“Azərbaycan Respublikasının Konstitusiyası – milli həmrəyliyin və hüquqi dövlətin rəmzi”
12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü kimi qeyd olunur. 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Azərbaycan Respublikasının Konstitusiyası haqqında cənab Prezident İlham Əliyev qeyd edib: “Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.” Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunmuşdu. 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiya da, əvvəlki konstitusiyalar kimi, SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı. Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir.
Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası milli birliyimizi və həmrəylimizi tərənnüm etdirir. “Həmrəylik prinsipi müasir Azərbaycan dövlətçiliyinin təməlində dayanır” deyən T.Cəfərova bildirib ki, bu prinsip bütün digər siyasi, sosial-etnik maraqlardan üstün tutulur. Ümumazərbaycançılıq qayəsinin təməlində ədalətli və hamı üçün məqbul sayılan ictimai həyat normalarına əməl edilməsi, ölkənin hər bir vətəndaşının Azərbaycan dövlətinə bağlılığı, onu özünün güvənc yeri sayması, doğma Vətəni qürur mənbəyi hesab etməsi, başqa etnik-dini mənsubiyyəti olan vətəndaşlarla multikultural birgəyaşayış normalarının bərqərar olması və s. kimi tələblər dayanır. Güclü Azərbaycan dövləti anlayışı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə söykənərək onları daim yaşadacaq və zənginləşdirəcək bir siyasi-iqtisadi və sosial-mənəvi idarəçilik institutunun mövcudluğunu ehtiva edir.
Həmrəylik prinsipi müasir Azərbaycan dövlətçiliyinin təməlində dayanır və siyasi, sosial-etnik maraqlardan üstün tutulur deyən millət vəkili Tamam Cəfərova qeyd edib ki, Azərbaycançılıq qayəsinin təməlində ədalətli və hamı üçün məqbul sayılan ictimai həyat normalarına əməl edilməsi, ölkənin hər bir vətəndaşının Azərbaycan dövlətinə bağlılığı, onu özünün güvənc yeri sayması, doğma Vətəni qürur mənbəyi hesab etməsi, başqa etnik-dini mənsubiyyəti olan vətəndaşlarla multikultural birgəyaşayış normalarının bərqərar olması və s. kimi tələblər dayanır.
Deputatın sözlərinə görə, məhz bu milli həmrəylik və Azərbaycançılıq ideyası 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanan Vətən müharibəsində xalqımızın misilsiz birliyinin, milli iradəsinin və dövlətə sədaqətinin təməlini təşkil edib. Həmin həmrəyliyin nəticəsində tarixi Qələbə qazanılmış, 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuşdur. Bununla da Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərdə bərqərar edilmişdir. Onu da qeyd etmək lazımdır ki, əsas Qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək və s. bu kimi nailiyyətlər təsbit olunmuşdu. Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir
Konstitusiyamızın bəyan etdiyi əsas niyyətlərdən biri olan ərazi bütövlüyünün və suverenliyin tam bərpa edilməsi, eləcə də 2025-ci ildə Konstitusiyanın qəbulunun 30 illiyi və Vətən müharibəsində Qələbənin 5 illiyi kimi tarixi hadisələr nəzərə alınaraq, 2024-cü il 28 dekabr tarixli Sərəncamla 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmiş, 2025-ci il 11 fevral tarixli Sərəncamla isə bu ilə dair Tədbirlər Planı təsdiq olunmuşdur.
Deputat onu da əlavə edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının 2025-ci il 10 oktyabr tarixli Qanunu ilə “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” Azərbaycan Respublikasının yubiley medalı təsis edilmişdir. Yubiley medalla Azərbaycan Respublikası Konstitusiyasının hazırlanmasına, təkmilləşdirilməsinə və təbliğinə, qanunvericilik və hüquq sisteminin inkişafına, Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təmin edilməsinə, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, Konstitusiya ilə təsbit olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə, konstitusion ideya və prinsiplərin formalaşdırılması və inkişafına töhfələr vermiş, habelə Azərbaycan dövləti qarşısında xüsusi xidmətləri olan şəxslər təltif edilirlər.
Tamam Cəfərova vurğulayıb ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunması, Konstitusiyanın qəbulunun 30 illiyi Azərbaycan dövlətçiliyinin tarixində yeni mərhələnin başlanğıcını simvolizə edir. Bu, həm də müstəqil Azərbaycan dövlətinin hüquqi dayaqlarının, milli həmrəyliyinin və suveren inkişaf modelinin daha da möhkəmlənməsinə xidmət edir. Millət vəkilinin sözlərinə görə, bu il ərzində həyata keçirilən tədbirlər və təşəbbüslər Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursunun, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşmış müasir Azərbaycan modelinin davamlılığını və sarsılmazlığını bir daha nümayiş etdirir.