ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə qərəzli açıqlama verib.
O, Azərbaycanla sərhədlərin delimitasiyası prosesi zamanı Ermənistan Bakının nəzarəti altında olan “suveren ərazilər”ini geri qaytarmalı olduğunu iddia edib:
"Delimitasiya nəticəsində Başkəndi Ermənistanın digər suveren ərazilərini geri qaytarmalıyıq".
Paşinyanın bu çıxışı sülh müqaviləsinə əngəl deyil?
Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Paşinyanın dedikləri boş və mənasızdır:

"Onun sözlərinin heç bir hüquqi və tarixi əsası yoxdur. Ermənilər zaman-zaman bu məsələni qaldırıblar. Onlar həmişə Qazaxın yeddi kəndinin və Kərkinin geri qaytarılması ilə bağlı siyasi spekulyasiya ediblər. Hər dəfə guya Başkəndin və digər ərazilərin onlara verilməsini gündəmə gətirirlər".
Lakin siyasətçi vurğulayıb ki, onların bu istəyi hansısa məntiqə sığmır:
"Onlar heç bir mənbəyə söykənməyən “digər ərazilər” ifadəsi ilə yayğın bir təsəvvür yaratmağa çalışırlar. Halbuki Ermənistanın Azərbaycan nəzarətində olan ərazisi yoxdur. Göründüyü kimi, belə bəyanatlar yalnız özlərini və beynəlxalq birliyi aldatmağa xidmət edir".
Həmsöhbətimiz diqqətə çatdırıb ki, Başkəndlə bağlı məsələ də hamıya aydındır:
"1992-ci ildə həmin ərazi Azərbaycanın nəzarətinə qaytarılıb. Hansı ki, tarixən Azərbaycan ərazisi olub və orada ermənilərin yaşamaq haqqı və Ermənistanın mənsubiyyəti ilə bağlı heç bir ciddi sənəd yoxdur.
Hər zaman Başkənddə azərbaycanlılar yaşayıblar, ermənilər isə müəyyən dövrlərdə heyvandarlıqla məşğul olmaq üçün mövsümi şəkildə ora gəliblər, zamanla qalıblar. Amma bu torpaqların Ermənistana heç bir aidiyyəti yoxdur".
Akif Nağı onu da qeyd edib ki, əslində Ermənistanın özü Azərbaycan torpağıdır:
"Biz tarixə əsaslanaraq bütün Ermənistan ərazisinə rəsmi ərazi iddiası irəli sürə bilərik. 1918-ci ildə Azərbaycan Milli Şurasının qərarı ilə İrəvan və ətrafı ermənilərə verilməsi tarixi faktdır. Ondan sonra Sovet dövründə Kreml tərəfindən geniş ərazilər qeyri-qanuni şəkildə Ermənistana verildi.
1921-ci ildə Zəngəzurun bir hissəsi, 1929-cu ildə də əlavə ərazilər qanunsuz şəkildə bizdən qoparıldı. Bunlar hamısı xalqın razılığı olmadan, referendum keçirilmədən baş verib. Əgər Ermənistan bu cür axmaq iddialarla çıxış edərsə, Azərbaycan da bütün Ermənistan torpaqları üzərində iddia qaldıra bilər".
Partiya sədri bunu həm də seçkiqabağı gediş adlandırıb:
"Yəqin ki, Paşinyanın bu açıqlamalarının bir hissəsi də seçkiqabağı populist çıxışlardır. Yəni onun sözləri daxili auditoriyaya hesablanıb. Bunu Rusiya tərəfindən dəstəklənən revanşist müxalifətə qarşı xal qazanmaq üçün atılan addımlar kimi də dəyərləndirmək olar".
Elmir Mustafa
"Cebheinfo.az"
Açar sözlər:
Paşinyan Ermənistan Azərbaycan
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.