyevin prinsipi bundan ibarət olub.

Məlumatlara görə, bir sıra RİH başçıları Mehdiyevin “komandası”nın üzvləri olub. Onlar Mehdiyevin göstərişi əsasında onun və yaxınlarının varlanması üçün hər cür qanunsuzluqları həyata keçirirdilər. Bəzi RİH başçıları da Mehdiyevə yaxın olmaq, onun “komandası”na düşmək üçün torpaq sahələrini qanunsuz şəkildə zəbt edir, keçmiş “boz kardinal” üçün villalar, otellər inşa etdirirdilər. Bəzi RİH başçıları isə istəməsə belə, Mehdiyevin göstərişi ilə qanunsuzluqlar törətməli olurdular, əks təqdirdə, təkcə vəzifədən uzaqlaşmaqla xilas ola bilməyəcəklərini, həbsə düşəcəklərini anlayırdılar.

Prezident də qeyd edib ki, yerlərdəki bəzi məmurların qanunsuz hərəkətləri məcburiyyətdən etdiyini bilir.

“Onların, əlbəttə ki, üzərinə düşən məsuliyyət tamamilə başqa yanaşmanı tələb edirdi. Ancaq, eyni zamanda, o da həqiqətdir ki, bəzi hallarda bax, bu qanunsuz əməllərin təməlində harınlamış, acgöz, gözü doymayan mərkəzdə oturan məmurların göstərişləri olub”, - dövlət başçısı diqqətə çatdırıb.

İndi nə Mehdiyev var, nə də komandası. Prezident İlham Əliyev tərəfindən başlanan böyük islahat prosesində Mehdiyev də daxil olmaqla, mərkəzi icra hakimiyyəti orqanlarında genişçaplı təmizləmə həyata keçirildi. Eyni proses paralel şəkildə yerli icra hakimiyyəti orqanlarında da aparıldı. Regionlarda vaxtilə mövcud olan qanunsuzluqların böyük ölçüdə aradan qalxması da bu islahatların nəticəsində mümkün olub. Artıq mərkəzi icra hakimiyyəti orqanlarında RİH-lərin fəaliyyətinə müdaxilə edən, RİH rəhbərlərini qanunsuzluğa məcbur edən məmurlar yoxdur. Dövlət başçısı da Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçılarını qəbul edərkən deyib ki, bundan sonra mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək.

“Sağlamlaşdırma və təmizləmə siyasəti nəticəsində artıq əminəm ki, sizə heç kim qanunsuz tapşırıq verməyəcək. Əgər kimsə bu tapşırığı verərsə, onda dərhal mənə məlumat verin və o adamlar haqqında ciddi ölçülər götürüləcək”, - Prezident bildirib.

Bu halda vəzifəyə yeni təyin olunanlarla yanaşı, bütün RİH rəhbərlərinin üzərinə yalnız bir missiya düşür: Prezidentin tapşırıqlarını və dövlətin sosial ədalət prinsipinə əsaslanan siyasətini icra etmək, xalqın xidmətində dayanmaq!  / Axar.az


Telegram kanalımız
Chosen
11
18
yenisabah.az

10Sources