EN

Azərbaycan nümayəndə heyəti Türkiyənin kino istehsalı sahəsi ilə tanış olub

BAKI, 10 noyabr. TELEQRAF

İstanbulda Azərbaycan–Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyanın 5-ci iclası keçirilib.

Teleqraf xəbər verir ki, görüş zamanı kinematoqrafiya sahəsində həyata keçirilmiş birgə layihələr, eləcə də Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi ilə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kino Baş İdarəsi arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti “TRT”nin İstanbulda yerləşən kino istehsalat pavilyonlarını ziyarət edib. Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Kino Agentliyinin baş direktoru Rəşad Əzizov və digər rəsmi şəxslər “Mehmet: Fatihlər Sultanı” serialının çəkiliş meydançasına baxış keçirərək istehsalat prosesi və texniki imkanlarla tanış olublar.

Türkiyənin serial və kino sənayesində dünya miqyasında formalaşdırdığı istehsal mühiti və infrastruktur barədə məlumat təqdim olunub. Səfərin məqsədi tarixi film istehsalında qabaqcıl təcrübənin öyrənilməsi, texniki proseslərin izlənməsi, həmçinin Türkiyə kino istehsalçılarının Azərbaycanda çəkilişlərə cəlb olunması istiqamətində qarşılıqlı əməkdaşlığın genişləndirilməsidir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Kino Agentliyi tarixi mövzulu filmlərin istehsalına və kino sənayesi infrastrukturunun gücləndirilməsinə xüsusi önəm verir. Bu səbəbdən dövlət dəstəyi ilə həyata keçirilən film layihələrinin müsabiqələrində tarixi janr prioritet istiqamət kimi müəyyən edilib.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2025-ci il mayın 29-da imzalanan Sərəncama əsasən, təsdiq olunan “Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi qaydaları” ölkəmizi beynəlxalq çəkiliş məkanı kimi inkişaf etdirmək, xarici investisiyaları cəlb etmək və beynəlxalq kino əməkdaşlığını genişləndirməyə xidmət edir.

Hazırda “Azərbaycanfilm” kinostudiyasında tarixi filmlərin çəkilişi üçün müasir infrastrukturun yaradılması üzrə planlaşdırma işləri davam edir.

Chosen
28
5
teleqraf.com

7Sources