EN

Söz hüququ: onu almaq olarmı?..  

İllər öncə əməkdaşlıq etdiyim beynəlxalq media strukturunun iş prinsipindən bir detalı xatırlatmaq istəyirəm. Görürdüm ki, müxbirlər-reportyorlar hər məsələ ilə bağlı azı üç mövqe öyrənir: hamıdan əvvəl hakimiyyətin, daha sonra müxalifətin və bir də müstəqil ekspertlərin.

Başqa nə edə bilər jurnalist? Bundan yaxşı “siyasi balans” tapmaq mümkündürmü?

Əslində “siyasi balans” burada bir az uğursuz ifadədir: müxtəlif rakurslardan fikirlər daha çox ona görə səslənməlidir ki, həqiqət üzə çıxa bilsin.

Doğrusu, dəqiq bilmirəm, eşitdiyimə görə, təəssüf, o vaxt bəzi məmurlarımız, rəsmi siyasət funksionerlərimizin bəzisi guya buna da qane olmurmuş, bundan da artıq loyallıq umurlarmış.

Özünüz mühakimə edin: hər şey bir yana, hansısa beynəlxalq media strukturunda cəmiyyətin hansısa seqmentinə qarşı məhdudiyyət tətbiq etmək olardımı?

Bir daha deyirəm ki, şəxsi demokratik-filan motivlər qalsın bir tərəfə, rəhbərliyə şikayət çatsaydı ki, cəmiyyətin müxtəlif komponentlərinə bərabər deyil, selektiv yanaşılır, kimlərəsə məhdudiyyətlər tətbiq edilir, bilirsinizmi, bunun yerli əməkdaşlarçün hansı acı nəticələri olardı?..

Təkrar deyirəm ki, bunlar yalnız eşitdiklərim, mənə söylənilənlərdir: o vaxt belə deyilirdi. Amma o da var ki, nəinki media strukturlarına, hətta bəzən adi jurnalistlərə məmurlarla dil tapmaq heç də həmişə asan olmur, xüsusən də əvvəlki dövrlərdə.      

Belədəsə, xahiş edirəm, sözlərimi başqa səmtə yozmayın, qərəz kimi də qəbul etməyin – mən də sadəcə, peşəsini dirçəltməyin yollarını arayan sıravi jurnalistəm və bu detalı da beynəlxalq mediadakı bəzi demokratik prinsiplərə diqqət çəkmək üçün qeyd etdim. Bəlkə bu cür prinsipləri önə çəksək son vaxtlarda dərin böhran yaşayan çap mediamız və yaxud onun elektron versiyaları azacıq impuls alar? Bunu da narahat jurnalistin sualı kimi qəbul edin mümkünsə...      

İkincisi, hamı belə düşünür ki, jurnalist kiminsə fikrini səsləndirirsə, guya özü də belə düşünür. Əslində müxtəlif fikirləri səsləndirmək onun sadəcə, borcu, missiyasıdır. Həm də qəzetdə, ya saytda müxtəliflik varsa, daha çox adam müraciət edir onlara, kimsə əlini yelləyib demir ki, “əşşi, bu, hakimiyyətindir” və yaxud da “əşşi, bu, müxalifətindir”!..

Hələ doxsanıncı illərdən daim deyilirdi ki, bəs oxucu cəmi bir qəzeti alıb orada hər şeyi oxumaq istəyir. Müxalif bir şeydir, müstəqil başqa! Çox təəssüf ki, illərlə çalışdıq, amma bu sadə həqiqəti başa sala bilmədik bəzi məmurlarımıza., eləcə də müxalifət “boss”larına.  

Üçüncüsü, vaxtilə hətta qərbli jurnalistlər neçə-neçə maneələri dəf edərək, az qala, həyatları ilə risk edərək terrorçu Bin Ladendən, bundan əvvəl silahlı əfqan mücahidlərindən müsahibələr götürərdilər.

Ötən əsrin əvvəlində bizim istedadlı yazıçılarımızdan biri – Məmməd Səid Ordubadi yazılanlara görə, daşnak Andranik Ozanyandan müsahibə alıbmış! Bunlar o demək deyil ki, onların Ozanyana, Bin Ladenə və ya əfqan mücahidlərinə simpatiyaları vardı, onların sözünü, əməlini təqdir edirdilər.    

Dördüncüsü, görək, bu son illərdə insanlar niyə daha çox sosial şəbəkələrə üz tutur? İnanın, sualın dürüst cavabını tapa bilsək, ənənəvi jurnalistika əlavə impuls alar.

Yenə yadıma keçmiş təcrübə düşür. Bəzi saytlarda bir yenilik vardı. Yazıların altında oxucuların şərh yazmaq imkanı olurdu (buna xüsusi əməkdaş nəzarət edirdi). Bəlkə bunu da tətbiq edək? Axı deyilənlərə görə, insanlarımız sosial şəbəkələrə həm də ona görə çox maraq göstərir ki, orada özlərinin fikirlərini də yaza bilirlər.                  

Problem yalnız jurnalistika ilə bağlı deyil. Eyni sözləri hüquq müdafiəçiləri haqda da deyirlər. Vaxtilə Polşada “Həmrəyliy”in yaradıcılarından olmuş Marek Novitski danışırdı ki, hüquq müdafiəçisi kimi fəaliyyətə başlayanda ona ən çox müraciət edənlər keçmiş siyasi rəqibləri- kommunistlərmiş.

Hüquq müdafiəçisi kimisə dəstək olursa, o anlama gəlmir ki, həmin adama rəğbəti, simpatiyası var, yox, onun da vəzifəsidir, missiyasıdır bu.

Yenə də demokratiya-filan tamam bir yana, axı “təqsirsizlik prezumpsiyası” deyilən anlayış da var: insan haqda məhkəmənin qərarı yoxdursa, cinayətkar sayılmır.  

Hətta belə qəbul olunur ki, adam bütün məhkəmə instansiyalarını keçməyibsə, ümid var ki, bəraət ala bilər. Hələ onu demirəm ki, ən müxtəlif dövlətlərdə ölkəsində bəraət ala bilməyənlər sonradan, məsələn, Avropa İnsan Haqları Məhkəməsinin müdaxiləsilə nəinki bəraət, hətta kompensasiyalar da alıblar, yəni belə hallar da olur təcrübədə - özümüz də çox görmüşük bunu.  

Üstəlik, hətta cinayət törətmiş insanın, məhbusun da müəyyən hüquqları olur və onlar da gözlənilməlidir.

Niyə deyirəm bütün bunları? Söz azadlığı insanın ən fundamental hüquqlarındandır. Buna daim dəstək verilməlidir. Necə ki, böyük Volter deyirdi: “Fikrinizlə razılaşmaya bilərəm, amma onu səsləndirmənizçün hər cür yardım göstərməyə hazıram”

Bunları jurnalistikamızın durumu ilə bağlı da söyləyirəm. Çərənçilik, zəhlətökənlıik olmasın, təkrar deyirəm: siyasətlə 2000-ci ildə qurtarmışam. Amma yenə Popperin bir fikrilə tamamilə razıyam: hələ heç kimə siyasi partiyalarsız demokratiya qurmaq müyəssər olmayıbdır.

Hansısa partiyanı sevməyə, hətta hamısına nifrət edə bilərik. Şəxsən özüm də düşünəndə ki, cildini dəyişmiş bəzi keçmiş qaragüruhçular hansısa yolla təzədən hakimiyyətə gələ bilər, az qala, bədənimdən soyuq tər keçir.

Əksər post-sovet ölkələrində siyasi spektr çox dəyişibdir. Başqa cür ola da bilməz, siyasətə daim yeni adamlar gəlməlidir. Amma bunun üçün o, əlçatan, perspektivli və şəffaf, yəni hansısa “konspiroloji elementlər”dən azad məşğuliyyət olmalıdır ki, gənclər buna həvəs göstərsin.      

Amma bundan da çıxış yolu var: sevmədiyin partiyaya yox, bir başqasına səs ver! Yox, hamısına nifrət edirsənsə (axı belə də apolitik adamar var), ümumiyyətlə, seçkiyə getmə (bu da hüququnuzdur!), nə bilim, imkanın daxilində (konstitusiya çərçivəsində) onlara qarşı ictimai kampaniya apar, onların rəqiblərinə dəstək ol!

Ona qalsa, adamlar da var ki, hətta azad mediaya, jurnalistlərə nifrət edirlər! İndi nə edək? Durub hər şeyi qapayıb “daş dövrü”nə qayıdaqmı?        

Bütün hallarda yenə ən böyük “siyasi senzor”, hətta hakim zamanın və bir də cəmiyyətin özüdür. Gəlin, hər şeyi buraxaq zamanın və insanların - seçicilərin öhdəsinə. Qoy, hər şeyi özləri saf -çürük etsin. İnsanlar, yəni seçicilər düşündüyümüz qədər də sadəlövh deyillər.

Balaca İsveçrə referendumların sayına görə dünya rekordçusudur. Çətin bir məsələ olanda buraxırlar xalqın öhdəsinə. Əlbəttə, bu, həm də onun  tarixi özəlliyidir: balaca ölkədə tarixən təmsilçi demokratiyadan daha çox Russo modelinə, yəni birbaşa demokratiyaya üstünlük verilibdir. 

Yox, demirəm durub hər həftə referendum keçirək. Amma nə siyasətçilər, nə jurnalistlər və nə də bir qeyriləri seçicilərin-cəmiyyətin bütün funksiyalarını mənimsəyə bilməz. Elə məsələlər var ki, onları yalnız cəmiyyət, seçicilər həll edər: o cümlədən hansa partiyanın daha yaxşı, hansının pis olmasını.

Əgər hansısa partiyanın fəaliyyətində cinayət xarakteri varsa, bu, artıq jurnalistlərin, hətta seçicilərin məsələsi deyil, bunun üçün müvafiq orqanlar var. Jurnalistlərin də, seçicilərin də, hüquq müdafiəçilərinin də, nə bilim, qeyrilərinin də belə məsələlərdə bir istəyi ola bilər: məsələ mümkün qədər şəffaf və ədalətlə araşdırılsın ki, həqiqət üzə çıxa bilsin.               

Sırf jurnalistika bir az fərqli məsələdir, onun siyasi ambisiyaları, iddiası olmur. Demokratik hökumət üçün ən çox maraq kəsb edən məsələlərdən biri vətəndaşların - adi insanların, müxalifətin, ekspertlərin, jurnalistlərin onun haqqında nə düşünməsidir.

Ən azı buna görə mediaya dəstək lazımdır. Düşünməyin ki, insanlar kağız-qəzet oxumursa, daha siyasətlə maraqlanmırlar. Belə deyil. Hətta adi insanlarımızın əlindən səhər-axşam telefon düşmür.

Bu, məsələnin bir tərəfi. İkincisi, Azərbaycanda müxtəlif yaradıcı birliklərə dövlət dəstəyi var. Həm də kimsə yazıçılara-şairlərə demir ki, filan romanı-poemanı yaz. Kimsə rəssamlara əmr etmir ki, filan şəkli çək, bəstəkarlara göstəriş yoxdur ki, belə simfoniya yaz! Düzdür, hökumət mediaya da dəstək olur. Amma bunu bir az da genişləndirmək lazımdır.

Büdcədə bununla bağlı da punkt olmalıdır. Bilmirəm, bəlkə də artıq var, amma ən azı orta və böyük biznesin büdcəsində reklamçün də xüsusi yer olmalıdır. Reklam bazarı mümkün qədər liberallaşmalıdır.

İlk baxışda bunlar izafi xərc kimi görünər, amma inanın, bunun pozitiv dividendlərini də görəcəksiniz. O yerdə ki, güclü media var, orada insanların haqqını-hüququnu tapdamaq çətin olur. Xəstələnəndə həkimə müraciət olunan kimi, insanın hansısa hüququ pozulanda da ilk müraciət etdiyi ünvanlardan biri media olur. Özü də hamıya aiddir: kimsə bilirmi sabah başına nə gələcək? Azmı görmüsünüz bu cür halları?..

Hətta demokratik ölkələrdə deputatlar, hüquq müdafiəçiləri mediaya, jurnalistlərə qarşı bir az qısqanclıqla yanaşırlar. Bilirsiniz, niyə görə? Jurnalistlər, media onların bəzi funksiyalarını mənimsəyə bilir. İndiləri deyə bilmirəm, bir vaxt hətta qardaş Türkiyədə böyük qəzetlərin köşə yazarları heç də deputatlardan əskik ictimai fiqurlar deyildilər.   

Baxın, bütün dövlətlər hər il orduya-müdafiəyə böyük pullar ayırırlar. O demək deyil ki, onlar hər gün müharibə aparırlar və bununçün bu pulları ayırırlar. Elə dövlətlər var, bəlkə də iki yüz ildir ordu saxlayırlar, amma heç vaxt müharibə aparmayıblar.

Media da belədir: ona dəstək demokratiya üçün lazımdır. Ona görə lazımdır ki, vətəndaşların söz deməyə-fikir bildirməyə daha bir ünvanı olsun. Qoy, insanlarımızın səsi parlamentdən, azad məhkəmələrdən, o cümlədən də azad mediadan gəlsin. İnanın, küçədə barrikada qurmaqdan qat-qat yaxşı və təhlükəsizdir bu...

Chosen
347
8
musavat.com

9Sources