Son günlər sosial şəbəkələrdə Kapital Bank-ın “Birbank Miles” kartları ilə bağlı narazılıqlar artıb. İstifadəçilər bildirirlər ki, bank “Miles” kartlarını ləğv edib, mövcud kartlar üzrə toplanan milləri də əvvəlki qaydada istifadə etmək mümkün deyil.
Müştərilərin sözlərinə görə, kartı itirənlərə artıq dublikat da verilmir. “Heç olmasa toplanan milləri bonus kimi təqdim etsinlər”, – deyə vətəndaşlardan biri yazıb.
AzPost xəbər verir ki, yayılan narazılıqlardan sonra Kapital Bank məsələ ilə bağlı açıqlama yayıb. Bankın cavabında deyilir:
“Mastercard Birbank Mil kartlarının yeni sifarişi müvəqqəti olaraq dayandırılmışdır. Bununla belə, mövcud Birbank Mil debet və ya taksit kartınızın müddətinin uzadılması, itirilməsi və ya zədələnməsi halında kartın dəyişdirilməsi mümkündür.”
Bank qeyd edib ki, hazırda istifadəçilər topladıqları milləri aviaşirkətlərdən bilet alarkən “65 Mil = 1 AZN” məzənnəsi ilə dəyərə əvəz edə bilərlər.
Millərin istifadəsi üçün müştərilər “Birbank” tətbiqində “Bonuslar” → “Miles” bölməsinə daxil olaraq son 30 gün ərzində edilən aviabilet alış əməliyyatını seçməli və “Dərhal dəyiş” funksiyasını aktivləşdirməlidirlər.
Qeyd edək ki, “Birbank Miles” kartı uzun müddət müştərilər arasında ən çox istifadə olunan bonus sistemlərindən biri idi. Yeni sifarişlərin dayandırılması və bəzi məhdudiyyətlərin tətbiqi sosial şəbəkələrdə kəskin tənqidlərə səbəb olub.