EN

Bayramda paytaxtdan bölgələrə və əks istiqamətdə 61 mindən çox sərnişin daşınıb

Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalardan paytaxtdan bölgələrə və regionlardan müxtəlif istiqamətlərə 61 000-dən çox sərnişin daşınıb.

Bu barədə Herbiand.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata əsasən, şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirliməsinə AYNA tərəfindən nəzarət olunub.

Bayram ərəfəsində, bayram və qeyri-iş günlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) bölgələrə 1 360 reys həyata keçirilib, 39 982 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 250-dən çox reys həyata keçirilib.

Bu müddət ərzində regionların avtovağzal və avtostansiyalarından müxtəlif istiqamətlərə 1 477 reyslə 21 193 sərnişin daşınıb.

Biletlər avtovağzalın kassalarından, eləcə də biletim.az portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Sərnişinlərin 45 %-i biletlərini onlayn qaydada "biletim.az" portalından əldə edib. Bakıdan bölgələrə və əks istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb və onların təhlükəsiz mənzil başına çatdırılması təmin edilib.

Chosen
12
9
herbiand.az

10Sources