EN

Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır -Prezident tapşırığı

Dövlət başçısı İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən onu da qeyd etdi ki, hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır - ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq

“Böyük məsuliyyət böyük işlər tələb edir. İlk növbədə, mənim bütün tapşırıqlarımı yerinə yetirməlisiniz. Mən hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır - ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq. Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır. Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın.” Prezident İlham Əliyev noyabrın 12-də Ceyhun Cəlilovu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi, Elxan İbrahimovu Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Natiq Ağayevi Balakən Rayon İcra Hakimiyyətinin başçısı, Orxan Mürsəlovu Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, Elvin Paşayevi Qax Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Göygöl Rayon İcra Hakimiyyətinin başçısı, Elşən Həsənlini Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən onu da qeyd etdi ki, əfsuslar olsun bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Cənab İlham Əliyev onlardan tələbinin bu olduğunu aşıqladı- Xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcəkdir.

Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən “Neft kapitalını insan kapitalına çevirək!” tezisini irəli sürəndə təbii ki, burada əsas məqamların, çağırışların nədən ibarət olduğunu da açıqladı. İqtisadi artımın qeyri-nefr sektorunun hesabına olmasını təmin etmək üçün regionların malik olduqları potensialdan səmərəli istifadənin prioritetliyini bildirdi və bunu konkret Dövlət proqramlarının qəbulu və uğurlu icrası ilə təsdiqlədi. Dövlətimizin başçısının Regional inkişaf proqramlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə yaxından tanış olmaq məqsədilə mütəmadi olaraq bölgələrə səfərlər etdi, eyni zamanda, hər bir il çərçivəsində mütəmadi Nazirlər Kabinetinin hesabat dövrü ilə əlaqədar müşavirəsi, həmçinin Regional inkişaf proqramlarının ildönümləri ilə bağlı yekun tədbirlər keçirilərək qarşıya qoyulan vəzifələrin hansı səviyyədə yerinə yetitildiyinin hesabatı dinlənildi. Prezident İlham Əliyev həmin tədbirlərdə Azərbaycanın bütün sahələrdə qazandığı uğurları faktlar əsasında, rəqəmlərə söykənərək ictimaiyyətə açıqladı. Dövlətimizin başçısı İlham Əliyev hələ “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda “İnsan amili, insan kapitalı. Mən hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır, dövlət qurumları tərəfindən normal rəftar edilməlidir, təhdid edilməməlidir, incidilməməlidir. Belə hallar var?! Var! Kim bunu edir?! Dövlət məmurları! Kim incidə bilər vətəndaşı?! Dövlət məmuru! Mən yenə də deyirəm, bütövlükdə bölgələrdə icra nümayəndələrinin fəaliyyəti müsbətdir, ancaq belə hallar da vardır. Buna yol vermək olmaz. Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir. Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət!” fikirlərinin davamı olaraq bu çağırışı da etmişdir ki, hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir, insanlara qulluq etməlidir və təvazökar olmalıdır.

Vətəndaş məmnunluğunun təmin edilməsi bütün dövrlərdə prioritet məsələ kimi öndə dayanıb və dayanır. Məmur-vətəndaş münasibətləri dayanıqlı inkişafın təmin edilməsində əsas faktorlardan biri kimi önə çəkilir. Dövlətimizin başçısı İlham Əliyev ölkəmizin hər sahədə nümunəvi olması istəyini ortaya qoyur və bunun üçün zəruri addımlar atır, müvafiq qurumlara tapşırıqlarını verir. Hər sahə üzrə konkret Dövlət proqramlarının qəbulunda da məqsəd bu sənəddən irəli gələn vəzifələrin uğurlu icrası, Azərbaycanın hərtərəfli inkişafına töhfə verməkdir. Regional inkişaf proqramları ilə yanaşı, inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılmasına xidmət edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası uğurla icra edildi. Həmçinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” müəyyənləşdirildi və uğurlu icrası təmin olundu. Yeni mərhələnin əsas məqsədi təbii ki, iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir. Bunun üçün ölkənin malik olduğu iqtisadi potensial daha da gücləndirilməli, qeyri-neft sektorunun inkişafı sürətləndirilməli, hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunmalı, yeni iş yerlərinin açılmasına şərait təmin edilməli, sahibkarlıq inkişaf etdirilməli, sosial xidmətlərin həcmi, keyfiyyəti və ünvanlılığı əhəmiyyətli dərəcədə artırılmalı, yoxsulluq azaldılmalı və s.

Ölkəmiz qeyd olunan istiqamətlərin hər biri üzrə uğurlu nəticələrə nail oldu. Ən əsası şəffaflığın təmin olunması prioritet məsələ kimi öndə saxlanılır. Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının təsdiqlənməsi, “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında”, eyni zamanda “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” və s. kimi fərmanlar sahibkarlığın inkişafına böyük zəmin yaratdı. “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanına uyğun olaraq iş adamlarının qeydiyyat orqanına getmədən, vaxt itirmədən internet vasitəsilə onlayn rejimində qeydiyyata alınmaları, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərmana uyğun olaraq istifadəyə verilən “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti də vətəndaş amilinə verilən dəyəri ortaya qoyur. Məqsəd dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların, “bir pəncərə” prinsipinin tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin-” Dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır. Dövlətimizin başçısı İlham Əliyev hər zaman “Elektron hökumət” prinsiplərinə keçməyin korrupsiyaya qarşı mübarizədə çox təsirli amil olduğunu bildirib. Şəffaflığın maksimum dərəcədə təmin edilməsi əsas çağırılardandır. “ASAN xidmət”in əhatə dairəsinin genişləndirilməsi bu sahədə öz uğurlu nəticələrini verir.

Ölkəmizin şəffaflığın təminatına verdiyi önəmin nəticəsidir ki, düzgün idarəçiliyin təşviqi üzrə bütün beynəlxalq təşəbbüslərə dəstək verir. Məhz bu istəyin nəticəsidir ki, Azərbaycan 2011-ci ildə şəffaflığın artırılması və açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin mübadiləsi və beynəlxalq səylərə öz töhfəsini verə bilməsi üçün Açıq Hökumət Tərəfdaşlığına qoşuldu. Atılan addımlar Prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizənin davam etdirilməsində qətiyyətini və siyasi iradəsini bir daha nümayiş etdirir. İmzalanan Fərman və sərəncamlar, eyni zamanda, Azərbaycanın Açıq Hökumət prinsiplərinə sadiqliyinin bariz nümunəsidir. Nəzərdə tutulan islahatların həyata keçirilməsi ölkədə dövlət qurumlarının nüfuzunu daha da artırır, dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan verir.

Dövlət başçısı İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən onu da qeyd etdi ki, bizim bölgələrimizdə əsas infrastruktur layihələri demək olar ki, başa çatıb. Dövlət, dövlət investisiya proqramları xətti ilə son illər ərzində müsbətə doğru böyük dönüş təmin edilib. Bir neçə regional inkişaf proqramının icrası uğurla nəticələnib. Əsas infrastruktur istiqaməti olan elektrik enerjisi ilə bütün bölgələrdə vəziyyət tam normallaşıb. Təbii ki, köhnəlmiş infrastrukturun təzələnməsi, təmiri məsələləri var. Ancaq bu problem artıq ciddi problem kimi mövcud deyil. Bütün bölgələrimizdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə elektrik infrastrukturunun qurulması güclü potensial yaratmışdır. Magistral yollar tamamilə müasir standartlara cavab verir. Şəhərlərarası yollar təmirlidir. Kənd yollarının tikintisi üçün hər il lazımi vəsait ayrılır. Deyə bilmərəm, hələ ki, biz istənilən 100 faiz nəticəyə çatmışıq, ancaq bir çox bölgələrdə kənd yollarının təqribən 70-80 faizi təmirlidir və keyfiyyətlidir.

O da qeyd edildi ki, bütün şəhərlərdə içməli su layihələri icra edilir. Kəndlərdə də içməli su ilə bağlı lazımi tədbirlər görülür, suvarma layihələri icra edilir, yeni su anbarlarının, su kanallarının tikintisi və suvarma ilə bağlı vəziyyət, ümumiyyətlə, müsbətə doğru dəyişir: “Bütün digər infrastruktur layihələri, o cümlədən sosial infrastruktur layihələri, məktəb tikintisi, xəstəxanalar, idman obyektləri. Yəni, bu gün Azərbaycanın bölgələrində bütün bu məsələlər öz həllini tapır. Hər bir şəhərdə müasir xəstəxana fəaliyyət göstərir və bütün bunlar, əlbəttə ki, həm böyük vəsait, həm də gündəlik diqqət tələb edir. Yenə də deyirəm, biz bu məsələləri dövlət xətti ilə, dövlət büdcəsi hesabına regionların sosial-iqtisadi inkişafı proqramlarının icrası nəticəsində həll etmişik.”

Dövlət başçısı İlham Əliyev görüşdə bir daha bu çağırışı etdi ki, yerlərdə bu gün hələ də mövcud olan, insanları narahat edən məsələlər öz həllini tapmalıdır. Burada da əsas prinsip sosial ədalət prinsipidir. Hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir. Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb.

Dövlət başçısı İlham Əliyevin sözügedən görüşdə diqqət göstərdiyi əsas məsələlərdən biri məhz bəzi məmurların qanunsuz hərəkətləri oldu. “Ancaq mən onu da bilirəm ki, yerlərdəki bəzi məmurlar məcbur olub o qanunsuz hərəkətləri icra ediblər. Onların, əlbəttə ki, üzərinə düşən məsuliyyət tamamilə başqa yanaşmanı tələb edirdi. Ancaq, eyni zamanda, o da həqiqətdir ki, bəzi hallarda bax, bu qanunsuz əməllərin təməlində harınlamış, acgöz, gözü doymayan mərkəzdə oturan məmurların göstərişləri olub” söyləyən cənab İlham Əliyev qeyd etdi ki, sağlamlaşdırma və təmizləmə siyasəti nəticəsində artıq heç kim qanunsuz tapşırıq verməyəcək. Əgər kimsə bu tapşırığı verərsə, o adamlar haqqında ciddi ölçülər götürüləcək.

Bölgələrdə məşğulluq məsələsinin həlli də əsas prioritetlərdən biridir. Azərbaycanda bütövlükdə məşğulluqla bağlı son illər ərzində çox böyük islahatlar aparılıb, işsizliyin səviyyəsi aşağı düşüb. Cənab İlham Əliyev vurğuladı ki, ancaq o da həqiqətdir ki, bu gün hələ də bölgələrdən Bakıya, böyük şəhərlərə miqrasiya meyilləri mövcuddur. Bunun müxtəlif səbəbləri var. Miqrasiyanın, kəndlərdən şəhərlərə axının mövcud olması təkcə bizim ölkə üçün xas deyil, inkişaf etmiş ölkələrdə də bu var. Təbii ki, böyük şəhərlərdə imkanlar da genişdir, yaşayış səviyyəsi də daha yüksəkdir. Bütün bunlar başa düşüləndir. Ancaq, eyni zamanda, bölgələrdən şəhərlərə miqrasiyanın səbəblərindən biri də işsizlikdir. Bölgələrdə insanları işlə təmin etmək üçün indi dövlət müxtəlif addımlar atır, müəssisələr yaradılır, sahibkarlara güzəştli kreditlər verilir, özünüməşğulluq proqramı uğurla icra edilir. Artıq on minlərlə insan bu proqramla əhatə olunub. Dövlətimizin başçısı bu tələbi qarşıya qoydu ki, yerlərdəki rəhbərlər iş yerlərinin yaradılmasına çalışsınlar, iş adamlarına şərait yaratsınlar. Çünki yerli istehsalın inkişafı həm məşğulluq məsələlərini təmin edir, eyni zamanda, yerli istehsalı da gücləndirir. Kənd təsərrüfatı və turizmlə bağlı son müddət ərzində dövlət xətti ilə bir çox önəmli addımlar atılmışdır. Bunu daha da genişləndirmək lazımdır. Xüsusilə turizm üçün cəlbedici olan bölgələrdə bu, iqtisadiyyatın, bölgə iqtisadiyyatının kənd təsərrüfatı ilə birlikdə əsas amilini təşkil etməlidir.

Cənab İlham Əliyev bölgələrdə ekoloji tarazlığın qorunmasının da diqqət göstərilən məsələlər sırasında olduğunu bildirdi. “Bizim bölgələrimizdə prinsip etibarilə ekologiya ilə bağlı ciddi problemlər yoxdur. Əsas problemlər Bakı şəhərində idi ki, biz bunu uğurla həll edirik. Bakının yeni mənzərəsi bunun əyani sübutudur” söyləyərək bu məqamı da xüsusi qeyd etdi ki, vaxtilə burada ekoloji fəlakət hökm sürürdü. Həm Bakı, həm Sumqayıt ekoloji cəhətdən ən çirklənmiş şəhərlər hesab olunurdu. Bu gün isə bu, belə deyil. Bu gün Bakı, Sumqayıt parklar şəhərləridir. Biz köhnəlmiş müəssisələri köçürdük, neftlə çirklənmiş yerləri abadlaşdırdıq, rekultivasiya etdik, parklar saldıq. Qara şəhəri Ağ şəhərə çevirdik. Bölgələrdə isə əlbəttə ki, ekoloji tarazlığın təmin edilməsi üçün, necə deyərlər, başqa üsullar var. Qanunsuz fəaliyyəti məhdudlaşdırmaq, aradan qaldırmaq üçün müvafiq göstərişlər verildi.

Təbii ki, atılan addımların, müəyyənləşdirilən hədəflərin əsasında Azərbaycanın bölgələrinin bu gün ən yüksək standartlara cavab verməsi çağırışı dayanır. Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür. Doqquz beynəlxalq hava limanı, yenilənmiş, təmir edilmiş və yeni çəkilmiş dəmir yolları, magistral avtomobil yolları, elektrik infrastrukturu, suvarma ilə bağlı, içməli su ilə bağlı olan layihələr, qazlaşdırma, bütün bunlar görülən işlərin uğurlu nəticələridir. Dövlət başçısı İlham Əliyev məmurların qarşısında bir daha bu vəzifələri qoydu ki, insanlara diqqət göstərmək, onların qayğıları ilə yaşamaq, daim onların arasında olmaq lazımdır. Bütün kəndləri bir-bir gəzib orada - kəndlərdə insanlarla təmasda olmaq lazımdır: “Hər təyinatda icra başçısı olsun, digər rəhbər şəxs olsun, mənim təlimatlarım bundan ibarətdir. Amma əfsuslar olsun ki, yenə də deyirəm, göstərdiyim etimada rəğmən bəzi məmurlar bu göstərişləri yerinə yetirmək əvəzinə, ancaq öz ciblərini güdərək qanunsuz varlanmaya üstünlük verirlər. Əminəm ki, bu yüksək etimadı siz öz işinizlə doğruldacaqsınız. Sizin üzərinizə böyük vəzifə düşür, bəziləriniz artıq rəhbər vəzifələrdə çalışmısınız, təcrübəniz də var. Bəziləriniz yeni təyin olunursunuz. Ona görə əminəm ki, öz işinizlə bu etimadı doğruldacaqsınız və xalqın rəğbətini qazanacaqsınız.”

Atdığı hər addımı ilə 2003-cü ildə verdiyi “Mən hər bir vətəndaşın Prezidenti olacağam” vədini yüksək səviyyədə yerinə yetirdiyini təsdiqləyən cənab İlham Əliyevin dövlət məmurlarından tələbi hər zaman bu olub ki, xalqın yanında olun, onların qayğıları ilə yaşayın, həlli istiqamətində ciddi səylər göstərin. Dövlət başçısı İlham Əliyev məmur-vətəndaş münasibətlərində, xalqla ünsiyyətdə öz şəxsi keyfiyyətləri və nümunəvi davranışı ilə ən mükəmməl örnək olmaqla yanaşı, haqlı olaraq dövlət idarəçiliyindəki hər kəsdən tələb edir: Vətəndaşlarla münasibətdə şəffaflığın artırılması, etik qaydalara əməl edilməsi, onlara daha keyfiyyətli, rahat, müasir şəkildə xidmət göstərilməsi və vətəndaş məmnunluğunun təminatı əsasdır.

Təbii ki, məmur-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması bütövlükdə dövlətin güclənməsinə xidmət edir. Daim öz xalqının yanında olmaq, onun çətinliklərinə, problemlərinə həssaslıqla yanaşıb onların operativ həlli istiqamətində əsaslı tədbirlər görmək Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətidir. Dövlətimizin başçısı daim qeyd edir ki, məmurlar xalqın xidmətçisi olduqlarını unutmamalıdırlar: “Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir.”

Bu gün dövlətimizin başçısı yeni kadr islahatları ilə həm də məmur-vətəndaş münasibətləri sahəsindəki irəliləyişlərin, müsbət tendensiyaların yüksələn dinamika üzrə davamına xidmət edir. Dövlətimizin başçısı üçün vətəndaş məmnunluğu son dərəcə vacib məsələdir. Çıxışlarında “Bu gün Azərbaycanın hər sahəsində islahatların nəticələri vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir» söyləyən dövlətimizin başçısı İlham Əliyev onu da bildirir ki, islahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatlarsız mümkün deyil. Prezident İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən təkmil islahatlar öz müsbət nəticəsini verir. Bu islahatlar dövlətimizin daha da gücləndirilməsinə, xalqın rifahının yaxşılaşdırılmasına hesablanıb. Hazırkı dövrün əsas hədəflərindən bir təbii ki, işğaldan azad edilmiş ərazilərimizin bərpası, soydaşlarımızın bu ərazilərə qayıdışının təmin edilməsidir. Bu bərpa-quruculuq işlərində də vətəndaş məmnunluğunun öndə saxlanıldığı özünü aydın şəkildə nümayiş etdirir. Bu torpaqlara qayıdan soydaşlarımızın məşğulluğunun təmin edilməsi istiqamətində mühüm addımlar atılır. Onlara sosial xidmətin təmin edilməsində şəffaflıq prinsipinin, operativliyin qorunması üçün bu torpaqlarda da Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət” DOST mərkəzlərinin yaradılması əsas hədəf kimi qarşıya qoyulub. Bu istiqamətdə artıq ilk addımlar atılıb. Bir sözlə, hazırda bütün regionlarımızdə, işğaldan azad edilmiş ərazilərimizdə görülən işlər müasir dövrün çağırışlarını özlərində ehtiva edirlər.

Yeganə Əliyeva, “İki sahil”

Chosen
38
6
ikisahil.az

10Sources