EN

''Benfika'' xal itirdi, Mourinyo yenə hakimləri günahlandırdı

Portuqaliya çempionatında 11-ci tur başa çatdı. Joze Mourinyonun çalışdırdığı ''Benfika'' qeyri-sabit nəticələrlə fanatlarını üzməkdə davam edir.

Çempionlar Liqasında keçirdiyi 4 matçın hamısında məğlub olan Lissabon nəhəngi bu dəfə ''Kaza Pia'' ev oyununda büdrədi. Halbuki ''qartallar'' ilk yarının ortalarına qədər 2 top fərqi ilə öndə idilər. Amma elitada qalmaq uğrunda çarpışan ''Kaza Pia'' sürpriz bir geridönüşlə Mourinyo və komandasını qələbəyə həsrət qoydu.

Əvvəlcə 65-ci dəqiqədə qonaqların yerinə yetirdiyi penaltini ukraynalı qapıçı Anatoli Trubin qaytarsa da, ''Benfika''nın müdafiəçisi Tomaş Arauxo qayıdan topu kənara vurmaq istədiyi halda şanssız şəkildə avtoqol müəllifi oldu. Bu qəribə qoldan ruhlanan qonaqlar 90+1-ci dəqiqədə məğlubiyyətdən qurtulmağı bacardılar (2:2). Lider ''Portu'' turu qələbə ilə başa vurduğundan 3-cü pillədə qərarlaşan ''Benfika''nın zirvə ilə xal fərqi 6-ya yüksəldi.

Karyerasının son illərini yalnız şikayət etməklə və özündən başqa hər kəsi günahlandırmaqla keçirən Mourinyo oyundan sonra yenə ənənəsinə sadiq qaldı. Final fitindən sonra hakimlər briqadasına etirazını bildirən ünlü mütəxəssis onları düz dəhlizə qədər ''yola saldı''.

Oyunsorası mətbuat konfransında isə Mourinyo təbii ki, hakimləri ''ağ yuyub, qara sərdi''. Onun fikrincə, qonaqların lehinə verilən penalti haqsız idi və VAR məsələyə qarışmalı idi.

Chosen
40
1
football-plus.az

2Sources