Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin 5-ci turu çərçivəsində sabah İslandiyanı qəbul edəcək.
Msport.az xəbər verir ki, komandamızın baş məşqçi Ayxan Abbasov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Sabah bizi gərgin və önəmli oyun gözləyir. Evdə oynayırıq. İslandiya üçün də çox vacib oyundur. Şanslarını davam etdirmək istəyirlər. Futbolçularıma inanıram. Sabah üstünlüyümüz azarkeşlərimiz olacaq. İnanıram ki, bizi tək qoymayacaqlar və dəstək olacaqlar. Rəqib Fransa ilə son matçda xal qazandı. Ukraynaya uduzsalar da, məğlubiyyətə layiq deyildilər. Çox yaxşı oynamışdılar. İlk oyunda ağır məğlubiyyət almışıq. Futbolçulardan o matçı unutmalarını istədim. Həmin görüş çox ağır keçmişdi. İtkilərimiz var. Amma milliyə kimlər çağırılıbsa, onlar üçün şansdır. Elvin Cəfərquliyev xəstələndi, Emin Mahmudovun oynaması sual altındadır. Kimə şans veriləcəksə, onlar üçün fürsət olacaq. Azarkeşlərimizi sevindirmək istəyirik. Gələcəyimiz üçün buna ehtiyacımız var.
– İslandiya ilə ilk oyunla müqayisədə nəyi dəyişmək olar?
– İslandiyanın oturuşmuş heyəti var. Avropanın bir çox klublarında çıxış edən futbolçulara sahibdirlər. Özlərinə məxsus oyunları var. Yeni məşqçi gələndən daha kreativ oynayırlar. Əvvəlki ilə çox fərq var. İlk matç haqda çox da danışmaq istəmirəm. Buraxılan qollardan sonra dağınıqlıq oldu. Bu da böyükhesablı məğlubiyyətə gətirib çıxardı. Amma Reykyavikdəkı qarşılaşmanı unutmalıyıq. Son matçlardakı əzmkar mübarizəni göstərib, xal qazanmaq istəyirik.
– Azərbaycan millisində məğlubiyyət qorxusu yoxdur?
– Hər oyuna çıxanda futbolçularımdan qələbə qazanmağı istəyirəm. Onlar da bunu istəyir. Futbolçularımızın təzyiq altında olmasına səbəb yoxdur. Rəqib daha çox təzyiqdədir. Onların şansı var. Biz daha rahat, öz fubtolumuzu oynamalıyıq. Yeni oyunçularımızın ilk matçı ola bilər. Onlara dəstək olmalıyıq.
– Sizin gəlişinizdən sonra milli qollar vurub. Bunun davamını gətirə biləcəksiz?
– Hər oyunda qol vurmaq istəyirik. Millimizin hücum potensialı var. Təəssüf ki, bəzi futbolçular bu matçda iştirak etməyəcək. Qələbə qazanmaq istəyirsənsə, mütləq qol vurmalısan.
– İslandiya “ikinci mərtəbə”də təhlükəlidir. Bunun qarşısını necə alacaqsız?
– Bu, rəqibin üstün cəhətlərindəndir. İlk oyunda da birinci qolu standart vəziyyətdən vurublar. Bunun üzərində çalışırıq. Fransa ilə görüşdə də standart vəziyyətdən qol buraxdıq. Standart vəziyyətlərə önəm verəcəyik.
– Futbolçulara özünəinam hissi gəlib. Bunu necə etdiz?
– Futbolçulara inam verməliyik. Bu, məşqçilərdən futbolçulara keçir. Danışırıq. Harada olduğumuzu dərk etməliyik. Ölkənin birinci komandasında çıxış edirlər. Hansı rəqiblərlə qarşılaşdığımızı bilirik. Futbol inkişaf edir. Meydanda istəkli olmağa heç nə mane olmur. Keyfiyyətdə uduza bilərik, amma istəkli olmağa heç nə mane olmur. Futbolçular son matçlarda bunu göstərdilər. Oyun planında da inkişaf etməliyik. Oyundan-oyuna fərqli olmalıdır. Bu yöndə işlər davam edir.
– Milliyə 4 qapıçı dəvət etmisiz. Onlardan biri klubunda oynamayan Rza Cəfərovdur. Niyə 4 qolkiper dəvət etdiz?
– Şahruddin Məhəmmədəliyev cəzalıdır və siyahıda 3 qapıçı mütləq olmalıdır. Ona görə 1 qapıçı da əlavə çağırdıq. Səlahət Ağayev təcrübəlidir. Rzanın klubunda oynamamasını bilirik. Ona dəstək olmalıyıq. O da qışdan sonra qərar verib, oynamalıdır. Rzanın yaşını nəzərə alırıq, gəncdir.
– Kamran İbrahimov son oyunlarda özünü yaxşı tərəfdən göstərir. Onun milliyə dəvəti müzakirə mövzusu ola bilər?
– Adlarla danışmaq istəmirəm. Sözüm kiminsə xətrinə dəyə bilər. Hər kəs milliyə dəvət ala bilər. Kimin futbola necə baxdığı da önəmlidir. Kamran perspektivli qapıçı olub. Bu gün məsələyə tək qurtarışla baxmırıq. Millidə böyük oyunlar olur. Şahruddin və digər qapıçılarımız az oynasa da, onların təcrübəsi yetərlidir. Gələcəkdə hər futbolçuya şans yarana bilər.
– Sabah Rüfət Abbasovun oynamaq ehtimalı var? İki mərkəz hücumçusu millidədir. Renat Dadaşov da 90 dəqiqə oynamır…
– Elvin Cəfərquliyevin yoxluğu böyük itkidir. O, çox yaxşı formada idi. Millidə önəmli oyunçulardandır. Sabah Rüfəti meydanda görə bilərik. Hücumçular məsələsinə gəldikdə, gəlin oynayıb-oynamamağı haqda danışmayaq. Bu, yaralı yerimizdir. Qısa vaxtda böyük dəyişiklik etməyə geniş seçimiz yoxdur. Burada olanlar ən yaxşılarımızdır. Maksimum 10-12 futbolçunu da namizəd görə bilərik. Futbolçularla çox danışırıq. İnanıram ki, gələn mövsüm bu oyunçular meydanda çox olacaqlar.
– “Turan Tovuz”dan niyə milliyə dəvət alan futbolçu yoxdur?
– Faiq Hacıyevi çağırırıq. İstəyirdim yenə çağıram. Rüfət Abbasova üstünlük verdik. Faiqin mövqeyində Qismət Alıyev, Abbas Hüseynov, Rəhman Daşdəmirov var. Rəqabət böyükdür. “Turan Tovuz”da potensiallı futbolçular var. Onlar gələcək karyeralarını fikirləşməlidirlər.
– Elvin Cəfərquliyev, Musa Qurbanlı və Mahir Emrelinin olmaması komandanın potensialını aşağı salacaq?
– Elvinin hazırda yaxşı formada olmasını deməliyik. Çempionlar Liqasında bütün matçlarda oynayır. Elvin bizim üçün böyük itkidir. Musa, Mahir əvvəlki oyunlarda bizə kömək edib. Hücum potensialını fikirləşsək, Musa və Mahir bizim üçün böyük itkidir. Hücumda variantlarımız azalıb.
– İslandiya millisinin baş məşqçisi bildirdi ki, Azərbaycanda sistem eynidir, sadəcə indiki milli daha istəkli oynayır…
– Sistem eyni deyil, fərqlidir. Son oyunlarımıza baxıb, istəklə bağlı belə danışıb. Fransa millisi də bizə qarşı ciddi hazırlaşmışdı, Ukrayna da. Biz də rəqibi təhlil edirik. İstəklə bağlı düz qeyd edib.
– Əcnəbi futbolçuları milliləşdirməklə bağlı məsələ nə yerdədir?
– Bu dəqiqə buna lüzum görmürəm. Şəxsi fikrimdir. İlk olaraq qarşımızdakı məqsədi bilməliyik. 2-3 futbolçu bizi Avropa çempionatına çıxaracaq? Öz futbolçularımıza üstünlük veririk.
– Xəyal Əliyevə qulaqburması verdiz?
– Xəyal istedadlı futbolçudur. Belə davam edərsə, ən yaxşı futbolçularımızdan biri ola bilər. Hər bir futbolçunun mənfi xüsusiyyətləri var. Bu yaşda səhv edə bilərlər. U-21 yığmasından qısa müddətdə A komandaya çağırılıb, əsas heyətdə görürksə, az iş deyil. Onların beynəlxalq təcrübələrinin olmasını istəyirik.
– U-19 yığması Çexiyaya 1:6 hesabı ilə uduzub. AFFA rəhbərliyi ilə ümumilikdə futbolumuzun durumu ilə bağlı danışırsız?
– Əlbəttə. İnanın ki, 3-4 gün öncə AFFA-da idim. Baş katiblə bu oyunlar haqda danışırdıq, mövzu elə yerə getdi ki, uşaq futbolu, problemlər… Bir də gördük ki, 4 saatdır danışırıq. Çox çətindir. Bizdən üstün rəqiblərə qarşı çətinlik çəkirik. Tək əsas milli yox, digər yığmalar da. Demək ki, biz onlardan zəifik. Biz inkişaf ediriksə, onlar 5 addım atır. Biz bir meydança tikib seviniriksə, onlar 10-nu tikilir. Bu rəqabətdə uduzacağıq. Amma təslim olmalıyıq? Yox. Bir az da aktiv olmalıyıq, problemləri həll etməliyik. Futbolçuların inkişafı üçün klublar önəmlidir. O futbolçular klubdan gəliblər. Klublardakı iş önəmlidir. Klublarda uşaq futboluna necə yanaşacağıq? Uşaq futbolu ayrılmalıdır. Bəlkə də normaldır. Bəzi böyük klublar var ki, akademiyaları çox zəifdir. Daha çox kənardan oyunçu gətirirlər. Bizdə proses getməlidir, uşaq komandaları artmalıdır. Buna başlamasaq, akademiyaların tikilişi….Bunlar olmasa, bu hesablar olacaq.