ABŞ Prezidenti Donald Tramp Avstraliya, Malayziya, Tailand və Yaponiya ilə strateji mineral ehtiyatlarla bağlı sazişlər əldə etdikdən sonra diqqətini Orta Asiyaya yönəldib. Noyabrın 6-da Vaşinqtonda ABŞ Prezidenti ilə Mərkəzi Asiya ölkələrinin (Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan) liderləri arasında 5+1 formatında görüş keçirilib.BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Vaşinqtondakı müzakirələrin əsas mövzusu ABŞ-ın Mərkəzi Asiyanın mineral ehtiyatlarına çıxış imkanları olub: “Hazırda bu sahədə regionda əsasən iki oyunçu - Çin və Rusiya var. Buna baxmayaraq, Vaşinqton rəqabətdə geri qalmaq istəmir. Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Özbəkistan Prezidenti Şövkət Mirziyayev arasında saziş imzalanıb. Özbəkistanın yaxın üç ildə ABŞ iqtisadiyyatına yatıracağı investisiyaların həcmi 35 milyard dollar təşkil edəcək. Gələcək onillikdə bu rəqəmin 100 milyard dolları keçəcəyi açıqlanıb. Saziş aviasiya, kənd təsərrüfatı və informasiya texnologiyaları sektorlarını əhatə edir. ABŞ Qazaxıstan uranının nəqlinə də maraq göstərir. Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Vaşinqtonda elan edib ki, ölkəsi “İbrahim sazişi”nə qoşulur. Vaşinqtonun hazırladığı saziş müxtəlif müsəlman ölkələrinin İsraillə tərəfdaşlıq münasibətlərini gücləndirməsini nəzərdə tutur. Bu, Trampın xarici siyasətdə növbəti uğuru sayıla bilər. Vaşinqtondakı görüşdə Mərkəzi Asiyadan keçən Orta dəhlizin perspektivi də müzakirə olunub. Mərkəzi Asiya neft və qaz ehtiyatları ilə yanaşı, nadir torpaq metalları ilə də zəngindir. ABŞ üçün bu resursları nəql etmək strateji əhəmiyyət kəsb edir. Məsələ burasındadır ki, Çin nadir torpaq metalları ixracına məhdudiyyətlər qoyduqdan sonra ABŞ-Çin münasibətlərində yeni gərginlik yaranıb. Hazırda Çin bu bazarın 70 faizini hasilat, 90 faizini emal, 93 faizini isə maqnit istehsalında idarə edir. Öz növbəsində Mərkəzi Asiya ölkələri nadir torpaq metallarını ABŞ-a nəql etməyə hazırdırlar. Vaşinqton eyni zamanda Orta Asiyadakı böyük volfram yataqlarına da maraq göstərir. Qazaxıstan Prezidenti Tokayev isə bu metalları “yeni neft” adlandırıb. Qazaxıstan 20 milyon tondan çox yeni nadir torpaq ehtiyatı aşkar etdiyini açıqlayıb. Təsadüfi deyil ki, ABŞ-ın Qazaxıstandakı səfiri Culi Staftın sözlərinə görə, ABŞ-ın ehiyac duyduğu nadir torpaq metallarının az qala yarısı çalışdığı ölkənin ərazisindədir. Bu arada, Özbəkistan Prezidenti Mirziyayevin 500 milyon dollarlıq nadir torpaq layihələri elan etməsi də diqqəti çəkib. Bu rəqəmlər təsdiqlənərsə, Özbəkistan bu sahədə Çin və Braziliyadan sonra üçüncü yeri tutacaq. Mərkəzi Asiya ölkələri Vaşinqtonla siyasi və iqtisadi əlaqələrigücləndirməklə Çin və Rusiyanın bölgəyə təsir imkanlarını azaltmağı planlaşdırırlar. Vaşinqton Mərkəzi Asiya ölkələri ilə 5+1 formatını 2015-ci ildə təsis edib. Ancaq Vaşinqton bu illərdə 5+1 formatı çərçivəsində hədəflərini tam müəyyənləşdirməmişdi. Donald Tramp ikinci dəfə Ağ Evə qayıtdıqdan sonra bu formatı gücləndirməyə qərar verib. Bunun Cənubi Qafqaza, o cümlədən Azərbaycana da faydası olacaq. Vaşinqtonun Mərkəzi Asiyadan idxal etməyi planlaşdırdığı məhsullar məhz Azərbaycan üzərindən nəql olunacaq. Buna görə də Tramp administrasiyası üçün 5+1 formatında görüşdən əvvəl Azərbaycanla Ermənistan arasında sülh sazişini paraflamaq və “Tramp yolu”nun anonsunu elan etmək vacib idi. Aydındır ki, Moskva və Pekin Vaşinqtondakı sammiti və əldə olunan nəticələri analiz edəcəklər. Moskva və Pekin müxtəlif vasitələrlə Vaşinqtonun planlarına mane olmağa çalışacaqlar. Çin Mərkəzi Asiyanın resurslarına daha çox yiyələnmək üçün bölgə ölkələrinə əvvəlkidən daha münasib kreditlər təklif edəcək. Odur ki, ABŞ da Mərkəzi Asiya ölkələrinə yatırımları artırmağa məcburdur. Mərkəzi Asiyanın resursları uğrunda mübarizəyə qoşulan daha bir istiqamət var. Avropa Birliyi də Mərkəzi Asiyanın resurslarından faydalanmağa çalışır. Təsadüfi deyil ki, son illərdə AB rəsmilərinin və birliyə daxil olan ölkə liderlərinin Mərkəzi Asiya dövlətlərinə səfərləri artıb”.