Naxçıvan, 8 noyabr, AZƏRTAC
“Bölgələrdən AZƏRTAC üçün yazırlar”: Naxçıvan Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri, universitetin “Hüquqşünaslıq” ixtisası üzrə III kurs tələbəsi Yusif Mirzəzadənin Zəfərin 5 illiyinə həsr olunan məqaləsini təqdim edirik.
Beş il əvvəl xalqımız tarixinin ən şərəfli günlərindən birini yaşadı – tarixi ədaləti və unudulmaz Qələbəni bizlərə bəxş edən möhtəşəm Zəfər Gününü. Sanki əsrlərin nisgili bir anda çilik-çilik olmuşdu, torpağın sinəsində illərlə qəm-kədərdən yaranan kölgələr dağılmış, Vətən torpağını əbədi nurla işıqlandıracaq Zəfər Günəşi doğmuşdu.
O günün səhəri yalnız Qələbənin xəbərçisi deyildi; o, xalqın iradəsinin, milli birlik və qəhrəmanlıq ruhunun görünməz körpüsü kimi hər birimizin ürəyinə yol tapmışdı. Hər addımda duyulan qürur, hər səngərdə eşidilən Zəfər nidaları, gözlərin içində parlayan sevinc – bunların hamısı bir-birinə bağlı idi. Sanki bunların hamısı Zəfər Günəşinin şüalarını azad torpağın hər qarışına yayırdı.
44 günlük mübarizədə Ali Baş Komandan İlham Əliyevin polad iradəsi ilə Azərbaycan Ordusunun yenilməz gücü dəmir yumruğa çevrildi. “Qarabağ Azərbaycandır!” nidasını səngərdən səngərə, zirvədən zirvəyə daşıyan qəhrəmanlarımız düşmənin bağrına sarsıdıcı zərbə vurdu. Düşmənin illərlə qurduğu sədlər qəhrəman Azərbaycan əsgərinin qarşısında parça-parça oldu; yolu haqqa, işi haqqa, əzmi haqqa söykənən ordunu heç bir maneə dayandıra bilmədi. Bu Zəfər torpağın harayına səs verənlərin, yurdun çağırışını canından üstün tutanların yazdığı ən şanlı dastan oldu.
Beş il keçib… Lakin hər bir azərbaycanlı o günün həyəcanını və qürurunu indi də yaşayır. Çünki, o Zəfər xalqın iradəsini möhkəmləndirdi, ümidləri dirçəldərək gələcək üçün yeni həyat yolunu açdı. Dağların qoynunda Xarıbülbüllər qürurla yenidən baş qaldırdı, küləklər Zəfərin sədasını eldən-elə daşıdı. Dağıdılmış kəndlərdə yeni evlər ucalır, yollar çəkilir, şəhərlər yenidən dirçəlməyə başlayır. Sükutun yerini Qələbənin nəfəsi aldı, dağıdılmış yurd yerləri isə bir xalqın yenidən diriliş dastanına çevrildi.
İndi Qarabağın hər guşəsi qürur və ümidin şahidi, xalqımızın birlik və Zəfər ruhunun canlı təcəssümüdür. Bu torpaqlar yalnız keçmişin xatirəsini daşımır, həm də xalqımızın Zəfər ruhunu əks etdirir. Təsadüfi deyil ki, bu gün insanların səsi, uşaqların gülüşü, işçilərin zəhməti bu torpağın hər qarışına həyat bəxş edir, Qarabağı yenidən dirçəldən nəfəs olur. Bu torpaq indi həm azadlığın, həm ümidin, həm bu günün, həm də sabahın simvoludur.
Beş il əvvəl doğan Zəfər Günəşi indi Qarabağın hər qarışına, xalqımızın qəlbinə əbədi işıq saçır və Vətən torpağına əbədilik bəxş edir. Heç şübhəsiz ki, bu gün olduğu kimi, o işıq sabah da əbədi parlayaraq gələcək nəsillərə Vətənə, azadlığa və milli qürura olan sevgini çatdıracaq.