EN

Zubirlə tet-a-tet - Abubakar, “Neftçi” fanatları, fərdi məşqlər, karyeranın sonu...

“Qarabağ”ın kapitanı Abdullah Zubir Sportinfo.az-a müsahibə verib.

Ağdam təmsilçisinin 34 yaşlı fransalı vinger “Qarabağ”la “Neftçi” arasında baş tutan və birincilərin 2:0 hesablı qələbəsi ilə başa çatan matçdan sonra sualları cavablandırıb.

- “Neftçi”ni udmağın yaratdığı sevinc fərqlidir?

- “Neftçi” Premyer Liqadakı əsas rəqiblərimizdəndir. Heyətində çox keyfiyyətli futbolçular cəmlənib. Öz oyunu ilə layiqli rəqib olduğunu sübut etdi. Hesab heç kimi çaşdırmasın. Bu gün həqiqətən çox əziyyət çəkdik, gərginlik hiss etdik. Çox sayda qol epizodlarını boşa versək də, yekunda qələbə qazandığımıza görə xoşbəxtik.

- “Neftçi”ylə oyunun motivasiyası digər rəqiblərlə matçlardan fərqlənir?

- Bütün rəqiblərə qarşı oynamaq çətindir. Ötən həftələrdə “Şamaxı”ylə “İmişli”yə qarşı çətinlik çəkdik. “Neftçi”ylə oyun derbidir, azarkeşlərin sayı çox olur, gərginlik yüksəlir və bundan həzz alırıq. Fikrimcə, derbi adına möhtəşəm ab-hava var idi. “Neftçi” azarkeşlərinin sayı da bu gün çox idi. Bizim azarkeşlər kimi, onlar da 90 dəqiqə boyunca fəallıq göstərdilər. Belə qarşılaşmalar və stadiondakı ab-hava çempionata rəng qatır.

- Vensan Abubakarın gəlişi, qolları sıralaması bir “Qarabağ”lı kimi səni sevindirir? Ona qarşı oynamaq necə hisdir?

- Böyük futbolçulara qarşı oynamaq ləzzət edir. Özüm də əslən Afrika qitəsindən olduğum üçün illərdir Abubakarın Kamerun millisi üçün etdiklərini görürəm. Həqiqətən böyük futbolçudur. Portuqaliya və Türkiyə liqalarında etdikləri, millidəki qolları onun böyük futbolçu olmasının sübutudur. Bu gün də yaxşı oynadı, müdafiə xəttimizi təzyiq altında saxladı. Abubakara uğurlar arzulayıram.

- “Çelsi”yə qarşı “11-lik”də yer alanlardan dörd nəfər start heyətindəydi. Maraqlıdır, Qurban Qurbanov oyundan əvvəl sizə nə demişdi?

- Start heyətini baş məşqçi müəyyənləşdirir. O, kimi məsləhət görürsə, onlar da oynayır. “Çelsi” ilə matçdan sonra “hər biriniz “Neftçi” ilə oyuna hazır olun” demişdi. Biz də məşqlərdə öz işimizi görməklə hocanın qərarını gözləyirdik. Düzdür, heyətdə müəyyən dəyişikliklər var idi. Ancaq meydana çıxan hər bir futbolçu əsl mübarizlik nümayiş etdirməklə “Qarabağ”ın formasını geyinməyə layiq olduğunu göstərməyə çalışırdı.

- 34 yaşın var, di gəl, özünü 24 yaşındakı kimi aparırsan. Bu yaşda iki ağır oyunda start heyətində yer almaq zarafat deyil. Fiziki hazırlığınla daha bir neçə il oynamaq həvəsində olduğunu göstərməyə çalışırsan?

- (gülür) Hazırkı formam məni xoşbəxt edir. Bu, komandada görülən işlərin və işimə ciddi yanaşmağın nəticəsidir. Mənimlə xüsusi şəkildə məşğul olurlar ki, idman formamı qoruyum. Hər bir futbolçu kimi mən də bacardıqca çox oynamaq istəyirəm. Lakin həyatda bəzən işlər heç də sən istəmədiyin kimi getmir. Uzunmüddətli plan qurmağı sevmirəm. Qarşımda duran mövsümə baxıram, bir il sonra nə olacağını düşünmürəm. Bu gün özümü əla hiss edirəm, 1 ildən sonra nələr olacağını zaman göstərəcək.

HƏBİB

Chosen
19
sportinfo.az

1Sources