EN

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Paris Sazişi çərçivəsində istilik effekti yaradan qazların emissiyalarının azaldılması üzrə milli hədəfin və bu hədəfi ehtiva edən “Yenilənmiş, 3-cü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr” sənədinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası ilə bağlı Tərəflərin 21-ci Konfransında qəbul olunmuş Paris Sazişinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 362-VQ nömrəli Qanununa uyğun olaraq, İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının vəsatətlərini nəzərə alaraq, Paris Sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. 1990-cı baza ili ilə müqayisədə 2035-ci ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 40 faiz azaldılmasını nəzərdə tutan milli hədəf və bu hədəfi ehtiva edən “Yenilənmiş, 3-cü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr” (NDC 3.0) sənədi təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş milli hədəfə nail olunmasının maliyyə resurslarının artırılması - əlavə beynəlxalq maliyyə dəstəyi (güzəştli kreditlər, özəl sektor investisiyası və s.), texnologiyanın mövcudluğu, texnologiyanın ötürülməsi, texnologiyanın inkişaf səviyyəsi, potensialın artırılması dəstəyinin əldə olunması, meşələrin və digər ekosistemlərin absorbsiyası şərtilə mümkünlüyü nəzərə alınsın.

3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi NDC 3.0 sənədini BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinə təqdim etsin.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş milli hədəfə nail olunması məqsədilə energetika, neft-qaz, nəqliyyat, tullantıların idarə olunması, kənd təsərrüfatı, sənaye sektorları, həmçinin yaşayış və qeyri-yaşayış sahələri üzrə dekarbonizasiya tədbirlərinin dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları, konsepsiyalar və digər sənədlərdə inteqrasiyasını aidiyyəti qurumlarla əlaqələndirməklə təmin etsin.

5. Azərbaycan Respublikasının Energetika Nazirliyi enerji sektorunda, o cümlədən neft və qaz sənayesində istixana qazları emissiyalarının azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsini təmin etsin, bu sahədə bərpa olunan enerji mənbələrinin payının artırılması, enerji səmərəliliyinin yüksəldilməsi və karbon tutumlu texnologiyaların mərhələli şəkildə azaldılması ilə bağlı tədbirləri həyata keçirsin.

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi NDC 3.0 sənədi ilə müəyyən edilmiş milli hədəfə nail olunması məqsədilə nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi üçün müvafiq tədbirlər görsün.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 12 ” “ noyabr ” 2025-ci il

№ 335

Chosen
49
2
xalqqazeti.az

5Sources