BAKI, TurklicWorld, Orxan Qədirzadə
Türkiyənin xarici işlər naziri Hakan Fidan, Rumıniyanın xarici işlər naziri Oana Toiu ilə keçirilən görüşdən sonra birgə mətbuat konfransında mühüm açıqlamalar verib.
TurklicWorld-un məlumatına görə, nazirlər ikitərəfli münasibətlər, enerji əməkdaşlığı, müdafiə sənayesi, Karadeniz təhlükəsizliyi, regional proseslər və Qəzzadakı vəziyyəti müzakirə ediblər.
Çıxışı zamanı Fidan bildirib ki, Rumıniya Türkiyənin Avropa İttifaqına tam üzvlük prosesinə ən səmimi dəstək göstərən dövlətlərdən biridir.
Nazir deyib ki, Türkiyənin AB-yə üzvlüyünə dair strateji mövqeyi dəyişməyib. Dəyişən qlobal balanslar, Avropa ilə Türkiyənin bir-birini tamamlayan iki əsas aktor olduğunu açıq şəkildə ortaya qoyur.”
Nazir əlavə edib ki, Gömrük Birliyinin yenilənməsi və viza dialoqunun canlandırılması ilə bağlı gözləntilər Rumıniya tərəfi ilə paylaşılıb.
Fidan, Qaradənizin həm regional sabitlik, həm də enerji və nəqliyyat yollarının təhlükəsizliyi baxımından prioritet sahə olduğunu qeyd edib.
“Qaradənizdə Rumıniya və Bolqarıstanla həyata keçirdiyimiz tədbirlər üzrə Birgə Qrup 2024-cü ildən uğurla fəaliyyət göstərir. Gələcək mərhələdə sualtındakı yüksək əhəmiyyətli infrastrukturun qorunmasında da əlavə öhdəliklər götürülməsi faydalı olacaq.”-deyə nazir əlavə edib.
Nazir ayrıca Rumıniyanın Türkiyədən “Hisar” sinfi korvet tədarük etməsinə hazırlaşdığını bildirib.
Həmçinin nazir deyib ki, Ruminya ilə Türkiyənin müdafiə sənayesi əməkdaşlığı sürətlə genişlənir. Bu layihə iki ölkə arasında strateji tərəfdaşlığın mühüm addımı olacaq.
Fidan Qəzzədəki prosesə dair də bəzi açıqlamalar verib.
Fidan deyib ki, Fələstin tərəfi bütün əsirlərin təhvil verilməsi və cəsədlərin qaytarılması üçün ciddi iradə ortaya qoyub. Lakin İsrail hələ də humanitar yardımın girişinə icazə vermir. Yardımlar anbarlarda və maşınlarda gözləyir, xalqın təcili ehtiyacları qarşılanmır. Bu, qəbulolunmazdır.
Nazir bildirib ki, Qəzzə ilə bağlı BMT Təhlükəsizlik Şurasında yeni qərar layihəsi üzərində iş aparılır, Türkiyə isə sənəd üzrə öz təkliflərini tərəflərlə bölüşüb.
Fidan qeyd edib ki, Türkiyə həm tərəflərlə, həm də beynəlxalq aktorlarla fasiləsiz diplomatik əlaqələr saxlayır.
“Sülhün təmin edilməsi və Qəzzənin yenidən qurulması üçün çalışırıq. Barışın itirilməsinə deyil, möhkəmlənməsinə yönəlmiş addımlar atılmalıdır.”-deyə Fidan əlavə edib.
Nazir bildirib ki, Türkiyə və Rumıniya arasında 2024-cü ildə ticarət dövriyyəsi 12 milyard dolları ötüb, hədəf isə 15 milyard dollardır. Enerji sahəsində yeni layihələr, nəqliyyat və logistika marşrutları üzrə birgə təşəbbüslər gündəmdədir.
Qeyd edək ki, Türkiyə və Rumıniya 2011-ci ildə strateji tərəfdaşlıq, 2024-cü ildə isə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində münasibətlərini yeni mərhələyə yüksəldib.