EN

"Azərbaycan Ordusu regionda sülh və sabitliyin qarantıdır”

Noyabrın 8-də Bakıda Azərbaycan Ordusunun Ermənistan üzərində Böyük Zəfərinin 5-ci ildönümü münasibətilə möhtəşəm hərbi parad keçirildi. SİA xəbər verir ki, bu hərbi parad bir daha Azərbaycan dövlətinin, onun ordusunun gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirdi. Paradda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5 min nəfər şəxsi heyəti ilə birgə Türkiyə Silahlı Qüvvələrinin 240, Pakistan Silahlı Qüvvələrinin 120 nəfər şəxsi heyəti iştirak edib. Bu məqam, eyni zamanda, Türkiyə və Pakistan liderlərinin hərbi paradda iştirakları bir daha üç ölkənin dostluq və qardaşlığının nümayişi, sıx strateji əməkdaşlığının faktiki hərbi ittifaq formasında olduğunun göstəricisidir. Yada salaq ki, bundan əvvəl 3 liderin Laçında birgə görüşü keçirilib.

1990-cı illərin əvvəllərində Ermənistan öz havadarlarının dəstəyi ilə Azərbaycan torpaqlarının 20 faizini işğal etdi. Bu işğal 30 ilə yaxın davam etdi, amma Azərbaycan xalqı torpaqlarının azad ediləcəyinə inamını heç vaxt itirmədi. Xalq öz liderinin, öz ordusunun gücünə inanırdı.

Prezident İlham Əliyevin hərbi paradda dediyi kimi, bu, işğal bizim iradəmizi sındırmadı: “Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi. Biz sülh danışıqlarını apararkən, eyni zamanda, bəyan edirdik ki, əgər bu danışıqlar nəticə verməsə, Azərbaycan istənilən yollarla, o cümlədən hərbi yolla öz tarixi, əzəli torpaqlarını azad edəcək”.

Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi paraddakı nitqində bir sıra mühüm mesajlar verdi. Bu mesajlar həm xalqımıza, həm də bütün dünyaya ünvanlanmışdı. Azərbaycan lideri ölkəmizin güclü orduya, güclü Silahlı Qüvvələrə malik olduğunu, ordumuzun döyüş qabiliyyətinin artdığını, ən müasir silahlarla, texnika ilə təchiz olunduğunu bəyan etdi. Ermənistan isə bütün bunlardan düzgün nəticə çıxara bilmədi, İkinci Qarabağ müharibəsi ərəfəsində daha da azğınlaşdı və yeni ərazi iddiaları irəli sürməyə başladı.

“Onlar bizi yeni müharibə ilə hədələyirdilər. Hətta deyirdilər ki, yeni torpaqlar uğrunda yeni müharibə aparacaqlar və Azərbaycanı tam işğal edəcəklər. Deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq. Deyirdilər ki, onlar Bakıda çay içəcəklər. Əslində, onların bu arzuları həyata keçdi. Onları biz gerçəkləşdirdik. Onların tankları bu gün Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Erməni hərbi cinayətkarları bu gün Bakıda məhkəmə qarşısında cavab verirlər və istintaq təcridxanasında Azərbaycan çayını içirlər”, - dövlət başçısı bildirib.

Əslində bu, qarşı tərəfə bir mesajdır ki, Azərbaycanla bağlı yenidən hansısa təcavüzkar iddiaları baş qaldırarsa, onları həmin erməni cinayətkarlarının taleyi gözləyir.

Prezident bildirib ki, noyabrın 8-də “alınmaz qala” sayılan Şuşa şəhəri erməni işğalçılarından azad edildi: “Bizim şanlı Zəfər yürüşümüz 27 sentyabrdan 8 noyabra qədər uğurla davam edirdi. Biz dağlardan, çaylardan, dərələrdən keçərək, sıldırım qayalara dırmaşaraq şanlı Zəfərə doğru gedirdik. Şuşanın düz beş il bundan əvvəl azad edilməsi Ermənistan ordusunun belini qırdı və ondan sonra onlar təslim oldular. Ondan bir gün sonra - noyabrın 9-dan 10-na keçən gecə Ermənistan rəsmən təslim olaraq kapitulyasiya aktına imza atdı. Beləliklə, ərazi bütövlüyümüzü, tarixi ədaləti, beynəlxalq hüququ və milli ləyaqətimizi biz özümüz bərpa etdik”.

Bu gün Azərbaycan həm qalib dövlətdir, həm də regionda sülhün yaradıcısı, qarantıdır.

Milli Məclisin deputatı Arzuxan Əlizadə “525”ə deyib ki, dünən çox möhtəşəm bir səhnəyə şahidlik etdik. Qələbənin 5-ci ildönümü ilə bağlı keçirilən paradda bir çox yeniliklər diqqəti cəlb etdi: “Təbii ki, bu, bizim qürurlu günümüzün 5-ci ildönümü idi və paradın yüksək səviyyədə təşkili gözlənilən idi. Qələbədən sonrakı paradda Türkiyə Pezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edirdi. Bu, iki ölkə arasında analoqu olmayan dostluq və qardaşlığın növbəti bir nümunəsi idi. Dünənki paradda isə cənab Prezident İlham Əliyevlə yanaşı, yenə də Türkiyə lideri Rəcəb Tayyb Ərdoğan və qardaş Pakistanın Baş naziri Şahbaz Şərif də iştirak edirdi. Digər bir yenilik isə ondan ibarət idi ki, Azərbaycan Ordusu ilə yanaşı, Türkiyənin və Pakistanın da silahlı qüvvələrinin nümayəndələrinin paraddan keçidi oldu. Həmçinin ilk dəfə olaraq ordumuzun təchiz edildiyi yeni silahlar nümayiş etdirildi.

Parad, eyni zamanda, bir hərbi güc nümayişidir. Dostlara sevinc, düşmənlərə narahatlıq gətirən bir tədbirdir. Təbii ki, biz ordumuzun güclü olması ilə regionda sülh və sabitliyə xidmət edən addımlar atmağı planlaşdırırıq. Bununla bağlı Azərbaycanın dəfələrlə dünya ictimaiyyətinə verdiyi mesajlar var. Azərbaycan bu gün söz və güc sahibidir. Bu kontekstdə ordumuzun gücü ilə biz regionda sülh və sabitliyin qarantı rolunu oynayırıq”.

Deputat söyləyib ki, Azərbaycan lideri öz çıxışında növbəti dəfə həm dostlara, həm düşmənlərə, həm də bütün dünyaya yeni mesajlar verdi: “Biz faktiki olaraq 30 il ərzində işğala məruz qaldığımız dövrdə təəssüflər olsun ki, beynəlxalq hüququn təmin etməli olduğu sülh və sabitliyi, işğala son verilməsini yalnız öz gücümüzə etdik, buna nail olduq. Cənab Prezident bildirdi ki, ermənilər sözün həqiqi mənasında işğalı genişləndirmək niyyətlərini bəyan edirdilər. Deyirdilər ki, biz silahlarımızla, tanklarımızla Bakıya kimi gəlib burda çay içəcəyik. Dövlət başçısı bu məsələyə çox ritorik yanaşaraq qeyd etdi ki, əslində, onların bu arzuları həyata keçdi. Onların tankları bu gün Hərbi Qənimətlər Parkında nümayiş etdirilir, özləri də Bakıda məhkəmə qarşısında cavab verirlər və istintaq təcridxanasında Azərbaycan çayını içirlər. Bu həm də bir mesaj idi ki, Azərbaycana qarşı hansısa fərqli addım atmaq istəyən, yenə işğal barədə düşünən və başqa bir formada ölkəmizə təsir göstərmək istəyən güclər də bundan nəticə çıxarsınlar ki, Azərbaycan Ordusu heç vaxt buna imkan verməz”.

A.Əlizadə hesab edir ki, bu hərbi parad eyni zamanda, Azərbaycan, Türkiyə və Pakistan dostluğunun, qardaşlığının növbəti bir nümunəsi idi ki, üç lider birgə paradı qəbul etdilər: “Təbii ki, qürurluyuq, həm qələbəmizlə, həm də ordumuzun gücü ilə. Artıq qürurumuzu özümüzə qaytaran dövlət və xalq olaraq dünyanın gündəmdəyik. Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində yeni nəsil silahlardan istifadə etməklə çox böyük bir hərbi performans göstərmiş oldu. Bu gün ordumuzun hərbi taktikası, müharibədəki hərbi gedişləri bir çox aparıcı dövlətlərin hərb dərsliklərinə yazılıb. Yeni nəsil silahlardan, pilotsuz uçan aparatlardan istifadə etməklə və digər taktiki gedişlərlə Azərbaycan Ordusu sözün həqiqi mənasında tarix yazmış oldu. Təbii ki, bu qələbə, zəfər şəhidlərimizin, qazilərimizin canı, qanı bahasına əldə olundu. Şəhidlərimizin ruhu şad olsun, qazilərimizə cansağlığı arzu edirik. Qələbənin ən böyük memarı isə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevdir. Onun İkinci Qarabağ müharibəsinədək etdikləri, Azərbaycanın iqtisadi cəhətdən güclənməsi, ordumuzun yeni silahlarla təchiz edilməsi, işğala son qoyulması üçün atılan digər addımlar təbii ki, Azərbaycan liderinin qətiyyətin, iradəsinin nəticəsidir”.

Pərvanə Sultanova

Chosen
40
sia.az

1Sources