525.az saytına istinadən ain.az xəbər verir.
Şahanə MÜŞFİQ
2020-ci ilin payızı Azərbaycan xalqının tarixində bir möcüzə, parlaq dönüş nöqtəsi kimi yadda qaldı. Qırx dörd gün davam edən Vətən müharibəsi torpaqlarımızın azadlığı ilə yanaşı, həm də milli ruhun, mədəni kimliyin, birliyimizin təntənəsi idi. Bu zəfər yalnız cəbhədə deyil, həm də qəlblərdə, sənətdə, söz və musiqidə qazanıldı.
Hər mərmi səsi ilə yanaşı, bir səs də yüksəlirdi - xalqın ruhunun sədası, qələbə nəğməsi. Çünki xalqın azadlıq mübarizəsi hər zaman mahnıya, şeirə, ritmə çevrilib. Qarabağ Zəfəri də istisna ola bilməzdi, əlbəttə.
44 günlük müharibənin ardından yaranan Zəfər nəğmələri bu xalqın sevincinin, qürurunun, eyni zamanda şəhidlərinin xatirəsinə hörmətinin musiqidəki əksidir.
Bu nəğmələrdə təkcə qələbə sevinci deyil, həm də ağrı, itki, minnətdarlıq və gələcəyə inam var. Azərbaycan musiqisinin müxtəlif sahələrində - xalq mahnılarında, bəstəkarlıq musiqisində, pop janrında, hətta hərbi marşlarda belə bu möhtəşəm duyğular öz əksini tapıb.
Fikrimcə, bu böyük Zəfərimizin nəğməli tarixinin ilk təməli şəhid Xudayar Yusifzadənin səsi ilə qoyuldu. Onun birgə ağır döyüşdən çıxmış yorğun olsa da, silah yoldaşlarında ruh yüksəkliyi yaratmaq üçün oxuduğu "Vətən yaxşıdır" ifası çox qısa zamanda ölkəyə səs saldı. Təəssüf ki, bu nikbin gülüşün, şirin səsin artıq şəhid olması mərhum sənətkar Əlibaba Məmmədovun da icazəsi ilə bu gözəl mahnının musiqi tariximizdə həm də "Xudayar təsnifi" kimi əbədiləşməsinə səbəb oldu.
lll
Zəfər mövzusuna toxunan bəstəkar və ifaçılar arasında çox sayda tanınmış adlar var. Onların hər biri bu qələbənin musiqi salnaməsinə öz səsini, öz duyğusunu əlavə etdi.
Qarabağ Zəfərini əks etdirən musiqilərin bir çoxu xalq motivlərinə əsaslanır. Çünki xalq musiqisi bu torpağın ruhudur. Muğamdan tutmuş pop janrına qədər hər yerdə milli motivlərin təzədən canlandığını görürük.
Bu mahnılarda Xarıbülbül motivi xüsusi yer tutur - çünki o, həm Şuşanın, həm də dirçələn Azərbaycanın rəmzidir.
2021-ci ildə keçirilən "Xarıbülbül" festivalı da bu mənada zəfərin musiqi təntənəsi idi. O festivalda səslənən mahnılar həm köklərimizə qayıdış, həm də yeni dövrün mədəni başlanğıcı idi.
lll
Zəfər mövzusunda ən çox səslənən, dərin mənalı, ruhverici nəğmələr içərisində hələ müharibə gedən ərəfədə Xalq şairi Sabir Rüstəmxanlının sözlərinə yazılmış bir neçə mahnı özünün xüsusi dəsti-xətti, mənası və ruhu ilə seçildi. Onun poeziyası illərdir milli kimlik, Vətən və azadlıq ruhu ilə nəfəs alır. Müharibə dövründə və ondan sonra bəstələnən mahnılar S.Rüstəmxanlının bu poeziyasının təbii davamı idi.
Məşhur müğənni Elçin Cəfərovun bəstələdiyi "Millətəm" mahnısı Qələbəmizə həsr olunmuş ilk qaranquşlardan oldu. Sabir Rüstəmxanlının vətən ruhlu, coşqun qələmindən süzülən "Millətəm" şeiri Elçin Cəfərovun elə o cür coşğun musiqisi ilə gözəl ahəng yaratdı, nəticədə illərdir dilimizin əzbəri olan "Millətəm" mahnısı yarandı:
Min illərlə yanan ocaq hər rüzgara sönən deyil,
Azadlığa könül verən bu sevdadan dönən deyil.
S.Rüstəmxanlının zəfər ruhlu misralarında milli ruh, dil, tarix və torpaq sevgisi birləşir. Onun poeziyası xalqın taleyini danışır. Buna görə də onun sözlərinə yazılan mahnılar təsir gücü ilə fərqlənir.
Sabir müəllimin yaradıcılığı bu gün artıq Zəfər poeziyasının bünövrə daşı sayılır. Onun misralarının musiqiyə çevrilməsi həmin bədii enerjinin xalqın ruhuna birbaşa toxunması deməkdir.
Onun sözlərinə Tərlan Məmmədhüseynov və Elçin Cəfərovun birgə bəstələdiyi "Zəfər marşı" isə yenə də qələbəmizin həm poeziyamızda, həm də musiqimizdə gözəl ifadəsi kimi xalqımız tərəfindən sevildi. Xalq artistləri Alim Qasımov, Brilyant Dadaşova, Tünzalə Ağayeva, Samir Cəfərov, müğənnilər Zamiq Hüseynov, Elçin Cəfərovun Natiq Ritm Qrupunun müşayiəti ilə ifası zəfərimizə ən gözəl töhfələrdən biri oldu. O musiqi ilə səsləndi qulaqlarımızda:
Mən bir millətəm tarix yazan,
Şanlı Qələbəm çıxmaz yaddan!
Bir ağızdan deyək hər an,
Yaşasın Azərbaycan!
Bu misralar həm qəhrəmanlıq, həm də əbədiyyət duyğusunu yaşadır. Mahnının ifasında emosional yüksəliş və milli qürur birləşir. "Zəfər marşı" sadəcə bir musiqi əsəri deyil, həm də əzəmətli bir xalqın qalib mövqeyinin poetik bəyanıdır.
lll
Zəfər nəğmələrinin çoxu şairlərin, bəstəkarların, ifaçıların birgə yaradıcılıq məhsuludur. Bu sintez elə bir enerji yaradır ki, sanki hər kəlmə cəbhədə döyüşən əsgərin addım səsi ilə ahəng təşkil edir.
Həmin dövrdə yüzlərlə mahnı bəstələndi - bəzi mahnılar sevinc dolu, bəziləri həsrətli idi, amma hamısında bir ortaq duyğu vardı: Azərbaycan əsgərinə ehtiram.
Xalq artisti Faiq Ağayevin səsi ilə əbədiləşən "Sən Qalibsən!" mahnısı zəfərimizin sevinc notları kimi ruhumuzu oxşadı. Xanım İsmayılqızının söz və musiqisini yazdığı mahnı indi hər Zəfər günü ərəfəsində yenidən bizə bayram ab-havası yaşadır.
Həmçinin, "Bütün yollar aparır bizi Qarabağa!" misrası ilə yaddaşımızda kök salan "Qələbə" mahnısı hələ müharibənin gedişində yazılan və yayımlandığı ilk gündən bizdə həqiqətən o müdhiş qələbəyə inam oyadan bir nəğmə oldu. Məşhur müğənni Murad Arifin sözlərini, musiqisini yazıb, özünün də ifa etdiyi mahnı özünün şən, nikbin və coşğun ruhu ilə fərqləndi.
lll
Vətənpərvərlik mövzulu mahnıların əvəzsiz ifaçısı Şəmistan Əlizamanlı da bu günlərdə kənarda qala bilməzdi. Onun özünəməxsus səs tembri, duruşu sözləri və musiqisi Nazilə Rahibqızına məxsus "Qələbə" mahnısına başqa bir anlam qazandırdı. İllərlə "Hay ver mənə, cənab Leytenant", "İgid əsgər, möhkəm dayan", "Çağırır Vətən" çağırışları ilə qulaqlarımızda və ruhumuzda əbədiləşən o səsin "Qələbə" hayqırtısı hamımız üçün sonsuz qürur və şükranlıq oldu.
Əməkdar artist Könül Kərimovanın Sevda xanımın sözlərinə, Cabbar Musayevin musiqisini bəstələdiyi "Zəfər vaxtıdır" ifası da bu nəğmələr sırasında özünün layiqli yerini tutanlardan oldu. Bəli, artıq zəfərin, o böyük qələbənin vaxtı yetişmişdi. Xalqımızın bir ağızdan, bir ürəkdən dediyi "Zəfər vaxtıdır" arzusu həm də bu nəğmə ilə əbədiləşdi.
Xalq artisti Tünzalə Ağayevanın "Göz aydın olsun, Qarabağ!" mahnısı da bu silsilədə adı çəkilməli olan nəğmələrdəndir. Yəqin ki, həqiqətən də ən böyük gözaydınlığı 30 ilə yaxın düşmən tapdağında olan, öz əzəli, əbədi sahiblərindən kənar qalan, hər cür təcavüzə məruz qalan, dağıdılan, yandırılan Qarabağa düşürdü. Axı azad olan o idi. Axı bu zülmdən qurtulan, öz həqiqi sahiblərinə qoyun açıb, o doğma əllərlə gülüstana çevrilən idi Qarabağ. Ona görə də Fariz Zeynalovun sözlərinə elə Tünzalə xanımın bəstələdiyi mahnı hamımızın dilindən dedi: "Gözlərin aydın olsun, Qarabağ!"
Hər zaman fərqli poeziya nümunələrinə musiqinin nəfəsi ilə can verən Xumar Qədimova bu dəfə də fərqlənməyi bacardı. Onun şair Rəşad Məcidin "Şuşa" şeirinə yazdığı mahnı eləcə zəfərimizin yekun bəyanı olan Şuşanın azadlıq xəbəri kimi əlamətdar və unudulmaz oldu:
Min şəhər adı var dillərdə əzbər,
Adların ən üstün adıdır Şuşa.
Musiqi notudur cüt hecasıyla,
Dilimin şəhdidir, dadıdır Şuşa.
Tanınmış sənətçi Zamiq Hüseynovun "Mənim atam qəhrəmandır" mahnısı isə həm sözləri, həm musiqisi, həm də klipi ilə dinləyən, izləyən hər kəsi bu gün də kövrəltməyi bacarır. Qəhrəman şəhidlərimizin vətənə əmanət balalarının dilindən yazılmış, elə nəqarətini onların oxuduğu mahnı zəfərimizin bizə nələrin hesabına, hansı fədakarlıqlarla başa gəldiyini hələ çox uzun illər xatırlacaq. Cəlal Qurbanovun sözlərinə Xanım İsmayılqızının yazdığı mahnı xalqın yaddaşında qələbə sevinci ilə yanaşı, şəhidlərin müqəddəs xatirəsini də yaşadır.
Müğənni Xatirə İslamın "Kəndinə qayıdır Xan" adlı mahnısı da zamanında çox reaksiyalar qazandı. Müğənninin özünündə doğulduğu və həsrətini çəkdiyi Xankəndinin azadlığını mövzu alan və qısa zamanda dillər əzbərinə çevrilən mahnının söz və musiqisi Shey Reeyə aiddir.
44 günlük müharibə dövründə sosial şəbəkələrdə gənc musiqiçilər, həvəskar ifaçılar, tələbələr də "Zəfər" ruhunda mahnılar yazır, oxuyur, paylaşırdılar. Bu, xalq yaradıcılığının təbii davamı idi.
Gənc bəstəkarların yazdığı "Əsgər salamı", "Səninləyik, Azərbaycan", "Bayrağım" kimi mahnılar dövlətçilik, vətən sevgisi və birlik ideyasını gənc nəslin dilində ifadə etdi.
Gənc müğənni Cavid Məmmədovun həm sözlərini, həm də musiqisini yazdığı "Qarabağdan salam var" mahnısı hələ müharibənin ilk zamanlarında döyüşçülərimizin məktubu kimi bizi müharibəyə, orada baş verənlərə köklədi. Kövrək notlarda yazılmış, müğənni Azad Şabanovun lirik səsi ilə müşayiət olunan mahnı həm də bizə bir ümid, inam da yaratdı:
Şuşam bizi neçə ildir səsləyir,
Çağırır ki, "təkəm, tez gəlin"- deyir.
Murov dağından uca bir səs gəlir:
Qarabağdan salam var Azərbaycana!
Gənc müğənni Nərmin Kərimbəyovanın musiqi Rasim Əsgərova, sözləri Hüseyn Musayevə aid "Zəfər bayramı" mahnısı isə bu böyük bayramın musiqidəki əksidir.
Bu, həm də onu göstərdi ki, Zəfər musiqisi təkcə peşəkar sənətin deyil, xalqın öz içindən doğan səsin məhsuludur.
lll
Zəfər nəğmələrinin hər birində bir hekayə var. Kiminsə qardaşı, atası, oğlu, nişanlısı cəbhəyə getmişdi; kiminsə şəhid xatirəsi bu sətirlərə çevrilmişdi.
Ona görə də bu mahnılar təkcə qələbə sevinci deyil, həm də şəxsi ağrının kollektiv qürura çevrildiyi sənət nümunələridir.
Zəfər musiqilərində həm poetik sözün gücü, həm də melodiyanın təsiri bir-birini tamamlayır. Bəzən bir cümlə - "Qarabağ Azərbaycandır!" - belə, mahnıya çevrilib xalqın himninə dönür.
Bu, sənətin xalqa, xalqın sənətə çevrildiyi nadir anlardan biridir.
Azərbaycan musiqisinin ən gözəl xüsusiyyəti də məhz bundadır: o, emosiyanın, milli şüurun və bədii zövqün harmoniyasını yaradır.
Zəfər nəğmələri təkcə bu gün üçün deyil. Onlar gələcək nəsillərə ötürüləcək musiqili tarixdir.
Necə ki, "Cəngi" əsrlər boyu xalqımızın döyüş ruhunu yaşadıb, bu günün "Zəfər nəğmələri" də gələcəyin milli kimlik yaddaşına çevriləcək.
Bu musiqiləri dinləyən hər kəs həmin günlərin nəfəsini duyur, həm fəxr, həm minnətdarlıq hiss edir.
Zəfər nəğmələri bizi həm keçmişin ağrısına, həm bu günün sevincinə, həm də sabahın inamına bağlayır. Onlar bizim azadlıq səsimiz, qürur melodiyamızdır.
O melodiyalar bizə xatırladır ki, bu torpağın hər qarışı bir not, hər şəhidin adı bir misra, hər qələbə isə bir musiqidir. Zəfər nəğmələri bu azad ruhun musiqi dilidir. O nəğmələr bu gün Qarabağda, Şuşada, Zəngilanda, Laçında yenidən səslənən azan, bayraq və uşaq gülüşləri ilə birləşir. Və biz bir daha əmin oluruq ki, Zəfər səsi bundan sonra heç zaman susmayacaq!
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.