“Kapital Bank” və “Birbank” xidmətlərindən istifadə edən vətəndaş bankın valyuta mübadiləsi qaydasından narazı qaldığını bildirib.
AzPost xəbər verir ki, Həmid Alayarov adlı sosial şəbəkə istifadəçisi paylaşımında son iki gündə “Kapital Bank” vasitəsilə iki dəfə valyuta mübadiləsi etdiyini, lakin hər iki əməliyyatda itkiyə məruz qaldığını qeyd edib.
Şikayətçinin sözlərinə görə, ilk dəfə 100 ABŞ dollarını manata dəyişmək istədikdə ona bank daxilində deyil, “çöldəki cash-in aparatında” mübadilə aparmağı məsləhət görüblər. Kurs 1.6970 olsa da, aparat qəpik vermədiyindən 169 manat hesablayıb.
Həmid Alayarov yazır:
“Düşündüm, bəlkə sistemdə texniki problem var, ciddi yanaşmadım. Amma ertəsi gün manatı dollara dəyişmək istədim. Yenə eyni cavabı verdilər. Kurs 1.7020 idi, amma aparat qəpik qəbul etmədiyi üçün 1.71 ilə hesabladı, yəni 171 manat.”
O, bu vəziyyəti ədalətsiz hesab etdiyini bildirib:
“Belə çıxır ki, bu formada bank hər əməliyyatdan insanların cibinə girir. Bu qədər çətin dövrdə belə ədalətsizliyə nə gərək var? Niyə insanların haqqına girirsiniz?”
Sosial şəbəkədə yayılan paylaşım istifadəçilər arasında da geniş müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı “Kapital Bank”ın mövqeyi təqdim olunduğu halda, cavab da saytda dərc ediləcək.