EN

Kremlin Qarabağda son ümidi necə dəfn edildi?

2023-cü ilin antiterror əməliyyatı olmasaydı, Rusiya hərbi kontingentinin Qarabağda qalma müddəti cəmi iki gün sonra - 10 noyabr 2025-ci ildən daha 5 il uzadıla bilərdi. Söhbət 10 noyabr (2020) kapitulyasiya sənədinin 4-cü bəndindən gedir.

Orada deyilirdi: “Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan Silahlı Qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir, tərəflərdən heç biri müddətin bitməsinə 6 ay qalmış bu müddəanın tətbiqinə xitam vermə niyyətini ifadə etmədiyi halda qalma müddəti avtomatik 5 illik müddətə artırılır”.

Zərrəcə şübhə yox ki, Rusiya bunu çox istəyirdi, buna çalışırdı. Hətta Bakının etiraz etməyəcəyinə əmin idi. 5-10 il nədir, Rusiya Qarabağda əbədiyyən qalmaq niyyətində idi. Torpağımıza həmişəlik qayıtmış kimi özünü aparırdı. Xocalıda Azərbaycan dövlətinin razılığı olmadan tariximizə dəxli olmayan rus ədib və hərbi xadimlərinin, erməni əsillilərin büstlərinin qoyulması, qondarma “Rus icması”mın yaradılmasına başlanması, xunta rejiminə hər cür dəstək verilməsi bunun danılmaz və bariz sübutları idi...

Fəqət, müzəffər Ordumuz bütün planları alt-üst etdi. O dərəcədə ki, Nikol Paşinyan “Qarabağ Azərbaycandır” söylədi. Yeri gəlmişkən, bu gün o, eyni mövqeni bir daha bəyan edib. Təəssüflə onu da bildirib ki, hələ 2018-2019-cu ildə bunu eləməli idi. “Bu mənim səhvim idi” - Nikol diqqətə çatdırıb.

Beləcə, Paşinyan Qarabağın əsl yiyəsinin kim olduğunu bütün dünyaya etiraf və bəyan eləməklə Kremli, Putini möhkəm qəzəbləndirmiş oldu. Axı Moskvanın hədəfi bambaşqa idi: konflikti gələcək nəsillərə saxlamaq, idarə etmək, bu yolla Azərbaycan və Ermənistanı həmişə öz orbitində saxlamaq. Səylər puça çıxdı...

Dünən Rusiya XİN-in Zəfərimizin 5 iliyi ilə bağlı yaydığı şablon bəyanatda “sülhməramlı” kontingentin “müsbət rolu”ndan danışılır. Həmçinin 11 yanvar 2021-ci ildə Moskvada kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun, 26 noyabr 2021-ci ildə Soçidə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyaların yaradılması barədə razılığın əldə olunması və 31 oktyabr 2022-ci ildə Soçi görüşündə humanitar məsələlərin həllinin önə çəkilməsi qeyd olunur.

Rusiya bu sənədlərin hamısının öz aktuallığını saxladığı, “sülh prosesinin yol xəritəsi” olduğunu, Bakı ilə İrəvanın sülh müqaviləsi imzalamasının vacibliyini vurğulayır. “Moskva Azərbaycan və Ermənistan arasında dialoqu dəstəkləməyə, həm ikitərəfli formatda, həm də “3+3” regional platforması çərçivəsində vasitəçilik etməyə hazırdır”, - bəyanatda deyilir...

Ancaq siyasətdə, diplomatiyada eyni “suya” iki dəfə girmək mümkünsüz. Rusiya isə həm 10 noyabr sənədini, həm də sonrakı illərdə Putinin imzaladığı digər üçtərəfli bəyanatları (Moskva, Soçi) təzə kimi təqdim edib onları regiona geri dönüş üçün sanki “yol xəritəsi” qismində görür. Bölgəni 5 il öncəyə qaytarmaq niyyəti ilə yaşayır. Vasitəçilik təklifi də məhz eyni məqsədlə edilir.

Buna isə lüzum qalmayıb. Bakı və İrəvan heç bir vasitəçi olmadan, ikitərəfli formatda sülh müqaviləsini artıq paraflayıb. Sərhədin müəyyən hissəsi delimitasiya və demarkasiya edilib. ATƏT-in Minsk Qrupu ləğv olunub. Qarşılıqlı etimad yönündə bir sıra mühüm addımlar atılıb. Azərbaycan üzərindən Ermənistana artıq taxıl tədarükü başlayıb və s.

Nəhayət, aradan yetərincə zaman keçib. Ağ Evdə məlum sənədlər imzalanıb. Təyyarə faciəsi baş verib. Hansı sınaqdan ki, Rusiya çıxa bilmədi. Ən əsası, bu olay Ukraynaya təcavüz fonunda Kremlin təkcə Azərbaycana deyil, ümumən bölgəyə qarşı xoşməramlı olmayan niyyətlərini çılpaqlığı ilə ortaya çıxardı.

Odur ki, Moskva həqiqətən səhvlərini anlayıbsa və barışıq prosesinə real töhfə vermək istəyirsə, o zaman yolu bəlli: köməyi heç kəsə gərək deyil, barı böyük sülhə əngəl yaratmasın!..

Z.SƏFƏROĞLU

Chosen
14
1
musavat.com

2Sources