EN

Zelenskidən Rusiya ilə bağlı ŞOK XƏBƏRDARLIQ

Volodimir Zelenski bəyan edib ki, Rusiya Ukraynada müharibə davam edərkən belə NATO ölkələrindən birinə hücum edə bilər.

Musavat.com xəbər verir ki, bu barədə Zelenski “The Guardian”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Avropa artıq “Putinin əvvəlcə Ukraynanı tam işğal edib sonra digər ölkələrə keçəcəyi” fikrini unutmaldır.

“Putin eyni anda həm Ukraynada müharibə aparmaq, həm də başqa istiqamətlərdə hərəkət etmək imkanına malikdir. O, bunu eyni vaxtda edə bilər”, - deyə Ukrayna lideri qeyd edib.

Prezidentin fikrincə, Rusiya ordusunun Ukraynada uğur qazana bilməməsi fonunda Putinin NATO üzvü olan ölkələrə yönəlmə ehtimalı artır.

“Putin reallıqda uğur qazana bilmədiyi üçün dalana dirənib. Bu çıxılmaz vəziyyət onu başqa ərazilər axtarmağa vadar edə bilər”, - deyə Zelenski vurğulayıb.

O, Rusiya dronları və qırıcılarının Polşa, Rumıniya və Estoniya hava məkanına daxil olmasını da bu tendensiyanın əlaməti kimi qiymətləndirib. Zelenskinin sözlərinə görə, bu hallar Rusiyanın Avropaya qarşı hibrid müharibə apardığını və NATO-nun “qırmızı xətlərini” sınağa çəkdiyini göstərir.

Almaniyanın Birləşmiş Əməliyyat Komandanlığının rəhbəri Aleksandr Zolfrank da oxşar xəbərdarlıq edib. Onun fikrincə, Rusiya istənilən an NATO ölkələrinə hücum edə bilər, lakin resurs çatışmazlığı səbəbindən bu, yalnız məhdud miqyaslı zərbə ola bilər.

Zolfrank qeyd edib ki, Moskvanın belə qərarı Avropa dövlətlərinin mövqeyindən və Rusiyanın təcavüzünə nə dərəcədə hazır olmasından asılı olacaq. O əlavə edib ki, dron hücumları və digər təxribatlar vasitəsilə Kreml NATO-nun reaksiya sürətini və dayanıqlığını ölçməyə çalışır.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin isə əksinə, NATO ölkələrini Rusiyaya qarşı müharibəyə hazırlaşmaqda ittiham edib. Onun sözlərinə görə, Avropa dövlətləri Sürətli Reaksiya Qüvvələrini təchiz etmək, hərbi istehsalı bir neçə dəfə artırmaq və “Moskvadan gələn təcavüz təhlükəsi” barədə əhalini ideoloji hazırlıqdan keçirmək üzərində işləyir.

NATO-nun baş katibi Mark Rütte isə bildirib ki, alyans Rusiyanı effektiv şəkildə cilovlamaq gücündədir. O xatırladıb ki, NATO ölkələrinin ümumi iqtisadiyyatı Rusiyadan 25 dəfə böyükdür və blok 70 ildən çoxdur Moskvanın təxribatlarına qarşı çıxma təcrübəsinə malikdir. Rütte eyni zamanda üzv ölkələri müdafiə xərclərini artırmağa çağırıb:

“Putin artıq göstərib ki, məqsədlərinə çatmaq üçün milyonlarla insanı qurban verməyə hazırdır. Bu, NATO üçün açıq siqnaldır”.

Musavat.com

Chosen
28
10
musavat.com

10Sources