EN

Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə beynəlxalq tədris platforması olan “Euronews Academy” “TV və canlı jurnalistika (“live journalism”)” mövzusunda təlim proqramına başlayıb

Noyabrın 11-də Medianın İnkişafı Agentliyi və Avropanın aparıcı xəbər şəbəkələrindən biri olan “Euronews” telekanalının birgə əməkdaşlığı çərçivəsində “Euronews Academy” beynəlxalq tədris proqramının “TV və canlı jurnalistika (“live journalism”)” mövzusuna həsr olunan növbəti mərhələsinə start verilib.

Açılış mərasimində çıxış edən “Euronews”un Bakı üzrə icraçı direktoru Fernando Soares diqqətə çatdırıb ki, “live journalism” formatı auditoriya ilə birbaşa ünsiyyətə əsaslanan və iştirakçılıq prinsipini önə çıxaran yeni nəsil media təcrübəsidir. O qeyd edib ki, təlim proqramı jurnalistlərə hadisələri canlı, faktoloji dəqiqlik və emosional təsir balansı ilə təqdim etmə bacarıqlarını təkmilləşdirməyə imkan yaradır. Vurğulanıb ki, bu təşəbbüs informasiya məkanında etibarlılığın və ictimai marağın davamlılığının təmininə xidmət edən mühüm addımdır.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli isə qeyd edib ki, müasir media mühitində televiziya jurnalistikasının keyfiyyət göstəricilərinin daha da yüksəldilməsi və yeni texnoloji trendlərin tətbiqi xüsusi əhəmiyyət kəsb edir. O bildirib ki, belə beynəlxalq əməkdaşlıq layihələri gənc jurnalistlərin bilik və bacarıqlarının inkişafına, həmçinin milli televiziya məzmununun beynəlxalq standartlara uyğunlaşdırılmasına töhfə verməklə yanaşı, medianın dayanıqlı inkişafına şərait yaradır.

Dördgünlük təlim proqramı Medianın İnkişafı Agentliyinin Bakı Dövlət Universitetindəki xüsusi auditoriyasında“Televiziya xəbərlərinin hazırlanması, televiziya reportajları və canlı yayım” mövzusu ilə başlayıb. İştirakçılar “Euronews” telekanalının Astana bürosunun rəhbəri, televiziya yayımı sahəsində geniş təcrübəyə malik peşəkar jurnalist və media rəhbəri Bojan Brkiçin təqdimatında xəbər süjetlərinin hazırlanması, efir üçün materialların strukturlaşdırılması və canlı bağlantıların idarə olunması kimi praktiki bacarıqlarla tanış olublar.

Tədris prosesi interaktiv mühazirələr, praktiki tapşırıqlar, qrup müzakirələri və televiziya xəbərlərinin analizi ilə davam edib.

Qeyd edək ki, təlim proqramı noyabrın 14-dək davam edəcək.

1/11
Chosen
16
23
media.gov.az

10Sources