EN

Atatürkü anmaq, yalnız onun xatirəsini yad etmək deyil

Bakı Atatürk Liseyinin hər iki şöbəsində böyük öndər Mustafa Kamal Atatürkün anım tədbirləri keçirilib.

Doğru.az xəbər verir ki, hər il 10 noyabr Türkiyə Cümhuriyyətinin qurucusu, böyük lider Mustafa Kamal Atatürkün anım günü kimi qeyd olunur. 1938-ci ilin 10 noyabr səhəri saat 9:05-də Atatürkün vəfatı, təkcə Türkiyə xalqı üçün deyil, bütün Türk dünyası üçün dərin kədər günü kimi yadda qalıb.

Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyi tərəfindən təşkil edilən anım mərasimləri hər iki şöbədə eyni anda baş tutub. Tədbirlər Atatürkün xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, daha sonra Azərbaycan və Türkiyə dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Liseyin müdiri Eylem Gültekin çıxışı zamanı Mustafa Kamal Atatürkün həyat və fəaliyyətindən danışaraq, onun xalqının azadlığı və müasir dövlət quruculuğu uğrunda mübarizəsini vurğulayıb:
“Mustafa Kamal Atatürk bütün ömrünü xalqının rifahına, maarifə, elmə və təhsilə həsr edib. O, qadınlara və gənclərə cəmiyyətin bütün sahələrində yer verməklə müasir düşüncənin bünövrəsini qoyub. Atatürkü anmaq, yalnız onun xatirəsini yad etmək deyil — onun bizə göstərdiyi yolla irəliləmək, elmə, mədəniyyətə və insanlığa xidmət etməkdir.”

E.Gültekin həmçinin vurğulayıb ki, Atatürk uşaqlara və gənclərə xüsusi sevgi ilə yanaşırdı və bu gün də məktəblərdə keçirilən tədbirlərdə onun idealları sevgi ilə yad olunur:
“Əminəm ki, sizlər biliklərə daha dərindən yiyələnəcək, Atatürk və Heydər Əliyevin göstərdiyi yolla inamla addımlayaraq Türkiyə-Azərbaycan qardaşlığının gələcəkdə də inkişafı üçün çalışacaqsınız.”

Tədbir şagirdlərin ifasında “Zeybek” rəqsi və Atatürkün sevdiyi mahnıların səsləndirilməsi ilə davam edib.
Anım mərasimi xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

DOĞRU.AZ

image-img-20251110-wa0018

Chosen
12
3
dogru.az

4Sources