Peşəkar kikboksinq və MMA döyüşçüsü Suad Səlimova sabah “Dynamite” MMA turnirində növbəti döyüşünə çıxacaq. 

Təmsilçimiz fransız idmançısı Laetitia Gallardo ilə qarşılaşacaq.

Səlimova Offsideplus.az saytına açıqlamasında bildirib ki, döyüşə tam hazırdır:

“Ən yaxşı performansımı göstərmək istəyirəm. Gözləntilərim yüksəkdir, əlimdən gələni etməyə çalışacağam. İnşallah qələbə bizimlə olacaq.

İzləyicilərimə demək istəyirəm ki, mən hər dəfə rinqə çıxanda yalnız özüm üçün yox, həm də xalqımızın adını şərəflə təmsil etmək üçün döyüşürəm. Rinqə çıxanda Azərbaycan bayrağı ilə çıxıram. Bu, mənə ikiqat güc və motivasiya verir. Bilirəm ki, mənim arxamda xalqım dayanır — bu hiss məni hər raundda daha da irəli aparır”.

Döyüşçü sponsor dəstəyinin önəmini də vurğulayıb:

“İndiyə qədər əldə etdiyim hər şeyə öz zəhmətimlə çatmışam. Mən heç vaxt asan yol seçməmişəm. Amma arzu edirəm ki, gələcəkdə daha çox dəstək və sponsorluq imkanları açılsın. Çünki düzgün dəstək idmançının potensialını daha da artırmağa kömək edir”.

Qeyd edək ki, döyüş Fransanın Montpeliye şəhərində baş tutacaq. Qarşılaşma Bakı vaxtilə 21:30-da başlayacaq.