"Sumqayıt"ın hücumçusu Aleksandr Ramalinqom Sportal.az saytına müsahibə verib.
- "Sumqayıt" "Qəbələ" ilə matçda qələbə qazandı. Görüş haqda nə fikirləşirsən? Hər şey istədiyiniz kimi alındı?
- Bəli, belə demək olar. Çünki milli fasilədən öncə Sumqayıta 3 xalla qayıtdıq. Bu da bizim üçün yaxşıdır. Qazanılan nəticə bizi sevindirir.
- "Sumqayıt"da işlər heç də yaxşı getmirdi. “Araz-Naxçıvan” üzərində qələbə sizə böyük motivasiya verib? Hər halda, sonrakı turda da “Qəbələ”ni məğlub etdiniz...
- "Sumqayıt"da işlər pis deyildi. Doğrudur, bəlkə matçlarda yaxşı nəticə olmurdu. Amma bizim yaxşı oyunumuz var. Oyunlar oldu ki, biz məğlubiyyətə layiq deyildik. Buna görə də çox çalışmağa davam edirik. İndi isə ardıcıl iki qələbə qazanmışıq.
- Bu durumda çempionata fasilə verilməsi, sizin üçün pis oldu? Sanki komanda yeni-yeni özünə gəlirdi....
- Xeyr, mən belə düşünmürəm. Çünki hamının istirahət etməyə ehtiyacı var. Ona görə də pis deyil. Bu milli fasilədən daha yaxşı qayıtmaq və növbəti oyuna hazır olmaq üçün daha çox çalışacağıq.
- “Qəbələ” ilə görüşdə də penaltini dəqiq yerinə yetirə bilmədin. Penaltilərlə bağlı problem nədir? Yoxsa, növbəti dəfə yenə vuracaqsan?
- Əgər baş məşqçi mənə şans verərsə, penalti zərbələrini yenə də vuracam! Doğrudur, penaltini vura bilmədim, amma futbolda belə şeylər olur. Qol vurmalıyam, amma qaçırıram! Hər halda, o epizodda Rüstəm Əhmədzadə qol vurdu. Eyni zamanda həm onun, həm də komandanın uğurundan məmnunam. Bu, ən vacib şeydir.
- “Sumqayıt”ın bu mövsüm avrokuboklara vəsiqə qazanması realdır? Səncə, bunu bacaracaqsınız?
- Bunu mövsümün sonunda görəcəyik. Biz maksimum nəticə göstərməyə, maksimum xal qazanmağa çalışacağıq. Sonda isə necə olacağını görəcəyik. Yaxşı komandamız var.
- Saşa İliç özü də çox yaxşı klublarda, güclü millidə futbol oynayıb. Maraqlıdır, şəxsi olaraq, sənə hücumçu kimi keyfiyyəti artırmaq baxımından hansısa göstərişlər verir?
- Bəli. Əlbəttə ki, o, bütün futbolçular üçün fərdi təlimatlar da verir. Yəni, hansı məqamda nə qədər yaxşılaşdıra bilərik mənasında. Yaxşı mövsüm keçirmək istəyiriksə, bu normal və yaxşıdır.
- “Səbail”də də oynamısan və orada da çox yaxşı performans göstərmişdin. Sənə “Səbail”də daha rahat idi, yoxsa “Sumqayıt”da?
- Bəli, “Səbail”lə bağlı da yaxşı xatirələrim var. Amma indi “Sumqayıt”dayam və burada olduğum üçün xoşbəxtəm. Maksimum gücümü sərf edəcəyəm.
- Misli Premyer Liqasında yaxşı performans göstərirsən. Mozambik millisinə dəvət edilmək şansın var?
- Xeyr, düşünmürəm. Neçə dəfə şəxsi problemim üzündən gedə bilməmişəm. İndi isə onların yaxşı liqada çıxış edən yaxşı gənc hücumçusu var. Onlara da uğurlar arzulayıram.
Mirbağırağa
saytlarin hazirlanmasi