EN

Soyuqdəymə zənn edilir, amma... - Alimlərdən təhlükəli fəsadlar yaradan virus barədə XƏBƏRDARLIQ

Sinqapur Baş Xəstəxanasının tədqiqatçıları xəbərdarlıq ediblər ki, çox vaxt adi soyuqdəymə ilə səhv salınan respirator-sinsitial virus (RSV) ağır fəsadlara səbəb ola bilər və təhlükəlilik dərəcəsinə görə qrip və COVID-19 ilə müqayisə olunur.

Publika.az xəbər verir ki, tədqiqatın nəticələri “JAMA Network Open” jurnalında dərc olunub.

“PREPARE” (Program for Research in Epidemic Preparedness And REsponse — Epidemioloji Hazırlıq və Cavab Tədqiqat Proqramı) proqramının alimləri RSV, qrip və COVID-19 səbəbindən xəstəxanaya yerləşdirilən on minlərlə hadisənin məlumatlarını təhlil ediblər. Bütün hallarda RSV-yə yoluxma zamanı xəstəliyin ağırlıq dərəcəsi digər virus infeksiyaları ilə bərabər və ya daha yüksək olub.

“Təxminən 5–10 faiz soyuqdəymə simptomları olan pasiyentlər əslində RSV ilə yoluxublar. Bu virus qrip və ya koronavirusa nisbətən daha az rast gəlinir, lakin onun nəticələri eyni dərəcədə ciddi ola bilər”, – deyə tədqiqatın aparıcı müəllifi, infeksionist İen Vi bildirib.

Təxminən 13 min hospitalizasiya halını əhatə edən ilk tədqiqatda RSV diaqnozu qoyulan pasiyentlərin təxminən 5 faizi xəstəxanaya yerləşdirildikdən sonra 28 gün ərzində vəfat edib. Bu xəstələrdə ölüm halları və reanimasiya şöbəsinə düşmə tezliyi qriplə xəstələnənlərlə müqayisədə daha yüksək olub. Xəstəliyin gedişatının ağırlığı baxımından RSV, daha əvvəl koronavirusa qarşı gücləndirici vaksin qəbul etmiş pasiyentlərdəki COVID-19 ilə eyni səviyyədə olub.

Chosen
10
6
publika.az

7Sources