EN

AQTA barədə qalmaqallı iddia: “Laboratoriyalarda gizli proseslər gedir”

Ölkə Prezidenti dövlət idarəçiliyində ictimai iştirakçılıq və ictimai nəzarətin əhəmiyyətini dəfələrlə vurğulayıb. Bu amilləri şəffaflığın və obyektivliyin əsas dayaqları kimi qiymətləndirib. Dövlət rəhbərliyi ictimai nəzarət institutunun formalaşmasını və gücləndirilməsini daim dəstəkləyib, onun vacibliyinə müxtəlif çıxışlarında xüsusi diqqət çəkib.

Lakin son dövrlər fəaliyyəti ilə geniş ictimai müzakirələrə səbəb olan və cəmiyyətdə ciddi narazılıq doğuran Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ictimai şuranın fəaliyyəti praktiki olaraq dayanıb. Halbuki ictimai şuralar vətəndaşların idarəetmədə iştirakını təmin edən, cəmiyyəti narahat edən məsələlərin həllinə dəstək göstərən və dövlət orqanlarında ictimai rəyin təmsilçisi kimi çıxış edən mühüm strukturlardır.

Məlumata görə, AQTA yanında yaradılmış İctimai Şuranın fəaliyyət müddəti artıq başa çatıb, lakin yeni tərkibin formalaşdırılması istiqamətində indiyədək heç bir addım atılmayıb. Qanunvericiliyə əsasən, ictimai şuralara seçkilər iki ildən bir keçirilməlidir. Buna baxmayaraq, Agentlikdə bu müddət artıq yeddi aydır bitib, amma yeni seçkilərin keçirilməsi hələ də gündəmə gətirilməyib.

Qida Təhlükəsizliyi Agentliyi nə üçün qanunla müəyyən olunmuş qaydalara əməl etmir və ictimai şuranın yenilənməsini gecikdirir?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, İctimai Şurada iki il fəaliyyət göstərdiyi müddətdə əsasən Qida Təhlükəsizliyi Agentliyinin məmurları ilə mübarizə aparmalı olub:

“İctimai Şura ilk dəfə yaradılan zaman mən oraya seçildim və iki il ərzində üzv kimi fəaliyyət göstərdim. Bu iki il demək olar ki, yalnız agentlikdəki məmurlarla mübahisələrlə keçdi. Şuraya əsasən biznes assosiasiyaları daxil edilmişdi. Onlar isə Qida Təhlükəsizliyi Agentliyindən asılı olduqları üçün real ictimai nəzarət mümkün deyildi. Hətta bir biznes qurumunun nümayəndəsi Şura sədri seçilmişdi”.

Onun sözlərinə görə, İctimai Şura üzvləri agentlikdə qəbul edilən qərarlar, kollegiya iclaslar və daxili proseslər barədə məlumat ala bilmirdilər:

“Mən dəfələrlə tələb edirdim ki, biz AQTA-da qəbul edilən qərarları öncədən bilməliyik. Lakin iki il ərzində Agentliyin “mətbəxinə” daxil olmaq imkanım olmadı. Kollegiyaların nə zaman keçirildiyi, hansı qərarların qəbul olunduğu barədə bizə məlumat verilmir, sadəcə, kənardan müşahidə etməyə məcbur idik”.

E.Hüseynov bildirib ki, hətta bəzi hallarda İctimai Şura üzvləri ilə ciddi fikir ayrılıqları yaranıb:

“Genetik modifikasiya olunmuş (GMO) məhsullarla bağlı qanun layihəsi müzakirəsində doqquz nəfər AQTA nümayəndəsi mənimlə “razborka”ya belə çağırıldı. Məndən tələb edirdilər ki, sübut edim ki, GMO yemlə qidalanan heyvanların ətində və südündə həmin təsirlər qalır. Mən bunun elmi cəhətdən mümkünlüyünü əsaslandırırdım, amma laboratoriyalar agentliyin nəzarətində idi və nəticə əldə etmək çətin idi”.

Ekspert qeyd edib ki, iki illik təcrübəsi nəticəsində İctimai Şuranın heç bir real təsir mexanizminə malik olmadığını anlayıb:

“Marketlərdə soyuducuların enerji qənaətinə görə isti rejimdə işləməsi, məhsulların xarab olması kimi sadə məsələləri qaldırırdım. Amma heç bir reaksiya olmadı. İctimai Şuralar yalnız formal xarakter daşıyır. Prezidentin İctimai Şuraların fəaliyyətinə dair çağırışları çox düzgün və vacibdir, lakin təəssüf ki, dövlət qurumları bu şuraları formal yaradır, qapılarını bağlı saxlayır, məlumat almağı məhdudlaşdırırlar”.

Chosen
27
7
news365.az

8Sources