Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə ardıcıl istirahət günlərində ölkənin müxtəlif istiqamətlərində nəqliyyat axını və hərəkət intensivliyi artıb. Bu səbəbdən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə tədbirləri davam etdirir.
Doğru.az xəbər verir ki, Baş Dövlət Yol Polisi idarəsi sürücüləri və piyadaları diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırıb. Müraciətdə xüsusilə vurğulanıb ki, sürücülər uzun səfərlərdən əvvəl nəqliyyat vasitələrinin texniki vəziyyətini yoxlamalı, yorğun və yuxusuz halda sükan arxasına əyləşməməlidirlər.
Bayram günlərində sərnişindaşıma ilə məşğul olan sürücülərdən isə reysdən əvvəl nəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə saxlamaq və sürət həddinə əməl etmək tələb olunur.
Baş Dövlət Yol Polisi İdarəsi bütün yol hərəkəti iştirakçılarını yollarda təhlükəsizliyi birgə qorumağa çağırır.
DOĞRU.AZ