EN

Zəfər, qardaşlıq və sülh paradı

Azərbaycan-Türkiyə-Pakistan birliyinin gücü Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda bir daha nümayiş etdirildi

      Azərbaycan müstəqillik tarixindəki ən qüdrətli günlərini yaşayır. Beş il əvvəl baş verən 44 günlük Vətən müharibəsinin yaratdığı dönüşün, gerçəkliyin nəticəsidir ki, təqvim günlərimizdəki bayramların sayı birə-beş artıb, ötən müddətdə bütün əlamətdar günlərimizi bir başqa əhvalda, bir ayrı ovqatda qeyd etməyə başlamışıq. Qarabağı azadlığına qovuşduraraq Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tam təmin edən Prezident İlham Əliyev hər il 8 Noyabr Zəfər Gününü ikiqat bayrama çevirməyi də özünün xoş ənənəsinə çevirib.

    Bu il xalqımızın milli mübarizə ünvanı Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradın keçirilməsi də bunun daha bir parlaq örnəyi idi.

     Qardaş ölkələr - Azərbaycan, Türkiyə və Pakistanın liderləri – İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Məhəmməd Şahbaz Şərifin birlikdə bu paradda iştirakı Zəfərin beş illiyini qeyd etdiyimiz 8 noyabr 2025-ci il tarixinin mühüm hadisəsi oldu. Bu, Azərbaycan-Türkiyə-Pakistan arasındakı dostluq və qardaşlıq əlaqələrinin, sarsılmaz birliyin təzahürü kimi yaddaşlara yazıldı.

    Həmin tarixdə Bakının Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətini, ən müasir hərbi-texniki arsenalını fəxrlə seyr etdiyimiz ehtişamlı hərbi paradda Türkiyə Silahlı Qüvvələrinin hərbçilərinin, o cümlədən ilk dəfə olaraq Pakistan hərbçilərinin mətin addımlarla tribunanın qarşısından keçidinə şahidlik etməyimiz qardaşlıqdan doğan birliyin gücünü dünyaya bir daha göstərdi.

 R.T.ƏRDOĞAN:  “Əsgərlərimizxə baxdıqca, “Bir millət, iki dövlət” şüarının nə demək olduğunu hamımız görə bilirik”

        “Beş il bundan əvvəl Zəfər paradında da əziz qardaşım Rəcəb Tayyib Ərdoğan bizimlə bərabər idi. Bu gün isə bizimlə bərabər digər əziz qardaşım iştirak edir. Qardaş Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bizim qonağımızdır...

...Bu, üç ölkənin - Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür”, - deyə, Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda çıxışı zamanı Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev birgəliyimizin gücünü vurğuladı.

    İkinci Qarabağ savaşı Azərbaycana həm də kimin düşmən, kimin dost ölkə olmasını tanımaq, kimi unikal imkan yaratdı. 44 günlük müharibə zamanı xüsusilə qardaş ölkələr Türkiyə və Pakistanın böyük siyasi və mənəvi dəstəyini hiss etməsi rəsmi Bakıya apardığı haqq mübarizəsində əlavə stimul, güc verdi.

     Müharibənin başladığı ilk gündən qardaş ölkə Türkiyənin Prezidenti Rəcəb

Tayyib Ərdoğan açıq şəkildə bəyan etdi ki, Azərbaycan tək deyil, onun Türkiyə kimi arxa-dayağı var. Həmin zaman Türkiyə qarşılaşdığı bütün beynəlxalq təzyiqlərə rəğmən bu mövqeyindən qətiyyən çəkilmədi.

     8 noyabrda keçirilən hərbi paraddakı çıxışında Prezident İlham Əliyev bu məqama toxundu: “Bu gün bizim paradda Əziz qardaşım, Türkiyə Cümhuriyyətinin cümhurbaşqanı hörmətli Rəcəb Tayyib Ərdoğan iştirak edir. Əziz qardaşım İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan Ordusuna öz dəstəyini göstərirdi. Onun verdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verirdi, bizi ruhlandırırdı. Qardaş Türkiyə xalqı hörmətli Prezident Ərdoğanın liderliyi ilə Azərbaycana müntəzəm olaraq dəstək göstərmişdir. Müharibə zamanı onun “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır!” deməsi bütün dünyaya çox ciddi mesaj idi. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq”.

     10 dekabr 2020-ci ildə Vətən müharibəmizin qələbə ilə başa çatmasından cəmi bir ay sonra, Azadlıq meydanında keçirilən Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etməsi iki qardaş ölkənin möhtəşəm qələbə qürurunu birlikdə yaşadığının göstəricisi idi.

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paraddakı çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, “İstəyirəm biləsiniz ki, Qarabağın azadlığa qovuşması təkcə Azərbaycan üçün deyil, Türk dünyası üçün də böyük bir qürur mənbəyidir. Azərbaycan Ordusunun Qarabağ torpağında atdığı hər addım, istiqlal və şərəf uğrunda tökülən hər damla qan Türk dünyasının tarixində şərəf nişanəsi olaraq ortaq tariximizə qızıl hərflərlə yazılmışdır”, söylədi.

   Türkiyə lideri əlavə etdi ki, bu gün burada Azərbaycan əsgəri Türkiyədən gələn əsgər qardaşları ilə çiyin-çiyinə, yan-yanadırlar: “Əsgərlərimizə baxdıqca “Bir millət, iki dövlət” şüarının nə demək olduğunu hamımız görə bilirik. Şəhidlərimizin bir-birinə qarışan qanlarının üzərində yüksələn Azadlıq Bayrağı Qarabağın dörd bir yanında şanla, şərəflə, qürurla dalğalanır”.

    15 iyun 2021-ci ildə Azərbaycan və Türkiyə arasında Qarabağ torpağında imzalanan Şuşa Bəyannaməsi iki qardaş ölkənin əlaqələrini strateji müttəfiqlik səviyyəsinə yüksəldib.

 M.Ş.ŞƏRİF: “Pakistan qardaş Azərbaycanın yanında bir qaya kimi dayandı”

     Vətən müharibəsində qardaş Pakistan da ölkəmizə siyasi və mənəvi dəstəyini ifadə edən başlıca dövlətlərdən oldu. 44 günlük müharibənin ilk günündə Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilirdi ki, erməni silahlı qüvvələri tərəfindən sentyabrın 27-də Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının kəndlərinin mülki əhalisini intensiv atəşə tutmasını qınayırıq və bu, növbəti təxribatdır: “Bu, bütün bölgənin sülh və təhlükəsizliyi üçün ciddi təhdiddir. Pakistan qardaş Azərbaycan xalqının yanındadır və onun ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı olan qətnamələrinə əsaslanan mövqeyini dəstəkləyirik”.

 28 oktyabr 2020-ci ildə Pakistan Milli Assambleyası Ermənistanın Azərbaycana qarşı təcavüzünü və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı qəddar hücumlarını qəti şəkildə pisləyən qətnamə qəbul etdi.

    Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paraddakı çıxışında bu məqama belə vurğu etdi: “Xanımlar və cənablar, beş il əvvəl Azərbaycanın cəsur oğulları əziz qardaşım Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən rəhbərliyi ilə tarixi mübarizəyə qalxdılar. Bütün dünya təəccüblə onun şahidi oldu ki, Azərbaycanın cəsur Silahlı Qüvvələri öz ata-baba yurdlarının tacı olan Qarabağı azad etdi. Torpaqların azadlığı uğrunda bütün mübarizə dövründə Pakistan qardaş Azərbaycanın yanında bir qaya kimi dayandı. Bundan sonra da belə olacaq”.

Sarsılmaz birliyin gücü

    Xatırladaq ki, bu il 28 May Müstəqillik Günündə qardaş ölkələr - Azərbaycan, Türkiyə və Pakistanın liderləri Laçında Zirvə görüşü keçirdilər. İşğaldan azad edilən Laçında Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü qardaş həmrəyliyinin təntənəsi idi.

    Həmin tarixdə qardaş ölkələrin liderləri Vətən müharibəsi sayəsində beynəlxalq hüququn prinsipləri çərçivəsində azad edilən Laçından sülh mesajları verdilər və eyni zamanda xalqlarının, ölkələrinin milli maraqlarına qarşı istənilən təhdidə qarşı birlikdə mübarizə aparacaqlarını bəyan etdilər.

     Ümumiyyətlə, hər üç ölkə daim bir-birlərinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir. Vətən müharibəsində Türkiyə ilə Pakistan Azərbaycana tam dəstək ifadə etdikləri kimi, Pakistan və Azərbaycan Şimali Kipr məsələsində daim Türkiyənin yanındadırlar. Həmçinin bir neçə ay əvvəl Pakistan və Hindistan arasında baş verən gərginlik zamanı Azərbaycan və Türkiyə Pakistana açıq şəkildə dəstək nümayiş etdirdilər.

    8 noyabr Zəfər Günündə keçirilən  hərbi paradda Pakistan Baş naziri, “Bu ilin mayında Hindistanla dördgünlük mübarizə zamanı bütün dünya Azərbaycan ilə Türkiyənin böyük xalqlarının və qətiyyətli rəhbərlərinin Pakistanın yanında dayandığının şahidi oldu”,- deyərək birliyimizin verdiyi gücü bir daha qeyd etdi.

    Azərbaycan, Türkiyə və Pakistan arasında hərbi sahədə əməkdaşlıq da xüsusi diqqət çəkir.

    Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda Azərbaycan-Tüerkiyə-Pakistan hərbçilərinin çiyin-çiyinə mətinliklə addımlamaları həm üç ölkənin sıx strateji əməkdaşlığının faktiki hərbi ittifaq formasında olmasını, həm də bu hərbi ittifaqın regional təhlükəsizlik və sabitlik üçün mühüm əhəmiyyət daşıdığını danılmaz şəkildə ortaya qoydu.

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

Chosen
58
27
musavat.com

10Sources