EN

“Axın halı” Reportaj

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı payızı bir-birindən gözəl rənglərə bürünüb. Söhbət “Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ Duy” İncəsənət Festivalı çərçivəsində baş tutan sərgilərdən gedir. Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə keçirilən festival sənətsevərlərin böyük rəğbətini qazandı. Bu yazımda tədbirin ən maraqlı layihələrindən olan “Axın halı”dan danışacağam.

“Kichik QalArt Qalereya”sında baş tutan sərgi özünəməxsus atmosferi ilə seçilirdi. Xüsusilə də suyun mistik ruhunun fonunda təqdim olunan işlər insanı sanki fərqli aləmə aparır. Bəli-bəli, məhz su... Daha dəqiq desək, fəvvarələr. Bu sərgi paytaxt incilərinin hekayəsini danışır. Layihədə yer alan yeddi rəssam – Fidan Əbilova, Elnur Musayev, Günel Cəfərova, Leyla İsayeva, Nigar Səfərova, Hüseyn Cəlil və Aydın Bağırov bu hekayələri sənətin dili ilə bizə çatdırır. Rəssamların müxtəlif aspektdən işıqlandırdığı məsələlər vacib məqamlara işıq tutur. Verilən mesajları daha dərindən qavramaq üçün bir neçə dəfə qalereyanı gəzirəm. Bu prosesdə multimedia sənətçisi, sərginin kuratoru Sitarə İbrahimbəylinin fikirləri də mənə kömək olur. Onun sözlərinə görə, layihənin hazırlıqları zamanı hər detal xüsusi diqqətlə işlənib:

“Bildiyiniz kimi, festivalın əsas mövzusu su idi. Ancaq bizim təqdim etdiyimiz layihə fəvvarələr üzərində qurulmuşdu. Bu iş üçün yeddi fəvvarə seçilib. Əvvəlcə sosial şəbəkələr üzərindən açıq çağırış elan olundu, daha sonra isə müraciət edən rəssamların seçilən layihələrinin ictimai performansı reallaşdı. Fontanların hərəsini bir rəssam işləyib. Qalereyada ictimai performansların əksini görürük. Burada foto, video-art, kətan boya, instalyasiya, hətta digital oyun belə var. Bir sözlə, rəssamlar müasir incəsənətin tələblərinə uyğun olaraq fərqli formalarda öz ideyalarını reallaşdırıblar. Bu layihədə tamamilə fərqli janrlarda işləyən rəssamlar toplanıb”.

Sitarə xanımın da qeyd etdiyi kimi, layihə müasir incəsənətin ruhu ilə tandem təşkil edir.

Sərgi ilə bağlı əsas nəzəri bilgiləri öyrəndikdən sonra ayrı-ayrılıqda təqdim olunan nümunələrlə tanış olmağa başlayıram.

İlk diqqətimi çəkən isə gənc, istedadlı rəssam Fidan Əbilovanın “Yaddaşın refleksiyası” adlanan işi olur. Rəssamla söhbətimizdə o qeyd edir ki, performans zamanı fəvvarə heykəllərə bənzəyən rəqqasların iştirakı ilə dəyişib. Onların hərəkətləri davamlılığı və insan həyatının dövri axınını simvollaşdırır: “Mənim performansım Fəvvarələr meydanında baş tutdu. Bildiyiniz kimi, bura 1900-cü illərdə tikilib. Bunu nəzərə alaraq düşündüm ki, fəvvarə yarandığı gündən indiyə kimi xeyli insan onun qarşısından keçib və su gördüklərini yadında saxlayıb. Axı suyun da özünəməxsus yaddaşı var. Sözügedən nüansdan çıxış edərək, fəvvarənin o gündən indiyə qədər qarşılaşa biləcəyi personajları işlədim. Bir sözlə, fəvvarənin yaddaşındakı insanları göstərməyə çalışdım. Təxminən iki həftə müddətində performansın ümumi konsepsiyası müəyyənləşdirildi. Əsərlə birlikdə yaradılmasına isə bir həftəyə yaxın vaxt sərf etdik”.

Növbəti həmsöhbətim isə Elnur Musayev olur. Gənc rəssam “Gizli axın” adlı performansında ekoloji problemlərə dair mesajlar olduğunu vurğulayır: “Bu əsər xatirələri ifadə edir. Bir növ sonsuzluğa dəvətdir. Bu həm heçlikdir, həm də başlanğıc. Əsərdə insanın təbiətlə münasibəti əks olunub. “Gizli axın”da 6000-dən çox parçadan istifadə etmişik. Bunun da öz növbəsində ekoloji mesajı var. Qeyd edim ki, parçalar ikinci əldir. Əslində əsərin mərkəzində gizli bir qüvvə dayanır – bu, sudur. Ancaq biz onu görmürük. Belə ki, bu parçaların hazırlanmasında litrlərlə sudan istifadə olunub. Ona görə də əsəri “Gizli axın” adlandırmışam. Burada həmçinin hekayələr və xatirələr var”.

Sərgidə ən çox diqqətimi çəkən guşələrdən biri də rəngarəng ulduz damalarının toplandığı yer olur.

Əsərin müəllifi Günel Cəfərova ilə söhbətimiz zamanı o bildirir ki, “Bürc fəvvarəsi” adlı iş bizi yansıdan su axını kimi tərtib olunub: “Fəvvarə yalnız memarlıq abidəsi deyil, həmçinin yerlə göyün rəmzidir. Mən də bu işimdə fəvvarəni və ətrafında 12 bürcü təsvir etmişəm. Hər bürc öz səma cismində əks olunub. Performans zamanı insanlar öz arzularını ulduzlu damalar üzərində qeyd ediblər. Beləliklə, inancdan ilhamlananlar öz arzularını suya danışanda arzular yerinə yetir”.

İnancdan ilhamlananlar... Gözəl ifadədir.

Ziyarətçi sayının çoxluğu sərgiyə göstərilən marağın yüksək səviyyədə olmasından xəbər verir. Qeyd edim ki, sərgi noyabr ayının sonuna kimi davam edəcək. Yəni sizin də bu gözəllikləri gəlib canlı görmək üçün hələ zamanınız var. Qalereyada olduğum müddətdə zalın bir neçə dəfə dolub-boşaldığına şahid oluram. Sərgi iştirakçılarının simalarındakı mimikaları, əsərlərlə tanış olarkən verdikləri reaksiyaları diqqətlə müşahidə edirəm. Bəziləri ilə söhbət etmək fürsətim olur. Onlardan biri də Şəbnur Quliyevadır. Sənətsevər xanımın sərgi ilə bağlı təəssüratlarını öyrənirəm:

“Bu işlər zamanın nə qədər axıcı, necə dəyişkən olduğunu ifadə edir. Eyni zamanda bəzi şeylərin heç vaxt dəyişmədiyini bizə göstərir. Nəzərimizdən qaçan detalların isə nə qədər böyük əhəmiyyət kəsb etdiyini xatırladır. Sərginin ideyası çox maraqlıdır. Ekoloji mesajlar isə sərgiyə xüsusi rəng qatır”.

Sonuncu dəfə məkanı gəzir, ruhuma yaxın bildiyim işlərə diqqət kəsilirəm. Nəhayət, gəlib “Bürc fəvvarəsi”nin qarşısında qərar tuturam. Beynimin künc-bucağından üç-beş arzunu seçib mən də yazıram. Daha sonra yaxınlaşıb kağızların üzərinə yazılanları maraqla oxuyuram. Bir arzu isə xüsusilə diqqətimi çəkir: “Dərslərimdə həmişə beş alım, böyüyəndə universitetə qəbul olum, atamla-anam çox yaşasın”.

Necə saf, necə gözəl arzulardır. Oxuduğum üç-beş cümlə mənə bəs edir ki, bunu yazan naməlum qəhrəmanımızın yaşı, mənəvi keyfiyyətləri, xarakteri haqqında müəyyən təsəvvür formalaşsın. Axı arzularımız bizim haqqımızda çox şey deyir. Məsələn, təxmin edirəm ki, bu cümlələrin müəllifi dərslərini çox yaxşı oxuyan, gələcəyinin təəssübünü çəkən, ailəsinə düşkün, eyni zamanda da olduqca həssas məktəblidir. Bəlkə də yanılıram. İstənilən halda, bu təxminlərin içərisində var-gəl etmək, tanımadığın adamların daxili dünyasına qonaq olmaq cəhdi fərqli duyğulardır. Bu isə yalnız incəsənət sayəsində mümkündür. Nə yaxşı bu boz dünyamızda sənət adlı rəng var, nə yaxşı...

Aytac Sahəd

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
52
525.az

1Sources