EN

DTX Akademiyasında suverenlik mövzusunda konfrans

Xalq qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının Heydər Əliyev Muzeyində Zəfər Gününə və “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Azərbaycanda demokratik respublika modelinin təşəkkül tarixi: dövlət rəmzlərinin təsis edilməsindən dövlət suverenliyinin tam əldə edilməsinə aparan yol” adlı respublika elmi-praktik konfransı keçirilib.

Tədbirdə akademiyanın və digər xüsusi təyinatlı ali təhsil müəssisələrinin rəhbər şəxsləri və professor-müəllim heyətləri ilə yanaşı, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Vətən müharibəsi iştirakçıları və təhlükəsizlik orqanlarının veteranları iştirak ediblər.

Konfransda giriş nitqi ilə çıxış edən akademiyanın rəisi, general-mayor Elşad Nəsirov bu il noyabrın 8-də xalqımızın qazandığı tarixi Zəfərdən beş il ötdüyünü diqqətə çatdırıb. Zəfər Gününün Azərbaycan xalqının dövlətçilik tarixinə milli kimliyimizin, azadlıq iradəmizin və müasir dövlətçiliyimizin simvolu kimi qızıl hərflərlə yazıldığını qeyd edən natiq bildirib ki, ulu öndər Heydər Əliyevin misilsiz səyləri ilə hüquqi, demokratik dövlət quruculuğu yoluna qədəm qoyan müasir Azərbaycan Respublikası bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf səviyyəsinə yüksəlib.

Tədbirdə çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının müasir inkişaf mərhələsinin, onun hüquqi və siyasi sisteminin formalaşmasının ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu qeyd edib. Ə.Hüseynli bildirib ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirərək Azərbaycanı qalib, güclü və tam suveren dövlətə çevirib.

Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, “Qarabağ” və “Azərbaycan bayrağı” ordenli Vətən müharibəsi iştirakçısı, polkovnik Nəsimi Şadmanov konfransda çıxış edərək ulu öndər Heydər Əliyevin dövlətçiliyin əsas sütunlarını yaratmaqla yanaşı, müasir Azərbaycan Ordusunun təməlini formalaşdırdığını qeyd ediblər.

Natiqlər bildiriblər ki, dövlətimizin başçısı Prezident İlham Əliyevin qətiyyəti, xalqla ordunun birliyi nəticəsində Vətən müharibəsində şanlı Zəfər əldə edilib. 44 gün davam edən Vətən müharibəsində və antiterror əməliyyatında şəhidlərimiz canlarını fəda edərək, xalqımızın azadlıq salnaməsini yazıblar.

Həmçinin o da qeyd olunub ki, Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində bu gün müstəqil Azərbaycanın hərbi-siyasi qüdrəti durmadan artır, ordumuz davamlı olaraq ən müasir silahlarla təchiz olunur, hərbçilərin sosial vəziyyəti gündən-günə daha da yaxşılaşdırılır.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
6
15
xalqqazeti.az

10Sources